“Azərbaycanda kirayə mülk sahibləri hansısa sahibkarı sıxmaqla, işini çətinləşdirməklə icarə haqlarının vaxtında ödənməsinə nail ola bilməzlər”.
Bunu Teleqraf.com-a açıqlamasında elektron ticarət üzrə mütəxəssis Nicat Manafov deyib.
O bildirib ki, istər ənənəvi, istərsə onlayn ticarət olsun, sahibkarın bir anbara ehtiyacı olur: “Sahibkar o anbarları ya icarəyə götürür, ya da satın alır. Bu anbarın da işləmə mexanizmi icarəçi ilə icarədar arasında tənzimlənir. Təbii ki, vaxtında ödənməyən icarə haqqına görə icarəçinin kirayə verdiyi obyekti bağlamağa, icarədara xəbərdarlıq etməyə, onları içəriyə buraxmamağa haqqı çatır. İcarə haqqının ödənməsi ilə bağlı məsələ ikitərəfli müqavilə əsasında tənzimlənir. Tərəflər arasında qarşılıqlı anlayış olmalıdır”.
Nicat Manafov hesab edir ki, mövcud pandemiya ilə əlaqədar xüsusən sahibkarlıq mühitində hamı bir-birini başa düşməlidir: “Hansısa sahibkarı sıxmaqla, işini çətinləşdirməklə onun gəlirlərini artıra və ya icarə haqlarını vaxtında ala bilmərik. Ona görə də Azərbaycanda xüsusən kirayə mülk sahibləri pandemiya şəraitində çox anlayışlı olmalıdırlar. Müəyyən güzəştlər verməlidirlər ki, zərərçəkmiş sahibkarlar işləyib qazana bilsinlər. Ancaq bu çərçivədə insanlar icarə haqlarını ödəyə və biznes fəaliyyətlərini davam etdirə bilərlər”.
Ekspert deyir ki, icarəçi təzyiq göstərdiyi təqdirdə sahibkar kirayə götürdüyü yerdən imtina edəcək: “İcarədarın çıxardığı sahibkarlıq subyektinin yeri onsuz da boş qalacaq. Bu gün şəhərin mərkəzlərində bir çox icarə obyektlərinin boş qaldığının şahidi oluruq. Vəziyyət ən azı 2-3 ay belə davam edəcək. İnsanlar icarəyə götürdükləri yerlərə kifayət qədər investisiya yatırıblar. Həmin obyektlərin boş qalmağındansa, qarşılıqlı anlayış göstərib sahibkarların onlayn satışını təşkil etməsinə mane olmaması lazımdır. Onlayn ticarətin verdiyi imkanlar daxilində icarə haqqının bəlli bir qismi də ödənər”.
Artıq paytaxt Bakıda karantin rejiminin uzun müddətdir davam etdiyini nəzərə alsaq, ilk baxışda onlayn ticarətdə bir inkişafın olduğunu düşünmək olar. Amma Nicat Manafov bunun əksini deyir: “Bu sahədə inkişaf görünmür. İnkişaf olması üçün bu sahəyə ciddi investisiya yatırılmalı idi. Ancaq keçici şirkətlər açılıb, pandemiyadan sonra silinib gedəcək”.
Qeyd edək ki, ötən gündən başlayaraq “Binə” Ticarət Mərkəzində sahibkarların onlayn ticarət etməsinə bazar rəhbərliyinin göstərişi ilə maneələr yaradılıb. İcarə haqqını vaxtında ödəyə bilməyən sahibkarın mağazalarına getməsi qadağan olunub.