Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan könüllülərin, AKƏM katibliyinin, təsisçi könüllülər təşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında “Könüllü qəhrəmanların toplantısı” adlı görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə respublikanın şəhər və rayonlarında fəaliyyətdə olan 300-ə yaxın könüllü iştirak edib.
Görüş zamanı könüllülər gördükləri işlər barədə məlumat verib, fəaliyyətin səmərəsinin daha da artırılması üzrə, habelə post-pandemiya dövründə fəaliyyətlə bağlı təkliflərini bildiriblər. Aprel ayı ərzində xüsusi fəallığı ilə seçilən və "Ayın könüllüsü” nominasiyasında mükafata layiq görülən 21 nəfər könüllünün adları elan edilib.
Bu formatlı görüşlərin davamlı olaraq keçirilməsi və könüllülərlə daimi ünsiyyət platforması olaraq istifadə olunması nəzərdə tutulur.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, könüllü təşkilatları və hərəkatları tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə yaradılıb.
Qeyd edək ki, Katiblik funksiyası Azərbaycan Respublikasının Gənclər Fonduna həvalə edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin idarə olunması onun üzvləri olan "ASAN Könüllüləri” Gənclər Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri” İctimai Birliyi, "Diplomatiya Könüllüləri” Qrupu, "Ekokönüllüləri” Qrupu, "Azərbaycan Diaspor Könüllüləri” Proqramı, "SƏLİS Könüllüləri” İctimai Birliyi, "Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, "AFFA və Avro-2020” Könüllülər Proqramı və "Gənc Könüllülər” Hərəkatı tərəfindən həyata keçirilir.