Şəkilləri bu sabah Feysbukda gördüm. Şərhləri oxudum...
Dünyanın harasında olursa-olsun, uşaqların ac olduğunu eşitmək adamı çox sarsıdır. Üzülürsən.
Dörd körpə uşaq...
Fotodan görünür ki, təxminən 1 yaş fərqlə doğulublar.
Ata görünmür...
Tək və çarəsiz ana...
Uçuq-sökük daxma...
Ürək ağrıdan səhnədir. İlk ağıla gələn təbii ki, yardım etməkdir. Bu körpələri ac qoymaq olmaz. Amma bu uçuq-sökük daxmada yaşayan qadının - gənc ananın bank kartı varmı? Karantin səbəbindən biz bu ailəyə yalnız köçürmə yolu ilə kömək edə bilərik. Ancaq onun bank hesabının olması inandırıcı deyil.
Təəssüf ki, bütün ehtiyacı olanlara kömək etmək heç də həmişə mümkün olmur. Bəzən imkanlar yetərli olmur, bəzən əl çatmır...
Ancaq düşünürəm ki, media olaraq biz bu dəstəyi verə bilərik. Ən azı Quba Rayon İcra Hakimiyyətinin diqqətini bu ailənin problemlərinə yönəldə bilərik. Öncə körpələri ərzaqla, sonra ananı işlə təmin edə bilərlər.
Hazırda saytlarımızın əməkdaşları bu işlə məşğuldur. Qubada yaşayan imkanlı insanlar, QHT-lər, bu rayondan seçilən deputatlar da bu məsələyə laqeydlik göstərməsələr, mümkün dəstəyi versələr, təbii ki, çox yaxşı olar. Amma...
Bu çıxış yoludurmu?
Araşdırsaq, məlum olacaq ki, az qala hər kənddə belə ailələr var. Bu günlərdə Rəsulzadə qəsəbəsində eynilə bu qubalı ailə kimi maddi sıxıntı çəkən 6 uşaqlı bir ailə barədə qızımın müəllimindən eşitdim. Ata atıb gedib, azyaşlı uşaqlarla ana şəraiti sıfırın altında olan bir daxmada oturub yardım gözləyir. Uşaqların geyməyə paltarları, ayaqqabıları yox...
Gücümüz çatanı etdik, təbii ki! Ancaq bu çıxış yoludurmu? Bu cür ailələrin problemlərinin kökündən həlli yolu varmı?
Biz nə edə bilərik ki, ölkədə bircə nəfər də ac uşaq, kasıb ailə olmasın. Bu, mümkündürmü?
İndi yazacaqlarım haqda artıq “etirazları” təsəvvür edirəm, çünki bənzər müzakirələrdə o cür yanaşmaları müşahidə etmişik. Amma düşündüyümüzü deməliyik, çıxış yolu ilə bağlı baxışlarımızı mütləq bölüşməliyik.
Əlbəttə, “Kimdir müqəssir” sualına cavab-filan axtarmırıq – yüzillərdir bu sualın cavabını səhih verən tapılmır.
Məncə, bu barədə tez-tez, nə qədər müqavimət olsa belə, lap tez-tez danışmaq, yazmaq, insanları maarrifləndirmək lazımdır. Heç bir təhsili, peşəsi olmayan 2 gəncin - bəzən nikah yaşına çatmamış - evləndirilməsi bax, bu cür problemlərə yol açır. Təhsil hər kəsin bu həyatda ilk özünütəsdiqidir. İlk növbədə təhsil almaq, oxumaq, öyrənmək, bir peşəyə yiyələnmək gərəkdir.
Sən “ailə həyatı” qurursansa, ilk növbədə öz ayaqların üstündə dayanmağı bacarmalısan: büdcəni də düşünməlisən, neçə övlad böyütmək imkanını da...
Məncə, bu, birbaşa savadsızlıqdan qaynaqlanır.
Təhsil - mütləq elmlə məşğul olmaq və yaxud ali məktəbə girib, diplom almaq deyil. Təhsil dünyagörüşdür, təfəkkür tərzidir, həyatı anlamaqdır...
Əgər sən normal təhsil almamısansa, sənə çörək pulu qazandıracaq bir peşəyə yiyələnməmisənsə, tikintidə fəhləlik edib ailəni dolandıracaq qədər təpərli deyilsənsə, necə “həyat qura” bilərsən? Ailənin məsuliyyətini çəkməyə hazır olmadan bu yükün altına necə girirsən?
Təhsil alması üçün məktəbə getməyə uşağına ayaqqabı ala bilmirsənsə, sən böyük bir günah içində olduğunun fərqindəsənmi?
Əminəm, indi deyənlər tapılacaq ki, torpaqlarımızı o kasıb ailələrdə doğulan uşaqlar qoruyacaq, ordu onlardan formalaşır və s.
Qətiyyən razı deyiləm. Sevgi (Vətəni, xalqını, ailəni, insanları sevmək, humanizm, fədakarlıq) mədəni hadisədir, mədəniyyət məsələsidir, təhsil məsələsidir. Əgər o uşaqlar (nadir hallarda genetik kodlar təbii ki, istisna yarada bilər) orta məktəbə getmirsə, yazıb-oxumaqğı bilmirsə, valideynlərdən sevgi, qayğı, mərhəmət, görmürsə, öyrənmirsə, TV kanallarımızdansa sevməyə yox, söyməyə sövq edilirsə, Vətəni necə sevəcək, qoruyacaq?
Çox ağrılı mövzudur, fərqindəyəm. Buna baxmayaraq, hesab edirəm ki, bunları mütləq deməliyik. Deməkdən çəkinməməliyik. Çünki uşaqları normal təhsil və tərbiyə görməyən toplumun gələcəyi kriminala yönəlir. Bu qorxuludur, təhlükəlidir.
Qoy, çoxuşaqlılığa imkanlı ailələr üstünlük versin. Maddi təminatı normal olan ailələr təhsilli, vətənpərvər, cəmiyyət üçün yararlı uşaqlar böyüdə bilərlər.
Qoy, cəmiyyət üçün də, ordu üçün də bu zəhmətə onlar qatlaşsınlar.
Məsələyə ikinci baxış da var: Qoy, bizim ölkədə də övladlığa götürmə qaydaları sadələdirilsin və imkanlı ailələr kimsəsiz, köməyə ehtiyacı olan körpələri himayəyə götürsün. O uşaqlara normal təhsil və yaşam imkanları yaratsın.
Məsələn, ABŞ-da, Avropa ölkələrində kimsəsiz uşaqları himayəyə götürmək imkanlı ailələr, milyarderlər üçün adi haldır. Bizdə niyə olmasın? Biz niyə təbliğ etməyək bu gözəl nümunələri?
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi bölgələrdə maarifləndirmə tədbirlərini gücləndirsinlər. “Ailə planlaşdırması və reproduktiv saqlamlıq haqqında" qanunumuz var, nə dərəcədə işləkdir? Hər şeyi adət-ənənələrin və milli mentalitetin üzərinə yükləmək çıxış yoludurmu? Rayonlarımızda ailə qurmağa hazırlaşan gənclər ailə planlaşdırılmasının nə demək olduğunu bilirlərmi?
Əminəm ki, aralarında təxminən bir il fərq olmaqla, 4 uşaq doğan qadın bunları bilmir. Nəsil artırmağı bilən o ata(lar) da o uşaqlar qarşısındakı məsuliyyətini dərk etmir. Artıq dünyada reproduktiv sağlamlıqla bağlı hansı tendensiyalar var, onu da bilənlər azdır. Müasir genekologiya neçə uşaq dünyaya gətirəcəyini planlaşdıran qadına - anaya elə o sayda hamilə qalmağı tövsiyə edir. Abortlar arzuolunmazdır və arzuolunmaz hamiləliyin pozulması qadınların orqanizmində mənfi dəyişikliklər yaradır.
Bütün bunları bəlkə də orta məktəb dərsliklərinə salmaq, maarrifləndirmə işlərini çoxaltmaq çox önəmlidir. Doğulub taleyin ümidinə atılmış bütün uşaqların xətrinə...
Bu fotodakı körpələrin xətrinə...