Bu gün saat 12:00 radələrində Novxanı qəsəbəsi, bağ massivində yaşayan vətəndaşlardan biri Sumqayıt Qaz İstismarı Sahəsinə məlumat vermədən qaz xəttinin yerini dəyişdirməyə cəhd göstərib.
Teleqraf.com xəbər verir ki, o, həyətyanı evinin qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1 200-ə yaxın abonent qazsız qalıb.
Bu barədə məlumat daxil olan kimi Sumqayıt Qaz İstismarı Sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polis orqanları məlumatlandırılıb. Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb.
Qeyd edək ki, vətəndaş mövcud qaz xəttində hər hansı dəyişiklik etmək istəsə, ərizə ilə müraciət edərək müvafiq prosedurları yerinə yetirməlidir.