26 May 2020 09:17
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində müşahidə olunan güclü külək bir sıra daşınar və daşınmaz əmlaka ciddi ziyan vurub. Əksər insan əmlakını sığortalamadığı üçün, dəyən ziyanı şəxsi hesabına ödəməli olacaq. Bu və digər hallarda əhalinin sığortadan qaçmasının səbəbi nədir? Problem nədən qaynaqlanır?

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı Teleqraf.com-un suallarını cavablandırıb.

- İnsanların sığortaya maraqlı olmamasının səbəbi nədir?

- 2011-ci ildən Azərbaycanda bütün daşınmaz əmlakın sığortalanması məcburidir. Sadəcə olaraq nəzarət mexanizmi olmadığına (Baxmayaraq ki, cərimə də 2012-ci ildən tətbiq olunur), cərimələnmə olunmadığına görə heç kim əmlakını könüllü sığortalamaq istəmir. Ötən ilin sonunda xəbər yayıldı ki, yanvar ayından cərimələr başlayacaq. Bir qisim insan əmlakını sığortaladı. Amma ümumi saya baxdıqda, əhalinin böyük qismi sığortadan kənarda qalıb. Təbii fəlakətlər - zəlzələ, külək və sairə səbəblərin hamısı sığorta təminatına daxildir. Kimin sığortası varsa sığorta şirkətlərinə müraciət edib, ödəniş ala bilir.

- "Eurohome" tikinti materialları mağazasında ikinci dəfə yanğın baş verdi. Bu hal artıq ticarət obyektlərində tez-tez təkrarlanır. Problemin kökündə nə dayanır?

- İstər "Eurohome", istər "Binə ticarət mərkəzi" kimi obyektlərin heç biri yanğın təhlükəsizliyi, o cümlədən, texniki təhlükəsizlik tədbirlərinə cavab vermir. Buna görə həmin əmlakları sığortalamaqda sığorta şirkətləri maraqlı deyil.

Eyni zamanda, onların məcburi sığortası olsa belə, bu, yalnız bazarın konstruksiyasına, daşınmaz əmlakına aiddir. Sığorta obyektin içindəki əşyaları, dükan sahiblərinin əmlakını əhatə etmir. Onların sığortalanmamasında əsas problem hər birinin rəsmi hesabatı, uçotunun olmamasıdır. Təəssüf ki, sahibkarların heç biri rəsmi qaydada işləmir və sığorta şirkətləri onları sığortalamaqda maraqlı deyillər. Çünki sabah hər hansı hadisə baş versə, mağazada nə qədər mal olduğunu sübut etmək qeyri-mümkündür. Ona görə də bu, ikitərəfli məsələdir. Obyektlərin özünün standartlara cavab verməməsi, həmçinin sahibkarların qeyri-rəsmi və yaxud da qanundan, vergidən kənar fəaliyyəti sığortaya mane olur.

- Əmlakın icbari sığortasının ləğvi sığorta bazarı üçün nə ilə nəticələnə bilər?

- İcbari sığortanın ləğv olunmasının əleyhinəyəm. Sadəcə onu işlək mexanizmə gətirmək lazımdır. Bu sığortanın ləğvi çox ciddi problem yaradacaq.

İlk növbədə hər hansı evdə yanğın baş verdiyi zaman heç kimin qarantisi olmayacaq. Düzdür, buna münasibət birmənalı deyil. İnsanlar deyirlər ki, mənim şəxsi əmlakımdır, özüm bilərəm, yanar, yanmaz və.s. Bu, düzgün yanaşma deyil. Çünki belə deyənlər, əmlakına ziyan dəyən kimi dövlətdən yardım tələb edirlər.

Bu mexanizmin təkmilləşdirilməsinin tərəfdarıyam. Qanun olduqca primitivdir, üzərində işləmək, daha yüksək vəziyyətə gətirmək lazımdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər