16 İyun 2020 19:30
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya ilə mübarizədə Azərbaycan həkimlərinin peşəkarlığı, vətənpərvərliyi və fədakarlığı qürurvericidir. Onlar hazırkı şəraitdə insanları xilas etmək üçün nə mümkündürsə, edirlər. Yəqin bilirsiz ki, elə həkimlər var, 2 aydır evə getmirlər. Bir çox hallarda məsuliyyətsizlik üzündən bu virusa yoluxanları sağaldıb həyata qaytarmaq üçün gecə-gündüz çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu fikirlər "Gündəlik Teleqraf" holdinqinin rəhbəri Aynur Camalqızına məxsusdur.

O, "sherg.az"a açıqlamasında bildirib ki, həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasına yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlarını səfərəbər edirlər:

"Koronavirus pandemiyası sözün həqiqi mənasında, müharibədir və hazırda bütün dünya əhalisi müharibə şəraitində yaşayır. Bu savaşın başlıca qəhrəmanları həkimlərimizdir. Düzdür, polislərimiz, jurnalistlərimiz də koronavirusla mübarizədə ön cəbhədə yer alırlar.

Buna rəğmən, hər birimiz gözümüzü məhz tibb işçiərinə dikmişik. İnsanların tək ümidi həkimlərədir. Həm virusu məhv edəcək peyvəndin tapılması, həm xəstəliyə yoluxan şəxslərin sağalması yönündə tək ümidimiz həkimlərə, tibb mütəxəssislərinə, alimlərədir. Pandemiya dönәmindә bütün dünyada olduğu kimi, bizdә dә ön cәbhәdә gecәsini gündüzünә qatan, aylarla ailәsindәn, sevdiklәrindәn uzaqda qalan, ağır şәraitlәrdә işlәyәn hәkimlәrimizin, tibbi personalın әmәyi qiymətsizdir. Biz bu fədakarlığın və peşəkarlığın əvəzini heç nə ilə ödəyə bilmərik.

Bəşəriyyəti bu bəladan xilas etmək üçün gecə-gündüz tibb müəssisələrində, laboratoriyalarda əziyyət çəkən insanların bu fədakarlığı heç bir ölçüyə sığmayacaq qədər böyükdür. Onların əziyyətini bir neçə cümlə ilə ifadə etmək mümkün deyil. Düşünürəm ki, xəstələrin həyatda qalması üçün göstərdikləri bu fədakarlıq əslində böyük bir missiyadır. Onların bu əziyyətini hər birimiz yüksək qiymətləndirməli, onlara minnətdar olmalıyıq . Həm də bunu təkcə 17 iyun tibb işçilərinin peşə bayramı günü münasibəti ilə yox, hər gün, hər an etməliyik. Hər birimiz xəstə yaxınlarımızın, millətimizin ümid yerinə çevrilən həkimlərin, bütün tibb personalının koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlərin miqyasını bilməliyik. Onlar həddən ziyadə ağır, mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar".

Zaman-zaman həkimlərə qarşı xoş olmayan münasibət sərgiləndiyini vurğulayan A. Camalqızı deyib ki, pandemiya bizim üçün ən doğma, ən qiymətli şəxslərin məhz həkimlər olduğunu göstərdi:

"Digər sahələrdə çalışan insanlar bu və ya digər formada virusdan qorunmaq üçün özlərini cəmiyyətdən təcrid edə, evdə qala bilirlər. Həkimlərimizin isə belə bir şansı yoxdu. Mən bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını xəstə insanlar üçün riskə atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə -kamuflajlarda gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas etməyə çalışırlar.

Ani bir diqqətsizlik etsələr, özləri də virusa yoluxub xəstələnə bilərlər. Virusdan qorunmaq üçün həkimlər günboyu insan bədənini tamamilə örtən xüsusi paltarlar geyinir, əlcək və eynəkdə gəzirlər. Bütün günü belə narahat geyimdə olmağın əziyyətini heç birimiz anlaya bilmərik. Təsəvvür edə bilərsinizmi, bütün günü bunca isti havada kamuflajda, tərin-suyun içində, hava görmədən, istirahət etmədən işləmək nə deməkdir?! Bizdə ölüm səviyyəsinin aşağı həddə olması, sağalanların sayındakı çoxluq dövlətimizin gördüyü qabaqlayıcı tədbirlərlə yanaşı, həm də həkimlərimizin səyinin nəticəsidir. Onlar günümüzün qəhrəmanlarıdır..."


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər