Operativ Qərargahın nəzdində işləyən əməkdaşlarımız xüsusi qruplara ayrılıb.
Teleqraf.com xəbər verir ki, bunu BNA-nın sədri Vüsal Kərimli Operativ Qərargahın brifinqində deyib:
"Hər gün avtobuslar qaraja daxil olanda dezinfeksiya olunur. Qarajı olmayan nəqliyyat vasitələri belə, dezinfeksiya edilir. Taksilərdə gün ərzində iki dəfə dezinfeksiya aparılır.
Avtobusları isə gün ərzində bir neçə dəfə dezinfeksiya etmək sıxlıq və intervalda boşluqlara səbəb olur. Xüsusi örtüklü səthlər üzərində təhlil aparılır, bunların analizləri təsdiq olunduqdan sonra xüsusi səthlər avtobuslarda tətbiq olunacaq".
Vüsal Kərimli əlavə edib ki, kartlaşma prosesi asan məsələ deyil: "Kart sistemi avtobus və metroda tətbiq olunur. Digər avtobuslarda kartlaşma sistemi mart ayının 27-dən nəzərdə tutulmuşdu. Karantin dövrü bitdikdən sonra bu proses yekunlaşacaq".