9 Mart 2020 17:00
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 8-də Bakıda qadın hüquqları ilə bağlı aksiya keçirilib. Daxili İşlər Nazirliyinin bununla bağlı yaydığı açıqlamada qeyd olunur ki, özlərini feminist adlandıran bir qrup qadının şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi.

Teleqraf.com mövzu ilə bağlı yazarların mövqeyini öyrənib.

Yazıçı Şərif Ağayar deyib:

“Konkret aksiya haqqında bir söz deyə bilmirəm, çünki şəhərdən kənarda olduğum üçün yaxından izləyə bilməmişəm. Ümumi deyim ki, qadın-kişi bərabərliyi Azərbaycan Konstitusiyasında təsbit olunan bir məsələdir. Bizdə de-yure belə bir problem yoxdur, ancaq de-fakto cəmiyyətimizdə bu məsələylə bağlı çoxlu problemlər var. Çoxu da dinimizdən, milli mentalitetimizdən qaynaqlanır. Mənə elə gəlir, bu sahədəki çatışmazlıqlar zamanla tənzimlənməlidir. Çünki qadın və onun azadlığı mövzusu çox həssas mövzudur. Şərq ölkələrinin, müsəlman ölkələrinin hamısında bu problem var. Biz dünyəvi dövlət olsaq da, adət-ənənələrlə daha çox yaşayırıq. Adət-ənənələrimizin əksəri isə birmənalı şəkildə seksistdir. Kişimərkəzçidir. Hətta nağıllarımız da, atalar sözlərimiz də, şeirlərimiz də bu natarazlıqla doludur. Nə qədər ki, qadına sivil vətəndaş kimi yox, ailənin, tayfanın namus-qeyrət simvolu kimi baxacaqlar, bu, belə də olacaq.”

Şərif Ağayar, həmçinin, bildirib ki, aksiyada səslənən bir sıra şüarlarda, qaldırılan plakatlarda məsələnin həllinin çox aqressiv formada qoyulduğunu müşahidə edib:

“Məncə, məsələni bilərəkdən, ya bilməyərəkdən belə aqressiv qoymaq qadın haqları üçün səmimi nələrsə etməyə çalışanların işinə də kölgə salır. Emosiyadan çox ağıl və intellektə söykənən soyuqqanlılıq daha çox fayda verər deyə düşünürəm”.

Şair Aqşin Yenisey bildirib ki, dünyanın heç harasında insan azad deyil, istər kişi olsun, istər qadın. Onun fikrincə, bizə azad görünən şəxslər, cəmiyyətlər, sadəcə, savadlı şəxslər, elmə söykənən cəmiyyətlərdir:

“Azadlıq bioloji istək olaraq çoxdan unudulub. 3-4 ildir yüngülvari modernizmə uğramış tipik müsəlman ölkəsi Türkiyədəyəm. Burada gənc qızlar, kişilər gələcəyin azad fərdi olmaq üçün gecə-gündüz oxuyurlar, həm də gic-gic şeir kitabları yox, ixtisas, fənn kitabları. Özlərini cəmiyyətin sosial ehtiyaclarına çevirə bildikdə azad olacaqlarından əmindirlər. Ona görə də burada həftə səkkiz, mən doqquz polisin yaxaladığı fahişələrin hamısı təhsilsiz, savadsız cəmiyyətlərdən gələn “azad qadınlar” olur. Azadlıq deyib millətin oğlanlarını sosial şəbəkə tüfeyliliyinə, qız-gəlinini də küçə fahişəliyinə sürükləməsək, daha yaxşı olar. Təyyarələrdə xəstə ata-ana, arvad-uşaq daşıyan cəmiyyətə azad avaralar yox, məsuliyyətli, savadlı məmurlar, həkimlər, müəllimlər lazımdır”.

Aqşin Yenisey hesab edir ki, millətə təlim yolu ilə öyrədilən bütün azadlıqlar onun gələcəyi üçün qurulmuş tələdir:

“Kommunizm alman rahib Adam Vayşauptun manifestində necə də alicənab, kubar bir ideologiya idi. Gəldi düşdü rus qara camaatının əlinə, oldu Stalin sallaqxanası. Eləcə də digər humanist ideologiya və doktrinalar... İkinci Dünya müharibəsindən sonra Qərb mədəniyyəti maskulin kişi tipini əritmək üçün homoseksualizmi yaradıcı bir kult kimi təbliğ etdi. Marsel Prustun əsərlərində homoseksualizm necə kübar və yaradıcı idi. Gəldi düşdü rayon əhlinin əlinə, oldu özünü qadın etdirmiş “lezva Şəmsəddin”.

Feminizm Roza Lüksemburqda, Emili Devisonda necə fəlsəfi, ictimai və poetik idi. Gəldi düşdü Fatmanisənin əlinə, oldu “yeri get, ala, nə gündəsən””.

Aqşin Yenisey qeyd edib ki, növbə demokratiyanındır:

“Yəqin ki, demokrat Allahverdi də demokratiyanı Bakı küçələrində ələm gəzdirmək kimi anlayacaq”.

Şair, həmçinin, feminizmin banisinin Karl Marks olmasına diqqət çəkib:

“Vur-tut bir ideologiyaları var, onu da kişi yaradıb”.

Yazıçı Tural Cəfərov (Qan Turalı) isə deyib:

“Sonda deyəcəyimi başa deyim: Aksiyanı dəstəkləyirəm.

Bəli, ola bilsin ki, daha sərt olub, ola bilsin ki, daha radikal, daha açıq-saçıq olub, mümkündür. Lakin bu həqiqətin varlığını dəyişdirmir. Bu artıq üslub məsələsidir. Həlledici deyil. Mahiyyəti qoyub təzahürlə uğraşmayaq.

Hakimiyyət feministləri radikallaşdırmamalıdır. Əksinə, onlara aksiya üçün münasib yer də verməlidir. İctimai debatlar təşkil olunmalıdır.

Və bir şeyi nəzərə alaq. Hakimiyyət də buna diqqət etməlidir, müxalifət də. Yeri gəlmişkən, Qarabağ məsələsində belə razılığa gəlməyən müxalifət və iqtidar feministlərlə mübarizədə birgə oldu. Ən vacibi isə budur ki, bu cür aksiyalar adətən inkişaf etmiş ölkələrdə olur, nəinki ərəb ölkələrində. Bu aksiya yüksək inkişafa can atan cəmiyyətlərdə rast gəlinən aksiyadır. Bu aksiyalar cəmiyyətin azad ruha malik olduğunu göstərir. Onu boğmaq, məhdudlaşdırmaq olmaz. Elə qonşu Türkiyəyə baxaq. Görün, orda qadın hüquqları uğrunda mübarizə necə geniş vüsət alır. Eləcə də Avropa və ABŞ. Zamanın ruhu ilə mübarizə aparmaq yersizdir. Buna görə də icazəli aksiyalar və ictimai debatlara şərait yaradılmalıdır. Çarə budur. XXI əsr qadınların əsri olacaqdır. Bütün elmi nəticələr bunu göstərir. Və qətiyyən istəməzdim ki, Azərbaycan bu tendensiyada tarixin səhv tərəfində dayansın”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər