20 Fevral 2020 17:31
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdxal olunan bioloji fəallığa malik qida əlavələri üzərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra məhsulların tərkib analizləri həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, sınaq nəticələrinə əsasən bu məhsulların tərkib göstəricilərinin etiket məlumatlarına uyğun olmadığı aşkar edilib. Belə ki, Rusiya Federasiyasından idxal olunmuş “Siberian Super Natural Sport” Mega Essentials / “Siberian Super Natural Sport” Meqavitaminlərdə, “Vertex plus”, “Supradin Coenzim Q10, Türkiyə Cümhuriyyətindən idxal olunmuş “Mikroflorid” və “Gamino Forte”, “El Prodep”, “Chonzamin” və “Parametabol, şərbət”, “Optimin”, “Lipadrom” adlı bioloji fəallığa malik qida əlavələrində müxtəlif mineral maddələrin və vitaminlərin miqdarı qablaşdırma üzərində və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyində göstərilən miqdarlardan dəfələrlə aşağı olduğu aşkarlanıb. Bununla da istehlakçıların aldadılması hallarının baş verməsinin qarşısının alınması məqsədilə həmin qida əlavələrinin satış şəbəkələrinə daxil olunmasının qarşısı alınıb və ölkə ərazisində istifadəsi qadağan edilib.

Hazırda aşkar olunmuş faktlar əsasında Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalar aparılır.

Qida Təhlükəsizliyi Agentliyi bir daha vətəndaşlardan satış şəbəkələrində sözügedən əmtəə nişanlı bioloji fəallığa malik qida əlavələrinin satışı ilə rastlaşsalar və ya bununla bağlı hər hansı şübhəli məqam müşahidə etsələr, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər