Türkiyədən yola salınan 250-yə yaxın sərnişinin hamısı artıq Bakıya çatıb.
Bu barədə Teleqraf.com-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, sonuncu iki avtobus bu gün səhər saatlarında paytaxta çatıb:
“İstanbul-Bakı müntəzəm reysi üzrə hərəkətdə olan sərnişinlərimizin hər biri artıq ölkədədir. İlk iki avtubus ötən gün Bakıya çatıb, gecə saat 02:30-da isə sonuncu sərnişinlərimiz "Qırmızı körpü" sərhəd keçid məntəqəsindən ölkəyə daxil oldular. Sonuncu sərnişinlər də paytaxta çatıblar. Bakıya bir qədər gec çatmalarına səbəb isə həmin şəxslərin hər birinin tibbi müayinədən keçməsi olub. Sərnişinlərin verdiyi məlumata görə, onların heç birində virus aşkarlanmayıb və karantinə alınmayıblar”.
Xatırladaq ki, martın 14-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.
Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.
Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda "qaynar xətt" yaradılıb.
"Qaynar xətt"in nömrəsi: +90537 282 67 40