26 İyul 2020 13:25
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağda döyüşmə, "siyasi oyundur", küçədə döyüşmə, təxribatdır, sosial şəbəklərədə döyüşmə, klaviatura qəhrəmanlığıdır. Bəs bu zavallı millət harada döyüşsün?"

Teleqraf.com xəbər verir ki, bu fikirlər şair Aqşin Yeniseyə məxsusdur.

Onun sözlərinə görə, xalqa "erməni bir üzünüzə tüpürəndə o biri üzünüzü çevirin" mağmınlığı aşılayanların bu qədər çox olması, üzərində baş sındırılası məsələdir: "Xalqa indi döyüşmək üçün müharibə meydanını göstərənlərin çoxu Qarabağda iki top atılan kimi "bu siyasi oyundur" kərənayı çalanlardır. Bu aydındır. ABŞ-da yaşayan biri deyir ki, biz bura karyera qurmağa gəlmişik, ermənilərlə yumruqlaşmağa yox. Vətən bizi küyləməsin. Əvvəlcə onu deyim ki, hər kəs döyülüb sonra karyerasına, alverinə davam etməkdə azaddır, buna görə vətənin küyünə getməyə bilər. Onsuz da, növbəsi çatanda döyüləcək".

A.Yenisey bildirib ki, o, bu çağırışlardan başqa nəticəni çıxarır: "Qarabağ milli məsələ olduğu üçün bu qədər pərakəndəlik, bulanıqlıq var. Çünki milli təəssübkeşlik ailələrimizdə anadangəlmə psixoloji xəstəlik kimi şərh və təbliğ olunur. Uşaqlarımız lap balaca yaşlarından süfrə qırağında atasından, babasından, nə bilim, qarınlı, imkanlı dayısından eşitdiyi "Bu millət düzələn deyil, başını sal aşağı, çörəyini qazan" öyüdü ilə böyüyür və böyüyüb görür ki, vətən, doğrudan da, "başını aşağı salıb çörəyini qazananlara" "oğul" deyir. Kasıb və təmiz adamlar evlərimizdə pis nüminə kimi təqdim olunur. Maraqlıdır, ölümü ilə xalqın müqəddəsinə çevrilən kasıb generalımızın diri ikən aramızda neçə nəfər səmimi dostu var idi görəsən? Əsgərlərindən başqa! (general əxlaqı haqqında ayrıca yazımız olacaq.)

Demək, Qarabağ məsələsini də şəxsiləşdirmək lazımdır. Məsələn, belə fikir aşılamaq olar ki, kim Qarabağın alınmasında iştirak etsə, özünə, yaxud ailə üzvlərinə alınmış torpaqlarda market, kafe, moyka açmaq üçün pulsuz ərazi veriləcək və on il vergi alınmayacaq. İndidən ermənilərin içindən adam taparaq gecəynən aparıb Şuşaya bir kamaz daş tökənlərimiz olacaq".

A.Yeniseyə görə, XIV əsrdə Teymurləngin ordusu şəxsi qazanca hesablanmış bu vədin hesabına dünyanın yarısını ələ keçirmişdi: "Bu gün ABŞ ordusu da yüksək maaş və bol imtiyazlara görə dünyanı tutub oturub. Xalqla onun öz dilində danışıq aparmaq lazımdır. Türkiyənin Səhiyyə naziri bütün günü bar-bar bağırırdı ki, maska taxın, sosial məsafə saxlayın, çox az adam əməl edirdi. Elə ki imam minarədən eyni sözü bəyan etdi, bu gün əhali hətta evində də maskanı çıxarmır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər