9 Aprel 2020 16:41
2 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyasının tənəffüs yolları ilə yoluxduğu sübut olunub. Lakin araşdırmalar göstərir ki, infeksiya göz vasitəsilə də yoluxa bilər. Bəs nə edək? Gözlərimizi necə qoruyaq?

Mövzu ilə bağlı Oftalmoloq Türkan Əfəndiyeva Teleqraf.com-un suallarını cavablandırıb.

- Həkim, gözlərimizi koronavirusdan necə qoruyaq? Göz infeksiyaya necə yoluxur?

- Ən əsası xəstə insanlar olan, kütlənin çox toplaşdığı yerlərdən uzaq olmaq lazımdır. Göz həssas orqandır, yuxarı tənəffüs yolları, burun-boğaz boşluğu kimi gözün də xüsusi örtüyü olur. Gözün selikli qişası birbaşa xariclə təmasda olduğu üçün yoluxması an məsələsidir.

Əgər əllə viruslu səthə toxunulubsa, əl gözə aparıldıqda həmin an infeksiyaya yoluxma baş verir. Göz qızarır, batma hisləri olur, göz qapaqları şişir. Gözün selikli qişası səpgilərlə dolur. Virus gözə düşdükdə çoxalmağa başlayır və orqanizmə yayılır.

- Təzyiq, yaxud başqa problemlərlə bağlı da gözdə qızartılar baş verir. Bunu koronavirus simptomundan necə ayırd etməliyik?

- Bunu yalnız həkim müayinəsi ilə ayırd etmək mümkündür. Əgər təzyiqlə əlaqəlidirsə, xəstənin gözündə təzyiqin yüksəlmə əlamətləri, gözün arxasında təzyiqə bağlı dəyişikliklər baş verir. Lakin koronavirusda konjonktivit kimi, tozdan, küləkdən gözdə qızartı əmələ gəlir, axıntı olur. Sualnma baş verir, kirpiklər bir-birinə yapışır. Buna görə kənardan baxmaqla diaqnoz qoymaq mümkün deyil.

- Gözlərimizi qorumaq üçün göz damcılarından sitifadə etmək olarmı?

- Bu infeksiyadan gözümüzü qorumaq üçün sırf effektiv dərman yoxdur. Virusa yoluxulduğu halda belə heç nə kömək etməyəcək. Əsas əlimizi gözə aparmamlıyıq. Gözü qaşımaq, ovmaq olmaz. Lakin hansısa damcı üsulu ilə dərman vasitəsinin effekti olmayacaq. Başqa virus infeksiyalarında da gözdə konjonktivit yaranır.

- Bəzi insanlar gün eynəkləri vasitəsilə gözləri infeksiyadan qoruya biləcəklərini düşünürlər. Bu doğrudurmu?

- Yalnız xüsusi eynəklər qoruya bilər, onlar isə tibb işçiləri üçün nəzərdə tutulub. Bu eynəklərin də qoruyuculuğu 91 faiz hallarda effektlidir.

Gün eynəkləri infeksiyadan qorumasa da, mütəmadi olaraq əli gözə aparmanın qarşısını alır. Burada əsas məsələ əli gözə toxundurmamaqdır. Təkcə gözü qorumaqla infeksiyadan qorunmaq mümkün deyil. Dünya təcrübəsində də sübut olunub ki, xəsətələrin yalnız 0.8 faizində gözdə yoluxma əlamətləri olur.

- Gözlərin mütəmadi yuyulmasının faydası varmı?

- Əgər çöldən evə daxil olursunuzsa, mütləq şəkildə ilk olaraq əlləri təmiz yuyub, daha sonra üzü sabunla yumaq lazımdır. Göz üçün xüsusi şampunların tərkibində çay ağacı ekstraktı var. Nəzərə alaq ki, kirpiklər gözə düşən infeksiyanın qarşısını alır. Bu şampunlar həm profilaktik cəhətdən yaxşıdır, həm də kirpik dibini dəmiz saxlayır.

- Uşaqlarda göz infeksiyalarının yaranmaması üçün nə profilaktik tədbirlər tövsiyə edirsiniz?

- Uşaqların immunitetinin güclü olması çox vacibdir. Hazırda elə bir dövr keçiririk ki, hər şeyin başında gigiyena qaydalarına əməl etmək durur.

Əgər valideynlər gigiyena qaydalarına riayət edirlərsə və uşaq sağlamdırsa, infeksiyaya yoluxma halı olmayacaq. Evdə ortaq dəsmalların istifadə olunması məsləhət görülmür.

Salfetlərdən istifadə olunması tövsiyə olunur. Hazırda riskli dövrdür, allergiyası olan uşaqlarda gözlər qaşınmağa meyillidir. Onlar həkim məsləhəti ilə göz damcılarından istifadə edə bilərlər.


Müəllif: Aysel Azad