15 İyun 2020 23:38
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millətçilərinin mərhum lideri, Milliyyətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeş Azərbaycanın müstəqilliyində rol oynamış iki tarixi şəxsiyyətlə görüşüb. O həm Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə ilə, həm də Azərbaycan Xalq Cəbhəsinin lideri, mərhum prezident Əbülfəz Elçibəylə yaxından tanış olub.

Ə.Elçibəylə Türkeşin münasibətləri barədə yetəri qədər məlumat mövcuddur və yaxın tarix olduğu üçün bu barədə dəfələrlə yazılıb. Türkeşin Rəsulzadə ilə görüşməsi isə onun bir müsahibəsindən aydın olur.

Oğuzhan Cengizin hazırladığı “Alparslan Türkeş” adlı kitabda ona Türkiyədən kənarda yaşayan türklərlə bağlı verilən suala belə cavab verib: “Mən həyatımın 50 ildən çox zamanını türk millətinin azad, müstəqil olması və əl-ələ verməsi üçün çalışdım. Bu ideala qəlbən bağlandım...

Bütün türklərin yaşadıqları ölkələri, insanları və qrupların hamısını araşdırmağa çalışdım. Hamısı ilə təmas qurmağa çalışdım və nail oldum. Məsələn, Azərbaycanın böyük lideri Rəsulzadə Məhəmmədəmin bəylə bir neçə dəfə bir araya gəldik, söhbətləşdik.

Türkiyədə olmadığı zamanda da onunla daima əlaqə saxladıq. Məktublaşdıq, xəbərləşdik. Sabiq Azərbaycan millət vəkillərindən Məhəmmədsadıq Aran bəylə daim əlaqədə olduq. Yenə Azərbaycanın dəyərli dövlət xadimlərindən Mustafa Vəkiloğlu bəylə, Azərbaycan şairlərindən Hüseynzadə bəylə əlaqəm oldu. Ağaoğlu Əhməd bəyin bütün əsərlərini araşdırdım”.

Qeyd edək ki, A.Türkeş mühacirətdə qurulan Azərbaycan Kültür Dərnəyi ilə yaxın dostluq münasibətində olub, dərnəyin liderlərindən Əbdülvahab Yurdsevərin dəfnində iştirak edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər