Qaragüruhun Azərbaycana qarşı apardığı mübarizə qətiyyən müxalifət mübarizəsi deyil. Antiazərbaycan qüvvələrin diversiyasına ümummilli düşüncənin bütün həlledici istiqamətləri üçün planlar daxildir. Məsələn, cəmiyyətə pasifist, yəni antimüharibə ovqatı aşılamaq. Bu məqsədlə “Dünya azərbaycanlılarının Qarabağ üçün, Azərbaycanın ərazi bütövlüyü naminə!” planet boyu keçirdiyi aksiyalara qarşı çıxılır. Hətta həmin aksiyada iştirak edən soydaşlarımızdan “terrorçuluq şikayəti ilə” onların məxsus olduğu ölkələrin hüquq-mühafizə orqanlarına rəsmən müraciət də edilir. Və son olaraq Azərbaycandakı uğursuz, alayarımçıq təbəqə işə salınır.
İnsanın vətəni müdafiə kimi əsas borcu, bir canlı olaraq verməli olduğu borc, həyati öhdəlik təhlükəli demoqogiya hədəfinə çevrilir. “Çətinliklə, min əzabla uşaq böyüdürəm, 18 yaşına çatanda deyəcəklər gəl Vətəni qoru!" və ya ermənilərin də uşağı var, o da ölür, onun da atası-anası var və sair kimi bü gün, müharibə aparan, özü də ədalətli müharibə aparan dövlətdə heç bir vəchlə yol verilməməli məğlub barış notları gündəliyə çıxır. Bəs belə bir təslimçi çıxışa əsası nə verir, kim verir?
Milli Məclisin uşaq pulu mövzusunda bayatı oxuyan erkək göyərçinləri. Və ya General Polad Həşimovun adının əbədiləşdirilməsi zəminində yaradılan hay-küydən danışaq. Guya Qəbələ İcra hakimiyyəti Həzi Aslanovun adını daşıyan küçədən bu iki dəfə Sovet İttifaqı Qəhrəmanının adını yığışdırıb və həmin küçəyə Şəhid Həşimovun adını verib. Bu mövzunun müzakirəsinin təhlükəli tərəfi o idi ki, sosial şəbəkələr məsələni Vətən uğrunda vuruşmağın, şəhid olmağın az qala lazımsız bir iş olduğuna dəlil kimi təqdim edirdilər.
Dövlət təhlükəsizliyinə aid olan belə fraqmentləri birləşdirəndə maraqlı bir mənzərə alınır, yox?
Və bütün bunlar hansı fonda baş verir: dediyim kimi, sosial şəbəkələrin qara hipnozu altında.
Öz dövlətinin maraqlarını müdafiə edənlər yaltaq adlandırılır, ən ağır küçə söyüşləri ilə təhqir edilir, özgə dövlətlərin maraqlarını müdafiə edənlər isə elə bu şəbəkələrdə qəhrəman adlandırılır. Cəmiyyətin neçə illərdir ki, ən abırlı-ağıllısı obrazına girmiş qorxaq bir təbəqəsi də qaragüruh diktaturasının qorxusundan ona yaltaqlanır. Məhz qaragüruha, onun başında gedən potensial xuliqanlara, pozuculara yaltaqlanır.
Ölkənin aparıcı mediya taqımları isə bu qara diktatura qarşısında silahı yerə qoyub avtoqələmlərinə qızılgül taxır. “Dünyada pandemiya şəraitidir. Müharibə qanunları qüvvədədir!” deyirik. Amma özümüz o qanunları pozuruq.
Məsələn, müharibə aparan ölkənin Müdafiə Nazirliyi itkilərin sayını və ya həlak olanların adlarını bəzən həmin gün elan etmir. Ya da ümumiyyətlə, elan etmir. Hərbi vəziyyət belə tələb etdiyindən. Biz onu anlayırıq. Hətta bu siyasətə dəstək də veririk. Amma həmkarımızın ölüm xəbərini yaymamağı elə həmin məntiqlə tövsiyə ediləndə biz buna süngü ucunda yanaşırıq. Hətta oğrun-oğrun yenidən bərpa edirik.
İntizamsızlığımızı qürurla gözə də soxuruq.
Müharibədir, əziz dostlar, həmkarlar! Əmr müzakirə olunmamalı, icra edilməlidir. Bizim işimiz sosetin yedəyində gedib, “biz niyə tənqid edə bilmirik? Bizə də icazə verin tənqid edək!” - deyə tələb irəli sürmək olmamalıdır.
Əvvəla, kim deyir ki tənqid edə bilmirik. Qaragüruhla mübarizə cəbhəsi demək olar ki, boşdur. Nədənsə mən ətrafımda çox az döyüşçü görürəm. Buyurun, ya Allah! “Öz mövqeyimi qoruyuram, öz abrımı, adımı qoruyuram!” deyən dostlar, dövləti qoruyun. O zaman elə öz mövqeyinizi də qorumuş olacaqsınız. Əlbəttə, öz mövqeyinizlə dövlətin mövqeyi eyni olacaqsa. Eyni deyilsə, kimə lazımdır sizin mənasız mövqeyiniz. Şəbəkə terroru ilə üz-üzəyik görmürsüz?
Bizi “Susun! Dövləti müdafiə edəcəksinizsə, Prezident başda olmaqla hamını daha çox təhqir edəcəyik!” deyə təhdid edirlər! Görmürsüz?
Axı hamınız gecə-gündüz kompüter arxasındasız, babanızın çəkmələrini, nənənizin kəlağayısının şəkillərini paylaşırsız. Hamılıqla onların üzərinə getsək, fərd olaraq, vətəndaş olaraq, sosial şəbəkələrdə, o zaman təzyiq də, təhdid də azalar. Əks təqdirdə bu quduz virtual kütlənin qarşısını almaq çətindir. Əgər Ali Baş Komandan cəbhədə, səngərdə səninlə bir yerdə, bir sıradadırsa, onu qorumaq elə vətəni, dövləti qorumaqdır!
Biz dövlətdən məmur tənqidi üçün mandat tələb etməməliyik. Dövlət məmurlarını Prezident özü tənqid edir. Və əsaslı, arqumentli...
Bizsə mövqeyimizi ortaya qoyub bütün bu güruh quduzlarının üzərinə getməliyik. Bu gün ən pis, ən iyrənc dövlət məmuru belə - işləyəni, işdən çıxarılmışı, fərqi yoxdur - yəni ən pisi, ən idbarı belə, Azərbaycanın üzərinə düşmən kimi gələn ən yaxşı güruh töküntüsündən, Osmanqızından, Cəmil Həsənlisindən, onlarla eyni düşüncədə olan maskalı riyakarlardan min dəfə şərəflidir. Dövləti qoruyanların üzərinə gedənlərin quduzluğu, azğınlığına səbəb onlara cavab verənlər yox, namərdcəsinə susanlardır. Qaragüruha susqunluqları ilə yaltaqlanan dişsiz ziyalılardır. Döyüşdən qaçan fərari ziyalılardır!
Ziyalı qaragüruhun üzərinə getməkdən çəkinirsə, qorxursa, adını, mövqeyini qoruyaraq, adını mövqeyini dövlətin adından, mövqeyindən üstün tutursa, YALTAĞIN yekəsidir.
Sonda sözüm general Polad Həşimovun şəklini öz profilinə qoyub antidövlət təbliğatı aparan sifətsizlərədir.
Şəhidin şəklini hörmətsiz etməyin. O, sizə görə yox, bizə görə, xalqa görə, bu dövlətin maraqlarına görə şəhid olub! Onun adı arxasında gizlənib namərdlik etməyin. Ya da şəklin arxasından çıxın. Şəhidin uca adını öz xəyanətinizə şərik etməyin, Allahdan ayıbdır!
Gerçək əmək və gerçək müdafiə zamanıdır. Xüsusi vəziyyətdir. Dövlət-vətəndaş münasibətlərinin anlayışlı formatı xüsusi karantin rejiminin yumşaldılmasına gətirdi. İndi biz karantin rejimində, bu xüsusi kurslarda, evdə, qapalı şəraitdə öyrəndiklərimizi açıq həyata tətbiq etməliyik. Nail olduğumuz icazə və maskanı, nə sosial məsafəni, nə də əllərimizi yumağı ləğv etməyib...