Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları Qazax rayon Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında “Payız aylarında təhlükəsizlik qaydaları” adlı növbəti maarifləndirici tədbir keçirib.
Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsi FHN Gəncə Regional Mərkəzinin xidməti ərazisində yaşayan əhalinin təbii və texnogen mənşəli fövqəladə hadisələr barədə xəbərdar edilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində aparılan işlərin gücləndirilməsi, həmçinin, payız mövsümü ilə əlaqədar baş verə biləcək sel və daşqınlar, su hövzələrində təhlükəsizlik qaydaları, torpaq sürüşməsi, zəlzələ kimi bədbəxt hadisələrin profilaktikası məqsədini daşıyıb.
Çıxışlarda bildirilib ki, sel və daşqınların baş verdiyi bölgələrdə yaşayan insanlar hər zaman yaşadığı ərazinin xüsusiyyətindən asılı olaraq sel, daşqın ehtimalına öncədən hazırlıqlı olmalıdır. Onlar bilməlidirlər ki, selin ən çox rast gəlinən səbəblərinə davamlı leysan yağışlarını, drenaj kanallarının tıxanmasını aid etmək olar. Dağlıq bölgələrdə isə sellərin əsas səbəbi qar əriməsi və ya yağışla birləşən qar sularıdır.
Sonra “Daşqın təhlükəsi” adlı video-çarx və Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
İlhamə