A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları Rusiya Federasiyası Dövlət Dumasında Azərbaycan-Rusiya münasibətləri tarixinə həsr olunmuş dəyirmi masada iştirak edəcəklər.
Bu barədə “Teleqraf.com”a Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, müstəqillik dövründə Tarix İnstitutunda aparılan tədqiqatlar, Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixi ilə bağlı geniş və hərtərəfli araşdırmalar Rusiyada elmi ictimaiyyətin və ictimai-siyasi xadimlərin diqqətini cəlb edib. Buna görə də, Moskvadakı Azərbaycan diasporunun rəhbərlərinin və Dövlət Duması deputatlarının təşəbbüsü ilə Azərbaycan-Rusiya münasibətlərinin daha dərindən araşdırılması məsələlərini müzakirə etmək məqsədilə oktyabrın 10-da Dövlət Dumasında dəyirmi masa keçirilməsi nəzərdə tutulub.
Dəyirmi masada Azərbaycan-Rusiya münasibətləri tarixinə dair müzakirə olunacaq məsələlər arasında Azərbaycan ərazisinə digər xalqların köçürülmə tarixi, Azərbaycan Sovet Sosialist Respublikasının qurulması tarixi, 1920-ci ilədək Rusiya imperiyası tərkibinə daxil edilən Azərbaycan əraziləri, keçmiş sovet məkanında Azərbaycan-Rusiya münasibətlə¬rində ictimai, siyasi, iqtisadi, mədəni və geosiyasi əlaqələrin davam etdirilməsi perspektivləri və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Müzakirələrdə iştirak etmək üçün Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, “Qafqaz tarixi” şöbəsinin müdiri İradə Bağırova, “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri Hacı Həsənov və İlqar Niftəliyevdən ibarət elmi heyət Moskvaya göndərilib.
SEVİL