"Bəzi statuslarım başa düşülmədi. Uzun yazanda insanların oxumağa səbri çatmır, qısa yazanda isə başa düşmürlər. Statusumda yazmışdım ki, savadsız olsalar da, cəsarətləri var. Əllərindəki şüarda hərf səhvi ola bilər, fikirlərini düzgün çatdırmaya bilərlər, ola bilsin ki, tam hazır ola bilməyiblər. Yanlış anlaşılıblar, tələsiblər, vaxtsız ediblər. İndiki vaxtda bütün dünya koronavirusla mübarizə aparır: məktəblər, konsert zalları bağlanıb. Bu, balaca problem deyil. Bütün bunlarla yanaşı, çox dərin bir mövzunu müzakirəyə çıxarmaq, nəsə tələb etmək doğru deyil".
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri 8 mart aksiyasına münasibətdə bildirib.
O, daha sonra sözünə belə davam edib: "13-15 yaşlı qızları ərə verirlər, hansı ki, uşaqlıqları olmur. 15 yaşında uşaq məktəb oxumalıdır. Amma bu ailənin imkanı yoxdur ki, övladına çörək versin.
Yazmışdım ki, dünyaya uşaq gətirməzdən əvvəl düşünün. Problem bu qədər dərindir. Yoxsul insan bir qarın çörəyə görə, övladı ona yük olmasın deyə onu ərə verir. Elə ailənin 4-5 uşaq dünyaya gətirməsi nə dərəcədə doğrudur? Bununla necə mübarizə aparmaq olar? Bütün ölkələrdə belə hallar var. Kasıbların olmaması mümkünsüzdür. Uşaqlarına yük kimi baxanlar niyə dünyaya övlad gətirir?
Bunlar şüarla, iki kəlimə ilə həll olunacaq məsələ deyil. Belə olan halda ilk növbədə maarifləndirməkdən, savad verməkdən başlamaq lazımdır.
Cahil və savadsız insan düşünmədən hərəkət edir. Özünün savadı yoxdur, dünyaya gətirdiklərinin də savadı olmayacaq. Qızını 13 yaşında ərə verəcək, oğlunu da elə böyüdəcək ki, o, səhəri gün arvadını döyəcək, hörmətsizlik edəcək.
Savadı olan bir insan başqa cür hərəkət edir. Burada uzunmüddətli işlər görülməlidir. Efirlər, saytlar, jurnalistlər, insanları doğru yola sürükləyən işlər görməlidir.
İndi efirdə nə görürük? Sosial proqramlarda biri qoşulur başqasının ərinə qaçır. Bunlar təbliğ olunmamalıdır. Belə hadisələrin varlığından xəbərdar olmasaq, insanların ağlına gəlməyəcək bəlkə də. Burada mütləq böyüyə-kiçiyə hörmət, mədəniyyət təbliğ olunmalıdır. Necə ki, bu yaxınlarda Prezidentimiz bu hörmətin necə olduğunu bir daha yadımıza saldı.
İndi oğlanlar atasının-anasının yanında rahat siqaret çəkir. Əvvəl bunu etmirdilər, valideynə hörmət var idi".
Nura Suri hesab edir ki, mövzu qadın-kişi mövzusu yox, insan mövzusu olmalıdır: "Hər bir insan şəxsiyyət kimi formalaşmalıdır, qarşısındakını da belə qəbul etməlidir. İnsanlar bir-birinə hörmət qoymalıdır. Bu, mədəniyyət, savad deməkdir. Bunu anlamaq lazımdır".