6 Yanvar 2020 15:27
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində azərbaycanlı alim, ictimai xadim və publisist Vidadi Salahovun xatirəsi əbədiləşdirilərək onun adına fond təsis edilib.

Teleqraf.com Kult.az-a istinadən xəbər verir ki, Vidadi Salahovun xanımı Marina Salahovanın təşəbbüsü və Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə yaradılan “Ata Yurt – Vidadi” fondun əsas məqsədi Qazaxıstanda elmi, mədəni prosesləri dəstəkləmək, humanizm və tolerantlığı, intellektual inkişafı təşviq etmək, ölkənin tanınmış ictimai və dövlət xadimlərinin ideyalarının təbliğinə yardımçı olmaq, bu istiqamətdə fəaliyyət göstərən qurumların fəaliyyətini dəstəkləmək, gəncləri təhsilə və elmi tədqiqatlara həvəsləndirməkdən ibarətdir.

“Ata Yurt – Vidadi” fondunun təqdimat mərasimində çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, Vidadi Salahovun fəaliyyəti, qardaş Qazaxıstanın elmi-mədəni həyatında iştirakı burada yaşayan soydaşlarımız üçün örnək təşkil edir. O, Qazaxıstanda ictimai harmoniyanın möhkəmlənməsinə, soydaşlarımızın təşkilatlanmasına, Azərbaycan-Qazaxıstan münasibətlərinin təbliğinə böyük töhfələr verib. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Qazaxıstan Prezident Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası (QXA) katibliyinin müdiri, assambleyanın sədr müavini Canseyit Tümebayev bildirib ki, qazax və azərbaycanlıları tarixi etnik və mədəni bağlar birləşdirir. Qazaxıstanda yaşayan azərbaycanlılar ölkənin siyasi, mədəni və sosial həyatında aktiv iştirak edirlər.

C.Tümebayev qeyd edib ki, V.Salahov Nur-Sultan şəhərində çap olunan “Turan Ekspress” qəzetinin təsisçisi və redaktoru kimi ölkənin ictimai həyatında və azərbaycanlıların təşkilatlanmasında kifayət qədər aktiv olub. O, "Ata Yurt - Vidadi" Fondunun təsisçisi M.Salahovaya Qazaxıstan Xalqı Assambleyası adından təşəkkürnamə təqdim edib.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev bildirib ki, komitə V.Salahovla bağlı bioqrafik xarakterli kitabın hazırlanması və çapına dəstək göstərəcək. O, komitənin sədri Fuad Muradovun adından Fondun təsisçisi M.Salahovaya təşəkkür məktubu təqdim edib.

“Ata Yurt – Vidadi” Fondunun təsisçisi Marina Salahova yeni yaradılan təşkilatın məqsəd və vəzifələri barədə geniş məlumat verib və dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkür edib.

Sonra Vidadi Salahovun fəaliyyətinə işıq salan qısa videomaterial təqdim olunub, şeirlərindən parçalar səsləndirilib.

Qeyd edək ki, ötən il Nur-Sultan şəhərində dünyasının dəyişən tarix elmləri doktoru, professor Vidadi Salahov uzun illər Qazaxıstanda yaşayıb, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri kimi Azərbaycan diasporuna başçılıq edib. Qazaxıstan Dövlət Tarixi İnstitutunun akademiki kimi ölkənin elmi-mədəni və ictimai həyatında aktiv iştirak edib. Nur-Sultanda çap olunan “Turan-exspress” qəzetinin təsisçisi və baş redaktoru, Qazaxıstan Redaktorlar Klubunun üzvü olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər