30 İyun 2020 19:07
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün pandemiya ilə mübarizədə hər bir dövlət ayrı-ayrılıqda müxtəlif tədbirlər həyata keçirir. Heç bir dövlət pandemiya ilə mübarizəyə hazır deyildi. Proseslərin gedişi də göstərdi ki, situasiya yeni bir yanaşma və daha ciddi addımlar tələb edir. Hətta daha yüksək inkişafa nail olmuş dünya dövlətlərinin özündə belə bu virusla mübarizədə çaşqınlıq yarandı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

“Nəticədə həmin ölkələr səhiyyə sahəsində bir sıra problemlər yaşayırlar. Eyni zamanda dünya dövlətlərinin çoxunda virusa yoluxmuş xəstələrin xərcləri də heç də dövlət tərəfindən qarşılanmır. Bir çox dövlətlərdə virusla bağlı testlər də, müalicə xərcləri də vətəndaşın özü tərəfindən ödənilir. Azərbaycanda isə hər bir vətəndaşın pandemiya ilə mübarizə çərçivəsində bütün tibbi öhdəliklərini dövlət həyata keçirir”.

Millət vəkili vurğulayıb ki, sosial şəbəkə təmsilçiləri tərəfindən ölkəmizin səhiyyə sistemi ilə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur: "TƏBİB öz öhdəsinə düşən bütün vəzifələri lazımınca yerinə yetirir, insanlarımızın sağlamlığı, maariflənməsi üçün durmadan fəaliyyət göstərir. Paralel olaraq bütün dövlət qurumları ölkəmizdə pandemiyaya qarşı mübarizədə aktiv iştirak edir. Ona görə də burada başqa məqamlar axtarmaq yanlışdır. Çünki bu gün həm cəmiyyətin, həm də dövlətin yeganə vəzifəsi bu bəladan tezliklə, az itki ilə çıxmaqdır. Müəyyən qrup insanlar var ki, hər zaman olduğu kimi bu həssas məqamda da yanlış fikir formalaşdırmaq üçün həqiqəti əks etdirməyən məsələləri ortalığa atmağa çalışırlar".

Deputat əlavə edib ki, dövlət tərəfindən qısa zaman ərzində bir sıra iri modul tipli xəstəxanalar tikilib istifadəyə verilib: "Cənab Prezindetn İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqımızın bu bəladan tez xilas olması üçün bütün zəruri addımları atırlar. Ölkəmizdə vəziyyət dövlət rəhbəliyinin tam nəzarətindədir. Hər bir vətəndaşımız da bu cür məsələlərdə dövlətin çağırışlarına birmənalı şəkildə həmrəylik nümayiş etdirməlidir. Bu insanların özlərinin şəxsi sağlamlığı və gələcəyimiz üçün önəmlidir. Çünki bu gün vətəndaş öz sağlamlığı naminə çalışmaqla bir növ dövlətin həyata keçirdiyi işlərə də töhfə verir. Ona görə də hər bir fərd çağırışlara, edilən tövsiyələrə ciddi riayət etməlidir. Biz bir xalq olaraq öz gələcəyimiz, şəxsi sağlamlığımız üçün heç bir kənar təsirə məruz qalmadan dövlətin yanında olmalı, həmrəylik nümayiş etdirməliyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər