Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmaması üçün Azərbaycan dövləti tərəfindən genişmiqyaslı işlər görülür, müxtəlif tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq qərarları, həmçinin tapşırıq və tövsiyələri əsasında həyata keçirilən bu tədbirlərin başlıca məqsədi vətəndaşların təhlükəsizliyinin və sağlamlığının qorunmasıdır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, həyata keçirilən işlər öz müsbət nəticəsini versə də, karantin rejiminin yumuşaldılması ilə koronavirusa yoluxma hallarının sayı artdı. Bu da məhdudlaşdırıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini gündəmə gətirdi:
“Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən, ötən həftənin şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yeri tərk etməsi qadağan edildi. Məlum olduğu kimi sözügedən qərarın icrasını yüksək səviyyədə təmin etmək üçün Azərbaycan polisi ona tapşırılan vəzifəni peşəkarlıqla yerinə yetirib və sərt karantin rejiminin tələblərini pozanlara qarşı müvafiq tədbirlər görüb".
Deputat deyib ki, bununla belə bəzi radikal müxalifət təmsilçilərinin karantin rejiminin sərtləşdirilməsini sabotaj etməyə cəhd göstərməsi, vətəndaşları polis əməkdaşlarına qarşı çıxmağa səsləməsi xoşagəlməz halların yaşanmasına səbəb oldu:
“Ölkəmizdə sabitliyi pozmaq, əldə etdiyimiz uğurlara kölgə salmaq istəyən qüvvələr həmişə olduğu kimi, bu dəfə də süni ajiotaj və çaşqınlıq yaratmağa cəhd göstərdilər. Onların bu dəfəki hədəfi isə hər zaman dövlətçiliyin və qanunların keşiyində duran, Azərbaycan dövlətinə sədaqətlə xidmət edən polislərimiz oldu. Amma həmin qüvvələrin bundan öncəki cəhdləri kimi, bu da uğursuzluqla nəticələndi. Gördük ki, son günlər Azərbaycan polisinə qarşı səsləndirilən haqsız iradlar, yol verilən qanunsuz əməllər cəmiyyətimiz hər bir sağlam üzvü tərəfindən haqlı narazılıqla qarşılandı. Polisin əsas vəzifələrindən biri asayişi qorumaqdır və biz, karantin dövründə onların vəzifələrinin öhdəsindən necə yüksək səviyyədə gəldiyinin şahidi olduq. Hər bir vətəndaşın borcu qanunlara tabe olmaq, həmçinin hazırkı dövrdə qoyulan qadağalara əməl etməkdir".
Vüqar İskəndərovun sözlərinə görə, bunun əksinə olaraq, belə çətin dönəmdə polisin işinə mane olan, karantin qaydalarını pozan hər kəs qanuna müvafiq olaraq məsuliyyətə cəlb olunmalıdır.
“Amma təbii ki, bu zaman etik davranış qaydalarına da əməl etmək, hər kəsin - istər sadə vətəndaş, istərsə də polis əməkdaşının borcudur. Azərbaycan hüquqi dövlətdir və burada hər kəs qanun qarşılsında cavabdehdir. Yəni, vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hamı qanunlara tabe olmağa və etik davranış qaydalarına əməl etməyə borcludur. Əks təqdirdə, son hadisələrdən də şahidi olduğumuz kimi qanunu pozan vətəndaş kimi, etik davranış qaydalarına düzgün əməl etməyən polis əməkdaşı da öz cəzasını alır”.