Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.
Teleqraf.com xəbər verir ki, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində bu gün "Mirzəyev və partnyorları" Vəkil Bürosu tərəfindən Ağsu və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.
Büronun kollektivi əvvəlcə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Sonra vəkil bürosu tərəfindən "Uşaq Gənclər İnkişaf Mərkəzi"ndə 60-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri ilə tanış olunub, müvafiq məsləhətlər verilib, bəzi problemlər yerində həll olunub.
Qaldırılan məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.
Göstərilən yardımdan məmnun qalan vətəndaşlar yaradılan şəraitə görə ölkə başçısına, Vəkillər Kollegiyasının rəhbərliyinə, "Mirzəyev və partnyorları" Vəkil Bürosuna minnətdarlıqlarını ifadə ediblər.