5 May 2020 13:39
5 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası qarşıdakı bir il ərzində həyatımızın mərkəzində olacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın da bildirdiyi kimi, əgər insanlar tələblərə əməl etməsələr, karantin müddəti uzadılacaq, qaydalar sərtləşdiriləcək.

Nəzərə alsaq ki, hər kəs davamlı olaraq aylıq maaş almır, günəmuzd çalışanlar gəlirlərindən olublar. Bu səbəblə də karantin müdətində yardıma ehtiyac olanların sayı çoxalıb. Təbii ki, belə insanlara yardım edənlər də var. Onlardan bir də müsahibimiz, UNEC Xeyriyyə Fondunun rəhbəri Rüfət Oqtaylı Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Rüfət bəy, pandemiya ilə əlaqədar ailələrə yardım nə vaxtdan başlanıb və təxminən neçə ailəyə yardım edilib?

- Mən şəxsən 5 ildir bu işlə məşğulam. İki ilə yaxındır ki, UNEC Xeyriyyə Fondu fəaliyyət göstərir. Təkcə pandemiya dövründə deyil, ilyarım ərzində demək olar ki, hər gün, hər həftə ehtiyacı olan insanlara köməklik göstərmişik.

Pandemiya ilə bağlı insanlar evlərindən çıxa bilmirdilər, işlər dayanmışdı. Martın 18-dən bəri ailələrə yardım göstərməyə başladıq. Həm də Novruz bayramı ərəfəsi olduğu üçün istədik ki, hər kəsin evində qazan qaynasın. Novruz bayramında 100 ailəyə yardım paketi apardıq, martın sonuna qədər isə bu sayı 150 ailəyə çatdırdıq.

Təbii ki, bunu tək etmədik, bizə dəstək verən insanlar da oldu. Hazırda Ağsu rayonundayam, bir müddət passiv qaldım. Çünki ailəm də xəstəliyin tüğyan etdiyi dövrdə evdən çıxmağıma razı olmadı. Həm də özüm ailəmə infeksiya keçirmək qoruxusu ilə fəaliyyətimi müvəqqəti dayandırdım. Daha sonra evimizin yanında məşğulluq idarəsinə hər gün gələn yüzlərlə ehtiyac sahibilərinin vəziyyətini görüb, dözə bilmədim.

Onsuz da gün ərzində belə insanlara yardım göstərirdim, lakin indi mənə nəsə olmasın deyə evdə boş dayanmağı özümə yaraşdıra bilməzdim. Bu səbəbdən qərara gəldim ki, maska, əlcək və digər qoruyucu vasitələrdən istifadə edərək, yenə bu işi davam etdirə bilərəm.

Həm dostlarımın, həm də Ağsu-İsmayıllı rayonundan seçilmiş millət vəkili Tahir Kərimlinin dəstəyi ilə bu rayonlarda ehtiyaclı insanlara yardımlar etməyə başladım. Bu müddət ərzində kəndbəkənd, qapıları gəzərək, ehtiyac sahibi, ahıl, xəstə insanları axtarıb, təxminən 300-dən artıq insana köməklik etdik.

Digər rayonlardan da müraciətlər gəlirdi. Bütün regionlarda olan ehtiyac sahiblərinə köməklik göstərə bilməsək də, bacardığımız qədər bizə müraciət edib, vəziyyəti pis olanlara yardım etməyə çalışdıq.

- Gün ərzində nə qədər insana yardım edirdiniz? Yardıma ehtiyacı olan ailələr sizinlə necə əlaqə saxlayır?

- Mən rayonda olsam da, Bakıdakı qrup üzvlərimiz paytaxtda yaşayanlara yardım göstərirdilər. Karantin müddəti ərzində Bakıda 500-ə yaxın insana yardım aparıldı.

Gün ərzində 20-30 ailəyə yardım göstərirdik. Hər ailəyə yardım edilmir. Bizim səhifəmizdə əlaqə vasitələri qeyd olunub, bu səbəbdən ehtiyac sahibləri tez-tez müraciət edir. Hətta yanlış anlayaraq, nömrəmi paylaşanlar da olub. Doğrudur, yardım göstəririk, əlimizdən gələni edirik. Amma hər kəsə əl uzatmağa gücümüz çatmaz.

Məsələn, 5 nəfərə kömək ediriksə, 6-cı insana imkanımız çatmır. Yardım posterləri paylaşırıq ki, 100 ailəyə yardım edəcəyik, dəstək olun. Elə başa düşürlər ki, ehtiyac sahibi ailələri yönləndirmək lazımdır ki, bu təşkilat yardım edəcək. Bu belə deyil. Əgər posterdə 100 ailəyə yardım edəcəyimizi deyiriksə, artıq o 100 ailə müəyyən olunub. Bunlar güvəndiyimiz, tanıdığımız ehtiyac sahibləridir.

- Yardım ediləcək ailələri necə seçirsiz?

- Bacardığımız qədər müraciət edənlərə yardım edirik, lakin sırf ehtiyacı olanlara. Ailələrin evlərinə getdikdə, istər üzvlərimiz, istər özüm vəziyyətləri ilə tanış olur, daha sonra yardım göstəririk. Ailə başçısı olmayan, yaxud da ailə başçısı olub, əmək qabiliyyətini itirən ailələrə köməkl etməyə üstünlük veririk. Yəni bu insanların evinə qazanc gətirmə şansı ailə başçısı olanlara nisbətən daha azdır. Həmçinin, şəhid ailələrinə, evində xəstəsi olanlara da yardım göstəririk.

- Sui-istifadə halları varmı?

- Təbii ki, olur. Hətta bəzən insan bezir, yorulur. Vicdansız şəxsləri gördükdə, adam bu işdən soyuyur və "yox, daha yardım etməyəcəm" fikrinə düşür. Digər tərəfdən doğurdan ehtiyac sahiblərinin şəraitini, vəziyyətini görürük. Qurunun oduna yaş da yanmasın deyə, işimizə davam edirik. Təəssüflər olsun ki, cəmiyyətimizdə belə insanlar az deyil. Yardımsevərlikdən sui-istifadə edənlər az deyil. Qərara almışıq ki, bu vəziyyəti qəbul edək və yardıma ehtiyacı olanlara əl uzatmaqdan imtina eməyək.

- Ailələri əvvəlcədən araşdırıb yardım paketi hazırlayırsız, ya bütün ailələr üçün paket standart olur?

- Yox. Karantindən əvvəl apardığımız yardımlar bu qədər toplu olmurdu. Pandemiyadan əvvəl gün ərzində 2-3 ailəyə yardım paketi aparılırdı. Açığını deyim ki, bəzən 100-150 ailəyə birdəfəlik yardım edirik. O zaman standart paket hazırlayırıq. Büdcəmizdəki pul və ailənin vəziyyətinə uyğun olaraq yardım edirdik. Uşaqlı olan ailələrin yardım paketinə şirniyyatlar da əlavə edirdik.

Lakin hazırda o vəziyyət deyil. Karantindən əvvəl 5 insan bizə kömək edirdisə və 10 ailəyə yardım paketi hazırlanırdısa, indi 3 nəfər kömək edir, amma yardıma ehtiyaclıların sayı 100-ə çatıb. 70-100 manatlıq alış-veriş edirdiksə, hazırda əlimizdə olan az vəsaiti ailələr arasında səmərəli bölüşdürməyə məcburuq.

Əgər əvvəl pendir, süd, yoqurt kimi məhsullar alırdıqsa, indi bunları ixtisar edirik ki, zəruri ehtiyac məhsullarını ala bilək. İndi hazırladığımız ərzaq paketinin qiyməti də aşağı enib, əvvəlki kimi alış-veriş etmirik.

- Bir qisim hesab edir ki, bu yardımların hər biri nümayiş etdirilməlidir, başqaları da həvəslənsin. Bir qisim də düşünür ki, sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır, ən azından insanların üzünü göstərmək olmaz. Siz necə düşünürsünüz?

- Son zamanlar bu məsələ tez-tez gündəmə gəlir. Bununla bağlı Kamil Zeynallıya da yazmışdılar. Bilirik ki, o, karantin dövründə minlərlə ehtiyac sahibi insanlara köməklik etdi. Ona da özünü reklam etdiyini deyənlər olub.

İlk növbədə bildirim ki, nə onun, nə də bizim reklama ehtiyacımız yoxdur. Reklam olunsa belə, bunun kimə ziyanı var? Nəzərə alaq ki, bu reklam vasitəsilə neçə ehtiyac sahibi insanın qarnı doyur, üzü gülür. Təki neçə insan reklam xatirinə də olsa bu işlə məşğul olsun, ehtiyaclı insan qalmasın.

Bizə indi də bunu "paylaşmayın, göstərməyin" deyənlər var. Əslində, özümüz də qarşıyıq bunu paylaşmağa. Mən bu günə qədər çox yardım etmişəm, amma şəxsi vəsaitim hesabına etdiklərimi nə əvvəl, nə də indi paylaşmamışam.

Bunu kimsə öz hesabına yox, ətrafındakıların köməyi ilə edirsə, izləyicilərin maddi dəstəyi ilə edirsə, biz bunu paylaşmağa məcburuq. İnsanlara göstərək ki, bir manat yardım belə olsa, o pul ehtiyac sahibinə çatıb. Yardımı edən insan başqa haradan bilə bilər ki, mən o pulu mənimsəmişəm ya ehtiyac sahibinə çatdırmışam? Paylaşdıqca, kömək edənlərin də sayı artır. Bu, təşkilat halında görülürsə, paylaşılmasının tərəfdarıyam.

- Karantin rejimi ilə bağlı necə hərəkət edirsiniz? İcazəniz, xüsusi vəsiqəniz varmı?

- Mənim bu işdən başqa da sahibkarlıq fəaliyyətim var, kənd təsərrüfatı mallarının topdansatışı ilə məşğulam. Rayonda olmağıma baxmayaraq, bu icazəmlə Bakıya da gedə bilirəm. Yaxınlarda həm kənd təsərrüfatı mallarının satışı ilə bağlı, həm də bir qazimizə baş çəkmək səbəbilə getdiyim zaman, icazəmi göstərdim və problem yaradılmadı.

Bundan əlavə, şükür ki, bir maneə olmayıb. Mən insanlara yardım edirəm, yəqin ki, saxlasalar belə, məni anlayışla qarşılayacaqlar. Polis insanlara məhdudiyyət yaradırsa, bu onların sağlamlığı üçündür. Amma xeyriyyə işləri ilə məşğul olanlara, bizim Bakıdakı üzvlərimizə rahat şərait yaradırlar ki, yardımlar sərbəst şəkildə ehtiyac sahiblərinə çatdırılsın.

- Sizcə, hansı tədbirləri həyata keçirmək lazımdır ki, kasıbların, acların sayı azalsın?

- Mən hər zaman demişəm, təəssüflər olsun ki, səhifələrdə, kütləvi informasiya vasitələrində etikadan kənar postlar paylaşılır. Əvəzində yardım postaları olmalı, köməyə ehtiyacı olanlar ictimaiyyətə çatırılmalıdır. Bu gün bunu paylaşanlar gündəmə düşüb, trendə ayaq uydurmaq üçün edirlər. Əgər bunu təbliğ edib, insanlığı aşılasaq, hər kəs tanıdığı ehtiyac sahiblərinə kömək etsə, bizim kimi təşkilatlara, kütləvi yardım edənlərə ehtiyac qalmaz. Həll yolunu bunda bilirəm.

- Karantindən sonra planınız nədir?

- Açığı, karantinin nə zaman bitəcəyi bəlli deyil. 2 gün əvvəl Bakıda olanda gördüm ki, hamı avtobusun içində toplaşıb və sosial məsafə tələbinə riayət edən yoxdur. Maska yox, hamı çöldə, tıxaclar. Təbii ki, belə davam etdiyi üçün xəstəlik daha çox yayılacaq, elə bu səbəbdən də karantinin müddəti uzadıldı.

Ötən il "Sənə hədiyyəm var" adlı layihəmiz olmuşdu. Layihədə məqsədimiz bu idi ki, kimin evində yararlı vəziyyətdə olan oyuncağı varsa, yaxud maddi dəstək olub, oyuncaq almaq istəyirdisə, bizə oyuncaqları çatdırırdı. Biz isə bunları rayonların ucqar kəndlərində yaşayan ehtiyac sahibi insanların uşaqlarına aparırdıq.

Təəssüflər olsun ki, uzaq kəndlərdə oyuncaq mağazaları yoxdur, olsa belə, o aztəminatlı ailələr övladlarına bu sevinci yaşada bilmir. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü olduğu üçün, bu layihəni təkrarlamaq istəyirik. Ən azından bu layihə madiyyat tələb etmir, insanlar istifadə etmədikləri oyuncaqlarla uşaqların sevincinə səbəb ola bilərlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər