7 Fevral 2020 12:15
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təklif edirəm ki, indeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunsun”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Ekspert sosial müavinətlər və təqaüdlərin indeksləşdirilməsi üçün potensialın olduğunu bildirib:

““Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına görə, bu il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq 16,6 faiz, fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin ötənilki səviyyəsinə müvafiq surətdə 2,6 faiz artımla indeksləşdirilib. Beləliklə, hazırda pensiya alanların böyük əskəriyyətinin pensiya məbləği 16,6 faiz artacaq, belə ki, bundan sonra 200 manat pensiya alanlar 233,2 manat, 250 manat pensiya alanlar 291,5 manat, 300 manat pensiya alanlar 349,8 manat, 350 manat pensiya alanlar 408,1 manat, 400 manat pensiya alanlar isə 466,4 manat alacaqlar.

Bununla yanaşı, pensiya almayan, lakin fərdi hesabında sığorta ödənişləri hesabına yığım edənlərin toplanmış pensiya kapitalı da 2,6 faiz artıma məruz qalacaq. Bununla əlaqədar olaraq təklif edirəm ki, indeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunsun”.

Qubad İbadoğlu hesab edir ki, bunu həyata keçirmək üçün büdcədən kənar maliyyə mənbəyi də mövcuddur:

“Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin son açıqlamasına görə, ötən il qeyri-rəsmi məşğulluğun leqallaşması sayəsində iqtisadiyyat üzrə əməkhaqqı fondunda 42 faiz və ya 3 mlrd. manat artım olub. Bu artımdan ən çox pay götürən Sosial Müdafiə Fondu olduğundan sosial müavinətlərin və təqaüdlərin də orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər