Azərbaycan Respublikası ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sərhədlər bağlanıb.
Teleqraf.com xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bununla bağlı mart ayında çarter reysləri təşkil edilib. İran, Rusiyadan reyslər təşkil olunub. Naxçıvandan son uçuşlar isə aprelin 2-də baş tutub".
O bildirib ki, Azərbaycana uçuş yerinə yetirmək istəyən hər bir ölkə ilk olaraq müraciət edib, qərarlarla tanış olmalıdır: "1 iyul tarixinə qədər beynəlxalq uçuşların təşkili qadağandır. Bu dövr ərzində hava nəqliyyatı ilə yükdaşımalara heç bir məhdudiyyət qoyulmayıb. Bununla yanaşı, Azərbaycan 10 dövlətə hava yolları ilə humanitar yardım göndərib. Yükdaşımalarda 27 faiz artım müşahidə olunub" .
Arif Məmmədov qeyd edib ki, çarter reysləri ilə 25 000-ə yaxın sərnişin daşınıb: "London, Romaya çarter reysləri təşkil olunub. Bu gün Nyu-Yorkdan vətəndaşlarımız ölkəyə gətirilib.
Paralel olaraq beynəlxalq uçuşların bərpası planlaşdırılır. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə görülən tədbirlər bir sıra ölkələr tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir. Buna görə də uçuşları bərpa etmək istəyən ölkələr var. Xüsusilə Qazaxıstan, Özbəkistan ölkələri müraciət edib".
O bildirib ki, hələki tələblərə riayət etmək vacibdir: "Hava yolu ilə nəqliyyat daşınması beynəlxalq daşınmalardır. Buna görə də xarici hava limanlarının tələblərini öyrənirik. Bu baxımdan hazırlanan müvəqqəti qaydalar Azərbaycan Respublikasının hava limanında çalışan əməkdaşların və sərnişinlərin sağlamlığının qorunması məqsədini daşıyır".