29 İyul 2020 14:08
2 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bəzi ölkələrdə COVID-19 pandemiyasının ikinci dalğası başlayıb. Böyük ehtimalla bir çox ölkələr yenidən sərt karantin rejiminə qayıtmalı olacaq. Çünki qarşıdan payız və qış fəsli gəlir. Bu fəsillərdə virusun yayılma ehtimalı daha da artır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikası Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov bildirib

Həkim qeyd edib ki, artıq COVID-19 qarşı effektli vaksinlə bağlı 3-cü klinik testlərə başlanılıb.

Onun sözlərinə görə, vaksinin effektivliyini sınaqdan keçirmək üçün yaxın zamanlarda onu insanlar üzərində də test edəcəklər: “Bütün bu səylərə baxmayarq COVID-19-a qarşı daha effektiv vaksinin ilin axırına qədər kütləvi istifadəyə veriləcəyi gözlənilir”.

Rasim Bayramov qeyd edib ki, COVID-19-un hələ də mutasiyaya uğramadığı bildirilir.

Dosent xatırladıb ki, 2003-cü ildə yayılan SARS və 2012-ci ildə də qeydə alınan MERS virusları da koronavirusun növləri idi: “Amma həmin viruslar o qədər də çox yaşamadı və tez yox oldu. Virusların tez yox olma səbəbi isə məhz daha tez mutasiyaya uğraması idi. Mutasiyaya uğrayarkən virus əvvəlki gücünü itirir və yoluxdursa da ciddi simptomlara səbəb olmur. Ola bilər, vaksinə qədər COVD-19 virusu mutasiyaya uğrasın və vaksinə ehtiyac qalmasın.

Dünyanın müxtəlif ölkələrində 160 mərkəzdə COVID-19-a qarşı peyvənd hazırlıqları tam sürətlə davam edir. 2 mərkəz artıq son mərhələyə çatıb. Bu mərkəzlərin biri ABŞ-da, digəri isə İngiltərədədir. Bu peyvəndlərin üstünlüyü orqanizmdə antitellə bərabər, virusa qarşı mücadilədə əvəzsiz rolu olan T hüceyrələrini dövrəyə buraxmasıdır.

T hüceyrələri bir növ immun sistem hüceyrəsi olub, əsas vəzifəsi orqanizmə daxil olan patogen hüceyrələri tanımaq və öldürməkdir. Yəni bu hüceyrənin virusa qarşı bir yaddaşı da var. Bir dəfə viral xəstəliyi keçirəndə orqanizmdə T hüceyrə mühafizəsi əmələ gəlir. T hüceyrələri bu virusun ikinci dəfə orqanizmdə xəstəlik meydana gətirməsinə imkan vermir. Ona görə də peyvənd çalışmalarında antitellə yanaşı T hüceyrə qorumasını da yaratmağa çalışırlar”.

Şöbə müdiri vurğulayıb ki, COVID-19-un yayılmasında ikinci dalğa olsa da, ondan sonra virus zəifləməyə doğru gedəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər