17 Yanvar 2020 10:03
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Şəkidə 8 il əvvəl vəfat etmiş şəxsin adına 516 manat su borcu yazılıb. Ailə üzvlərinin sözlərinə görə, evin sahibi həyatını itirdikdən sonra Bakıya yığışıblar. Evə qayıtdıqda isə göndərilən borc qəbzi ilə qarşılaşıblar.

Hüquq müdafiəçisi İradə Cavadova Teleqraf.com-a açıqlamasında bildirib ki, evin hazırkı sakinləri məsələni aktlaşdırmalıdırlar: “ Ola bilər, sudan qonşu istifadə etsin. Evdə yaşayan olmayıbsa, kommunal borc ola bilməz. Çox təəssüf ki, belə hallar tez-tez baş verir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, məsələdə dövlət strukturunun da məsuliyyəti var: “Qanun pozuntusuna yol verilib. Ev sahibinin vəfat etməsindən xəbərləri olmadığını deyə bilərlər. Sayğac qoyulubsa, orada borc göstərilməlidir. Fikrimcə, bu borc aylıq adambaşına hesablanaraq yazılıb. Əslində sayğacın olması məhz belə məqamlarda üstünlükdür. Sayğac yoxdursa, ölüm kağızını təqdim etməklə, ərizə ilə müracət edərək problemi həll edə bilərlər”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, bu kimi hallarda ölüm haqqında qeydiyyat aparılan idarəyə məlumat vermək lazımdır: “Bu işlə vərəsələr məşğul olmalıdır. Vərəsələr miras qalan əmlakı qəbul etməlidirlər, daha sonra məhrumla bağlı bütün məsələləri öz adlarına rəsmiləşdirməlidirlər. Kim əsas vərəsə olubsa, mülkiyyət kimin adına keçibsə, o bu problemləri öz üzərinə götürməlidir. Vərəsə yoxdursa, məsələ açıq qalır. Əmlak bələdiyyə, yaxud dövlət hesabına keçirilir və borc ləğv edilir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər