14 Avqust 2020 23:24
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəs istəyərdi ki, məscidlər açıq olsun. Amma unutmayaq ki, insanların kütləvi bir məkana toplaşması yoluxma ehtimalını artırır”.

Bunu Teleqraf.com-a ilahiyyatçı, Heydər məscidinin imamı Rüfət Qarayev deyib.

İlahiyyatçı pandemiyanın tək Azərbaycanda deyil, bütün dünya ölkələrində yayılmasına diqqət çəkib:

“Dünya ictimaiyyəti də pandemiyaya hazır deyildi. Hətta Həcc ziyarətinin vacib hökm olmasına baxmayaraq, bu il məhdud sayda zəvvar qəbul etdi. İnsanlar uzun zamandır ev şəraitində qalır. Müsəlmanlar məscidlərə getmək istəyirlər. Camaat məsciddə toplaşıb birgə cümə namazı qıla bilmir, bu da istər-istəməz onların məscidə gəlmək istəklərini artırıb. Təbii ki, onlarda nə qədər istək varsa, bir məscid imamı olaraq bizim istəyimiz onlardan da çoxdur. Çünki insanlar həftədə və ya ayda bir dəfə məscidə gəlirdisə, amma bizim hər günümüz orada keçirdi. Onun üçün təbii haqqımız olaraq biz də istəyərdik ki, məscidlər açıq olsun. Amma insanların kütləvi məkana toplaşdığı yerlərin qapalı qalması daha məqsədəuyğundur”.

Rüfət Qarayev həkimlərin və Operativ Qərargahın qərarlarına və tövsiyələrə əməl etməyin vacibliyini də vurğulayıb:

“Ölkəmizdəki bütün İslam alimlərinin fikirlərinə diqqət yetirsək görərik ki, onlar da bu qərarlara uymağı vacib hesab edirlər. Arzumuz ondan ibarətdir ki, bu bəla millətin üzərindən tezliklə götürülsün. Bütün sahələr – ticarət, iqtisadiyyat, sənaye və eyni zamanda ibadət ocaqlarımız da əvvəlki qaydada olduğu kimi, insanların üzünə açılsın. Beləliklə insanların şövqü məscidlə birləşmiş olsun”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər