22 Fevral 2020 14:06
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünün fb səhifəsində guya ki, seçkilərdə müəyyən etdiyi saxtakarlıqların əks olunduğu materialları yerləşdirən keçmiş namizəd, nədənsə həmin materiallara yazılan şərhləri senzuraya məruz qoyur

9 fevral Parlament seçkilərində 117 saylı Oğuz-Qəbələ Seçki dairəsindən deputatlığa namizəd kimi iştirak etmiş və məğlub olmuş jurnalist Ləman Ələşrəfqızı ən azından gündəmdə qala bilmək üçün öz “mübarizəsini” sosial şəbəkələrdə davam etdirir. Əlbəttə, şəxsi FB səhifəsində “qalib” olmaq, “haqqı tapdanmış” namizəd görüntüsü yaratmaq daha asandır. Bunun üçün sadəcə yerləşdirdiyin materiallara yazılan şərhləri öz xeyrinə saf-çürük edib karına gələnləri saxlamaq, sənə etiraz edənləri isə gizlətmək kifayətdir...

Lakin göründüyü kimi, bu fənd də hər zaman işə yaramır. Məsələ bundadır ki, həqiqətən də öz istədikləri namizədə səs vermiş və Milli Məclisdə təmsil olunmaq üçün ən layiqli bildikləri insanı seçmiş Oğuz sakinləri Ləman Ələşrəfqızının bu özbaşınalıqlarını dinməz seyr etmək niyyətində deyillər. Uğursuz namizədin fb səhifəsində dərc olunan materiallara verdikləri şərhlərin gizlədildiyini görən seçicilər bu məsələni ictimailəşdirərək kütləvi informasiya vasitələrinə müraciətlər ünvanlayırlar. O cümlədən, namizədlərin təşviqat kampaniyası dövründə 117 saylı Oğuz-Qəbələ Seçki dairəsində gedən prosesləri yaxından izləyən, həmçinin deputatlığa namizəd Aqiyə xanım Naxçıvanlının təbliğat kampaniyasında iştirak edən mətbu orqanı olaraq, bu gün bizim saytın da elektron ünvanına Oğuzdan kifayət qədər müraciətlər daxil olur. Həmin müraciətlərdə vətəndaşlar bildirirlər ki, onların Ləman Ələşrəfqızının fb səhifəsinə yazdıqları şərhlər gizlədilir. Hansı ki, bu şərhlərdə seçicilər uğursuz namizədin əsassız iddialarına kəskin etirazlarını bildirir və bir daha Aqiyə xanım Naxçıvanlını dəstəklədiklərini qeyd edirlər. Bizə olunan bu müraciətlərdən bəzilərini təqdim edirik.

Rövşən Salehov, Oğuz sakini: “Ləman Ələşrəfqızı nəinki bir deputatlığa namizəd kimi, hətta bir jurnalist kimi də qaydalara riayət etmək istəmir. Əgər sosial şəbəkədə bir fikir bildirmisənsə, imkan ver onu hamılıqla müzakirə edək. Amma bu xanım özünə sərf etməyən şərhləri gizlədir. Niyə? Çünki haqsız olduğunu özü də bilir...”.

Mehman Ramazanov, Oğuz sakini: “Heç jurnalistə yaraşan hərəkət deyil. Beş-on nəfər leyhinə səs verən var idisə, Ləman xanım bu “facebook” oyunu ilə onları da məyus etdi. Şərhləri gizlətmək nə deməkdir? Qoy hər kəs öz fikrini açıq söyləsin...”

Aqil Səmədzadə, Oğuz sakini: “Bunlara başa salan yoxdur ki, insanlarımızda meydan əhval-ruhiyyəsi artıq çoxdan keçmişdə qalıb. İndi yalandan hay-küy salmaqla, hansısa vədlər verməklə xalqı aldatmaq mümkün deyil. İnsanlara sabitlik, əminlik gərəkdir. Aqiyə xanım artıq neçə ildir ki, bizi parlamentdə təmsil edir və biz onun işindən çox razıyıq. Həmişə rayonun da, sakinlərin də problemlərini öyrənir, həllində əlindən gələn köməyi edir. Biz nəyə görə indi onu tanımadığımız, bilmədiyimiz birinə dəyişməliyik ki?..”

Dediyimiz kimi, son günlər redaksiyamızın ünvanına belə müraciətlərdən çox daxil olmaqdadır. Həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən fərdi müraciətlərlə yanaşı, elektron poçtumuza Oğuz rayonunun ağsaqqalları tərəfindən imzalanmış daha bir müraciət də daxil olmuşdur. Bu müraciətin mətni kifayət qədər böyük olduğundan oradan yalnız bir neçə cümləni sizə təqdim edirik. Beləliklə, rayon ağsaqqallarından Cuma Cumayev, Sabəddin Məmmədli və bir çox başqaları tərəfindən imzalanmış müraciətdə deyilir: “Son illər dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar, əhalinin aztəminatlı qruplarına qayğı göstərilməsi, maaş və pensiyaların nəzərəçarpacaq dərəcədə artması, böyük infrastruktur layihələrin icrasına başlanılması, xalqla dövlət arasında təmasın daha intesiv şəkil alması antiazərbaycan dairələrin, antimilli fəaliyyət sərgiləyən şəxslərin planlarını puç etmişdir. Bütün parametrlərdə tükənmiş və niyyətləri daşa dəyən bu qüvvələrin ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərindən sui-istifadə edərək, normal siyasi mübarizə apara bilməyən, “sapı özümüzdən” olan ayrı-ayrı namizədlərin əli ilə təxribata, iğtişaşlara bel bağlaması acı təəssüf hissi doğurur. Xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini xarici qərəzli dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran belə üzdəniraq namizədlərdən biri də 117 saylı Oğuz-Qəbələ seski dairəsindən namizədliyini ürəli sürmüş, jurnalist Ləman Ələşrəfqızıdır...

...Ləman xanım ATƏT-in nümayəndəsi ilə gizli danışıqlar apararaq onun 13 saylı Dəymədağlı kənd seçki məntəqəsində iştirakına nail olsa da, hər ikisinin gözləri önündə aparılmış səsvermənin nəticələrinə əsasən Ləman Ələşrəfqızının ciddi fərqlə rəqibinə məğlub olduğu məlum oldu...

...Həmçinin oz şəxsi facebook səhifəsində özü və dostları tərəfindən təhqirlərə, söyüşlərə, dövlət əlehinə çağırışlara, itaətsizliyə geniş yol verilir.”

Digər tərəfdən də Ləman Ələşrəfqızının fb səhifəsində gözdən qaçırılıb silinməmiş bir-iki şərh də aşkar etdik. Onlar da kifayət qədər maraq doğurur.

“Ucool HC” adlı istifadəçi yazır:
“Bu sizin parlaq, edaletli, ve taninmiş jurnalistiniz bu gune kimi harda idi? Yoxsa bu gune kimi Azerbaycanda her şey yaxşi idi,bir tek seckiler zamani qanunsuzluq oldu? Bunlarin sesleri ancaq oz qapilari doyulende cixir..xalq,millet yada duşur...”

Bu isə “Kamal Damirli” adlı istifadəçinin şərhidir:
“,,,,,,niye ozunuzu bu qeder agilli ,xalqi,camaati bu qeder avam ,sadelov bilirsiniz?”

Sonda isə müşahidə etdiyimiz daha iki məqama diqqəti cəlb etmək istəyirik. Bunlardan biri yenə də şərhlərlə bağlıdır. Məsələ bundadır ki, bir neçə gün bundan əvvəl dərc etdiyimiz materialda biz Ləman Ələşrəfqızının seçkisonrası fəaliyyətini təhlil edərək, bu xanımın dissident obrazına girməyə meyilli olduğunu qeyd etmişdik. Bu gün fb səhifəsində yazılan şərhlər arasında etdiyi seçmələr də Ləman xanımın məhz bu məqsədi güddüyünə dair ehtimalımızı bir daha gücləndirir.

Diqqət çəkmək istədiyimiz ikinci məqam isə Ləman Ələşrəfqızının yüksək titullara meyilli olmağı ilə bağlıdır. Belə ki, dövlət başçısına ünvanladığı məktubunda keçmiş namizəd özünü belə təqdim edir: “...cəmiyyət məni sadəcə Ləman Ələşrəfqızı kimi tanıyır. Əməkdar jurnalist, uzun illər mətbuatda və televiziyada çalışmış bir peşəkar müxbir kimi.” Olsun, Ləman xanım, olsun. Amma siz də unutmayın ki, bu gün seçicilərinin məhz ona göstərdikləri yüksək etimadını şübhə altına almağa çalışdığınız Aqiyə xanım Naxçıvanlını da cəmiyyət sadəcə Azərbaycan Respublikasının “Şöhrət Ordeni”, Birləşmiş Millətlər Şurasının “Avropa şərəfi” ordeni ilə təltif olunmuş Əməkdar müəllim, Siyasi elmlər doktoru, professor, Beynəlxalq Kadr Akademiyasının fəxri akademiki kimi, nəsil şəcərəsində Kəlbalı xan Naxçıvanski, Ehsan xan Naxçıvanski, İsmayıl xan Naxçıvanski, Hüseyn xan Naxçıvanski, Cəmşid Naxçıvanski kimi generalların yer aldığı bir şəxs kimi, Xurşudbanu Natəvanın kötücəsi və sonuncu xan Əkbər xan Naxçıvanskinin nəvəsi kimi tanıyır.

Ən azından fərqi hiss edirsinizmi?


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər