Ölkədə tətbiq edilən sərt karantin rejimi səbəbilə insanların böyük əksəriyyəti ya evdən işləyir, ya da izolyasiya tədbirlərinə görə evdə qalırlar. Bu isə onların telefonla, kompüterlə qədərindən artıq təmasda olub, oturaq həyat keçirmələrinə gətirib çıxarır. Bəs oturaq həyat tərzinin nə kimi ziyanları var?
Həkim-terapevt Məlahət İsayeva mövzu ilə bağlı Teleqraf.com-un suallarının cavablandırıb.
- Məlahət xanım, əvvəlcə aydınlıq gətirək, oturaq həyat tərzi nədir?
- Əgər insan gün ərzində 5 saat oturduğu yerdən qalxmırsa, bu, oturaq həyat tərzi sayılır. Oturaq həyat tərzi keçirən insanda aktiv həyat tərzi keçirəndən fərqli olaraq ölüm riski 40-50 faiz yüksəkdir. Ona görə də təkcə evdə kompüter arxasında oturmaq deyil, eləcə də divanda əyləşib televizora baxmaq, telefonla danışmaq özü də oturaq həyat tərzi sayılır və problem yaşada bilər. Bu, qeyri-aktiv həyat hesab olunur.
- Əgər insan səhər bir neçə saat idman edirsə, bu, akiv həyat hesab oluna bilərmi?
- Xeyr. Əgər o, sonrakı saatları da oturaq şəkildə keçirməsə, bu, aktiv həyat hesab oluna bilər. Yox, əgər təzədən saatlarla kompüter arxasında oturacaqsa, divanda əyləşib TV izləyəcəksə, onda bu, yenə də qeyri-aktiv həyat tərzi sayılacaq.
- Belə həyat tərzi insan orqanizmi üçün hansı fəsadlar yaradır?
- Belə insanlarda qan dövranı işləməyəcək. Qanda xolesterinin, şəkərin, hormonların artması baş verəcək. Bu isə ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaracaq. Arterial təzyiqin artmasına səbəb olacaq, qanda insulin düşəcək, şəkərli diabet, orqanizmdə piylənmə əmələ gələcək. Bir tərəfdən atreskleroz, bir tərəfdən hipertenziya, bir tərəfdən də xolesterinin artması gələcəkdə infarkt riskini çoxaldacaq.
Oturaq həyat tərzi keçirən insanlarda damar xəstəlikləri olur, sümüklərdə kalsium azalır. Risk faktoruna ürək-damar xəstəlikləri, arterial hipertenziya, piylənməyə meyilli insanlar daxildir.
- Tövsiyələriniz nədir?
- Aktivliyi bərpa etsinlər. Bəli, hazırda karantin dövründə bunu etmək çətindir. Amma yenə də çalışmalıyıq ki, özümüz özümüzün həkimi olaq. Maska ilə çıxıb insanların toplaşmadığı yerlərdə günəş şüası qəbul etsinlər. Hər 2 saatdan bir qalxıb evdə idman hərəkətləri etmək lazımdır. Otaqlar arasında gəzişmək, boyun, çiyin nahiyələrini hərəkət etdirmək olar. Bu, qan dövranını yaxşılaşdırır və insanın əhval-ruhiyyəsi artır, beyin, yaddaş yaxşı işləyir, maddələr mübadiləsi fəaliyyətə başlayır
Eyni zamanda qidalara fikir vermək lazımdır. Yağlı, qızartma yeməklərdən bir az uzaqlaşmaq lazımdır. Bitki mənşəli yağlardan istifadə etməliyik. Doğrudur, bizə karbohidrat, yağlar lazımdır, amma qədərində.
- Hazırda telefon və kompüter həyatımızın ayrılmaz parçasıdır. Onlardan ayrılan şüalanmanın həyatımız, səhhətimiz üçün təhlükəsi varmı?
- Bu şüaların insan orqanizminə çox böyük ziyanı var. Kompüterin, telefonun şüası insanın həm beyninə, həm ürəyinə zərər vurur. Baş ağrılar əmə gətirir, yaddaşı zəiflədir. Bütün bunlar insanda yaddaş pozğunluğuna, yorğunluğa, halsızlığa səbəb olur. Yuxusuzluq, əsəb, stress yaradır.
Ümumiyyətlə, kompüterə bağlılıq insanların əsəb sisteminə də mənfi təsir göstərir. Yaxşı olar ki, insanlar kompüter və ya telefon arxasından ayağa qalxıb, hərəkət etsinlər. Ümumiyyətlə, elektrotexnika cihazlarıyla məşğulluq İnsanlarda ünsiyyət pozğunluğuna gətirib çıxarıb. Heç kəs bir-biri ilə ünsiyyətə maraq göstərmir. Bu da gələcəkdə çox böyük fəsadlar verə bilər.