Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanla tərəfdaş olaraq iştirak edirik və onun yanındayıq.
Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bu məsələdə Azərbaycanın müvafiq qurumları - TƏBİB, Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur. Əməkdaşlığın əsas məqsədi koronavirusla mübarizədə edilən texniki yardımdan Azərbaycanın da faydalanmasıdır. Biz çox konkret sahələrdə texniki yardımı təmin etmişik. Bu yardımlar ÜST vasitəsilə Azərbaycana çatdırılır" .
O qeyd edib ki, Azərbaycanda bu sahədə səlahiyyətli qurumlarla riskli sahələrdə bilik və bacarıqların təşkil olunmasında təlimlər aparılır: "Bununla bərabər müxtəlif kompaniyalara dəstək olmuşuq. "Təmiz əllər", eyni zamanda influserları cəlb edərək insanlara məsuliyyətin aşılanmasına dəstək olmuşuq, həmçinin onlayn dərslərə uşaqların iştirakına töhvələrimizi vermişik".
O əlavə edib ki, BMT TƏBİB və Səhiyyə Nazirliyini tibbi ləvazimatlarla təmin edib: "Hazırda İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə müzakirələr aparırıq. Əsas mövzumuz sosial iqtisadi vəziyyətin bərpası ilə bağlı Azərbaycana texniki yardımın göstərilməsidir".