29 İyun 2020 18:00
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum repçi Hüseyn Dəryanın doğum günüdür. Yaşasaydı, bu gün 47 yaşı olacaqdı.

Teleqraf.com azərbaycanlı repçi Hüseyn Dərya haqda yazını təqdim edir.

Hüseyn Dərya 1975-ci il iyunun 29-da Bakıda doğulub. İlk təhsilini Nərimanov rayonunda 4 saylı məktəbdə alıb. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olsa da, həmin dövrdə Dağlıq Qarabağda başlayan müharibə repçinin fikrini dəyişdirib. Ali təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb – müharibədə iştirak edib.

Rep dövrü

Hüseyn Dəryanın repçi karyerası 2000-ci ildə başlayıb. Səhnədə olduğu dönəmdə dövrün məşhur reperləri Elşad Xose, Anar Nağılbaz və “Dəyiram” qrupu ilə gərgin bir rəqabət içində idi. Uzun müddət Nağılbazla “Azərbaycan repinin atası” adı uğrunda mübarizə gedib. Repçilərin telekanallarda qatıldıqları hər veriliş, üz-üzə gəldikləri hər məkan böyük qalmaqallara, tənqid və açıq təhqirlərə səhnə olurdu. Həmkarlarının sərt tənqidləri qarşısında qalan Hüseyn Dəryaya o dönəmdə verilən “Göbələk” adını pərəstişkarları indi də xatırlayır. Reallığın necə və nədən ibarət olması önəmli deyildi, fakt bu idi ki, Hüseyn Dəryanın səhnədə gözlənilməz yüksəlişi yerli rep dünyasında silkələnmələr və canlanma ilə yadda qaldı.

Həyatının son günlərində həmin illər haqda danışanda belə demişdi: “Həyat mübarizə meydanıdır. Əks tərəf olmasa, yaşamaq maraqlı olmaz. Bu sənətə gələndə əlbəyaxa davaya da hazır idim, yaxşı ki, o dərəcədə olmadı. Bir az qeyri-sağlam rəqabət oldu. Səhnə məni hər zaman, hər halımda qəbul edir”.

Sükut içində

Uzun illərin sükutu və durğunluq dönəmində də, Hüseyn Dəryanın adı həmkarlarını kölgə kimi qarabaqara izlədi. Dəryasız isə səhnə ölgün və rəngsiz görünürdü. Ondan sonra təşkil olunan rep müsabiqələri də səhnədəki ölüm susqunluğunun dilini çözə bilmədi. Kölgəsinin arxasında atılan daşlar da, vaxtilə ilk dəfə Azərbaycanda böyük bir arenanı dolduran bir yerli sənətçini - Hüseyn Dəryanı sükunətin zülmətindən çıxara bilmədi. Qəribə bir susqunluq və küskünlüklə kulisə çəkilən repçinin uzun müddət səsi eşidilmədi.

Efirdə böyük etiraf

Həyatının bir anda əleyhinə dəyişməyə başladığı vaxtlarda efirdə açıq şəkildə narkotikdən istifadə etdiyini etiraf edir, buna görə həbs olunur. Həbs həyatından sonra narkotikdən imtina edir.

Sonrakı illərdə isə bunu belə ifadə edəcəkdi: “İlk növbədə Allah qarşısında günahkaram, doğmalarım qarşısında da günahkaram, çünki həyatımın ağrı-acılı vaxtlarında doğmalarıma peşmanlıq, məyusluq yaşatdım. Fiziki olaraq məndən heç kim ziyan çəkməyib, sadəcə doğmalarıma mənəvi əzab vermişəm. Zirvəyə qalxan da özüm olmuşam, oradan özümü yuvarlayan da”.

2012-ci ildə narkomaniya ilə mübarizə üzrə ölkənin sosial səfiri seçilir. Bir neçə bölgədə “Mən narkotikə “yox” dedim, bəs, sən?” adlı aksiyalar keçirir.

İkinci çağırış

Həbsdən sonra - həyatının son illərindəki səhnəyə qayıdışı da qalmaqallarla yadda qaldı, amma Hüseyn əvvəlki şöhrətinin zirvəsinə qalxa bilmədi. Sinirləri gərgilmiş, görünüşü dəyişmişsə də, iddiasında qalırdı. Yəni Dərya, yenə həminki idi. Pərəstişkarı yenə ona saysız məktublar ünvanlayır, yazır, ən haqsız durumlarda da ona haqq qazandırır, dəstək verir - “Azərbaycan repinin atası”nı səhnəyə dəvət edirdi. Amma özü yenə də böyük vədlərində qalsa da, bunun ümidsizliyin içindən çıxdığını da dərk edirdi. Elə Hüseyn Dəryanı ölümə tələsdirən də bu ümidsizlik idi. Çağırışlara cavab verib üzə çıxsa da, mümkün olan bütün istedadını göstərmiş ustad repçi kimi isə bu dəfə özünü dibsiz sükunətin ağuşuna atdı.

“Yat, dostum”

Məşhur repçi 2014-cü il martın 14-də gecə saatlarında Xəzər rayonunda avtomobil qəzasına düşür. Xəstəxanaya çatdırılsa da, onu həyata qaytarmaq mümkün olmadı. Hadisədən bir neçə saat sonra həyatını itirir.

Ölümündən sonra həmkarı DaDo Hüseyn Dəryanın xatirəsinə “Yat, dostum” mahnısını həsr edir.

Ölümündən sonra rejissor Kənan Mahmudov mərhum reper haqda film çəkəcəyini bildirir: “Müslüm Gursəs haqda çəkilən “Müslüm baba” filminə baxdım. Bioqrafik filmdir, düşündüm ki, Hüseynin həyatı daha keşməkeşli olub. Bir az da vicdan məsələsidir. İstəmirəm ki, Hüseynə aid olan şeylər təkcə kliplərdən ibarət olsun. Sizin gördüyünüz materiallar, videolar Hüseynin yüzdə onudur, yüzdə yüzü yox. Yüzdə yüzü görmək üçün film lazımdır. Məsələn, çoxları bilmir ki, o, universitetin dördüncü kursunda təhslini yarımçıq saxlayaraq döyüşə gedib”.

Uğurları

Hüseyn Dəryanın diskoqrafiyasında üç albomu var: “İki həyat”, “Oyan bəxtim”, “İki yol”.

Karyerası ərzində böyük uğurlara imza atıb, digər həmkarlarının edə bilmədiklərinin öhdəsindən gəlib. Həm də ən qısa vaxtda... Həmkarları arasında ilk dəfə meyxana və muğamla repi sintez edən Hüseyn Dərya “Aslanskiy” nominasiyanı 15 respublika arasından Azərbaycana gətirib, ondan sonra nominasiya MDB-də heç bir reperə verilməyib.

Sənətçi şöhrətin ən yüksək zirvəsində olduğu vaxt - 2004-cü ildə Azərbaycanda “İlin ən yaxşı reperi”, “İlin ifaçısı” və “İlin albomu” nominasiyalarını alıb. İlk dəfə “Yaşa, Azərbaycan” adlı prezident mükafatına layiq görülüb.

Ölümündən sonra Hüseyn Dəryadan bizə həm də bu sözləri xatirə qaldı: “Bir insan ömrü arzularını həyata keçirmək və hər şeyi dərk etməyə bəs etmir. İstədiklərimi edə bilmişəm, ancaq hələ etmək istədiklərim də var. Amma həqiqət acı da olsa, onunla razılaşmaq məcburiyyətindəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu