23 Aprel 2020 11:51
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda məlum səbəblərə görə dünya neft bazarında çox böyük gərginlik müşahidə edilir. Tarixdə bu vəziyyətin analogiyası yəqin ki, yoxdur. Bir yandan qiymətlərin kəskin şəkildə enməsi, digər tərəfdən bunun çox qısa müddətdə və sürətlə baş verməsi təəccüb yaradır. Eyni zamanda real vəziyyət öz gərginliyi ilə ona görə seçilir ki, bazarın müasir tənzimləmə imkanları tükənmiş kimi görünür.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, 1990-cı illərin, 2000-ci illərin əvvəllərində neftin dünya bazar qiymətlərinin aşağı olduğu dövrlər idi:

"ABŞ dollarının özünün də alıcılıq qabiliyyəti qeyd etdiyim illərdəki kimi deyil, aşağı enib. İndiki neftin dünya bazarı səviyyəsini həmin dövrlə müqayisə etdikdə hazırda neftin daha ucuz təklif olunduğu qənaətinə gəlmək mümkündür. Bunun da səbəbi aydındır. Koronavirus pandemiyası ilə bağlı dünya iqtisadiyyatında yaranan vəziyyət nəticəsində tələb aşağı düşüb, iqtisadi aktivlik sıfır dərəcəsindədir. Faktiki olaraq bütün istehsal, xidmət sahələri dayanıb. Bu da neftə tələbatı maksimum səviyyədə aşağı endirib.

Digər tərəfdən, tələbin aşağı düşməsinə baxmayaraq, hasilat davam edir. Hətta bir ara hasilatın artırılması uğrunda böyük neft ölkələri arasında qızğın mübarizə müşahidə olunurdu".

Bu vəziyyətin xaosa gətirib çıxarmasını tabii hal sayan Pərviz Heydərov dünya ekspertlərinin də aprel ayı oxşar proqnozlar verdiyini qeyd edib: "Hazırda Azərbayca nefti "Brent"dən də aşağı qiymətə satılır. Halbuki Azərbaycan nefti "Brent"dən daha dəyərlidir, daha çox aviasiya sahəsi, yanacaq məhsullarının istehsalında istifadə olunur. Bu sektorların dayanması isə Azərbacan neftini ucuzlaşdırıb".

Pərviz Heydərovun fikrincə, dünya bazarında mövcud vəziyyətin nə vaxt aradan qalxacağını proqnozlaşdırmaq çox çətindir, bu, həm də koronavirus pandemiyası ilə birbaşa əlaqəlidir: "Ölkələrdə karantin rejimi tətbiq olunub, hər şey dondurulmuş vəziyyətdədir. Bunların nə vaxt aradan götürüləcəyi məlum deyil. Aradan götürülməsə, dünya iqtisadiyyatında canlanma, iqtisadi aktivlik bərpa olunmayacaq, neftə tələbat qalxmayacaq.

Ona görə nə qədər çox acınacaqlı olsa da, mövcud vəziyyətin hələ bir müddət belə davam edəcəyi proqnozlaşdırılır. Bu isə neft satışından asılı olan dövlət gəlirləri üçün yaxın və orta perspektivdə çox böyük çətinliklərin yaranacağını düşünməyə əsas verir.

Hazırda Azərbaycan dövlət büdcəsi birbaşa neftin qiymətindən zərbə və təsir hiss etmir, çünki Dövlət Neft Fondu bu zərbəni qarşılayır və bu ziyan bizim "təhlükəsizlik yastığımıza" dəyir. Amma hazırkı vəziyyət uzun müddət davam edərsə, bu, dövlət büdcəsində də özünü göstərməli olacaq, valyuta bazarımızı çalxalamağa başlayacaq. Ona görə də ümid edək ki, dünya neft bazarında yaranan vəziyyət tezliklə aradan qalxsın".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər