COVID-19 virusu yanaşı xəstəliyi olan insanların müalicə prosesini daha da çətinləşdirir. Risk qrupuna daxil olan xəstəliklərdən biri də şəkərli diabetdir.
Endokrinoloq Elnaz Seyidova diabetdən əziyyət çəkən insanların infeksiyadan qorunma yolları barədə Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Elnaz xanım, əvvəla Vətən müharibəsi qazilərinə dəstək məqsədilə yaratdığınız "Biz birlikdə güclüyük" xeyriyyə fondu barədə məlumat verməyinizi istərdik.
- Bu, mənim çoxdankı arzum idi. Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Düşünürəm ki, şəhidlərimizin yadigarlarını diqqətdə saxlamaq, qazilərimizə qayğı ilə yanaşmaq hər bir azərbaycanlının borcudur. Təbii ki, bu yolda tək deyiləm.Mənə bu yolda dəstək olan, yardımlarını əsirgəməyən böyük bir ailənin gücü ilə bu gün bu xeyriyyəçiliyi davam etdirə bilirik.
İkinci Qarabağ müharibəsində iştirak etmiş qazilərimizdən köməyini əsirgəməyən "Biz birlikdə güclüyük" komandası bu yolda gücü çatan hər şeyi edirlər. Bu da məhz bizim insanlarımızın necə humanist, xeyirxah olduğunu göstərir. Bu iki il ərzində neçə vətəndaşımıza ümid yeri olmağa çalışdıq.
Arzu edirik ki, fondumuz daha da böyüsün, ailəmiz genişlənsin.
- Şəkərli diabet xəstələri COVID-19-a yoluxmada risk qrupundadır. Diabetdən əziyyət çəkən şəxslər koronavirusdan necə qorunmalıdır?
- Diabetdən əziyyət çəkən insanlar ilk olaraq qidalanmalarına diqqət etməlidirlər. Gündəlik qida rasionunda meyvə, tərəvəz normasında yeyilməlidir. Nəqliyyat vasitələrində hərəkət edəndə, marketə, xəstəxanaya getdikdə maska taxmaq mütləqdir. Əllərini tez-tez yumalı, dezinfeksiya vasitələrindən istifadə etməli, kütləvi yığıncaqlardan yayınmalıdırlar.
- Ümumiyyətlə, bu xəstəliyin yaranma səbəbi nələrdir?
- Şəkərli diabetin yaranma səbəbləri əsasən stress, irsi faktorudur. İrsində şəkər olmayan, amma kökəlməyə meylli insanlarda da şəkər yaranır.
- Hansı yaş qrupundan olan insanlar şəkərli diabet xəstəliyindən daha çox əziyyət çəkirlər?
- Təəssüf ki, artıq xəstəliyin yaş həddi bir qədər aşağı düşüb. Birinci tip diabet 9 yaşında olan uşaqlarda aşkarlanır, ikinci tip diabetə 28-30 yaşında insanlarda rast gəlinir.
- Azyaşlı uşaqlarda xəstəliyə rast gəlinmə səbəbi nədir, bu, genetik faktorlardan asılıdır, yoxsa?..
- Uşaqlarda şəkərli diabet genetik deyil, onlarda birinci tip autoimmun xəstəlikdir. Bu, mədəaltı vəzinin funksiyasının tam və natamam pozulmasıdır. Bunun səbəbi qrip virus infeksiyası da ola bilər.
- Şəkər ən çox hansı orqanlara öz təsirini göstərir?
- Şəkərli diabet ilk olaraq gözlərimizi, növbəti mərhələdə ayaqlarda sinirləri zədələyir.
- Xəstəliyin tam müalicəsi mümkündür? Sağalmada yaşın təsiri varmı?
- Təəssüf ki, şəkər tam müalicə olunmur, burada sağalmadan söhbət gedə bilməz. Sağlam həyat tərzi keçirmək, yeməklərə diqqət etmək, şəkər dərmanını vaxtında qəbul etmək, müalicələrə diqqətli yanaşmaq lazımdır. Doğrudur, xəstəliyin müalicəsinin olmadığını deyirik, amma apardığımız konservativ müalicələr ağırlaşmaların qarşısını alır.
- Diabetli xəstələrin qidalanma rejimi necə olmalıdır?
- Dərman və insulin qəbul edən xəstələr var. Bu xəstələr üçün iki dəfəlik qidalanma tam məqsədəuyğundur. Məsələn, səhər 9:00-da səhər yeməyini yeyib, növbəti yeməyi günorta 15:00-da yemək kifayət edir. Tez-tez yemək məsləhət deyil.
- Sağlam insanlara bu xəstəlikdən qorunmaq üçün nəyi tövsiyə edirsiniz?
- İlk olaraq yediyimiz qidalarda tərəvəzlərə üstünlük vermək lazımdır. Meyvə 100-200 qramdan çox olmamaq şərtilə yeyilməlidir. Amma gün ərzində 700-800 qram tərəvəz istehlak etmək lazımdır. Qida rasionunda çörəyin miqdarı kəskin şəkildə azaldılmalıdır. Ağ çörəkdən, ümumiyyətlə, yayınıb, kəpəkli çörəkdən istifadə edilməlidir. Fiziki aktivlik mütləqdir, hər gün minimum 5 kilometr tez-tez piyada yerimək lazımdır.
- Koronavirusdan müdafiədə immun sistemini gücləndirmək üçün müxtəlif dərman preparatlarının adı çəkilir. Siz necə hesab edirsiniz, immuniteti artırmaqda ən effektiv vasitə meyvə-tərəvəzdir, yoxsa tövsiyə etdiyiniz dərman var?
- Əgər xəstəlik yoxdursa, virusdan qorunmaq və immun sistemini gücləndirmək üçün dərman preparatlarına üstünlük verməyi tövsiyə etmirəm. İlk olaraq qidamıza diqqət etməliyik. D vitamini balansını normada saxlamaq lazımdır. Karantin dövründə çox havada ola bilmədiyimizə görə heç olmasa depo şəklində ayda bir dəfə D vitamini istifadə edə bilərik.
Paralel olaraq sitrus tərkibli meyvələr istehlak etmək lazımdır. Zəncəfil immunitet sistemini gücləndirmək üçün çox effektivdir. Yanımızda hər zaman su olmalıdır. Bədən çəkisindən asılı olaraq gün ərzində 2-3 litr su qəbul etməliyik. Suyun tərkibinə limon, zəncəfil, darçın və yaxud meyvə əlavə edə bilərik. Bu, immunitet sistemini gücləndirir. Bəzi həkimlər sağlam adamlara virus əleyhinə preparatlar verir, lakin bunun heç bir effekti yoxdur.