Məhərrəmlik ayı təkcə tarixi konteksdə qiymətləndirilməməlidir. Yəni, Məhərrəmlik ayını İslam fikrində, düşüncəsində əhəmiyyətli edən təkcə tarixi hadisələr deyil. Hər şeydən əvvəl bu ay hörmət, ehtiram edilən, toxunulmaz olan dörd aydan biridir. Ona görə də İslam dinində Məhərrəmlik ayına haram ay kimi baxılır.
Teleqraf.com-a açıqlamasında AMEA Şərqşünaslıq Institutunun aparıcı elmi işçisi, İlahiyyat İnstitutunun dosenti, fəlsəfə doktoru Elvüsal Məmmədov deyib.
İlahiyyaçı bildirib ki, məhz bu ay gəldikdə ərəblər qan düşmənçiliyini, çəkişmələri, müharibələri dayandırırlar:
"Bu ay Allahın dərgahında hörmətli bir aydır. Ona görə də Məhərrəm - Allahın ayıdır - deyə Peyğəmbərimiz belə adlandırıb. Bu ay həm də ibadət, Allaha yaxınlaşmaq baxımından, mənəvi tərbiyə nöqteyi nəzərdən ilahi bir fürsətdir. Həmçinin Məhərrəm ayı şükür ayı kimi də tanınır. Çünki məhz bu ayda Allah Musa peyğəmbərin xalqını fironun zülmündən azad edib. Musa peyğəmbər də buna şükür olaraq oruc tutub. Müqəddəs Qurani-Kərimdə buna dair məlumat da var. Daha sonralar Peyğəmbərimiz də məhz Məhərrəm ayının Aşura günündə, yəni 10-cu günündə şükür orucu tutub və bunu müsəlmanlara da əmr edib. Peyğəmbərimiz buyurub ki, Ramazandan sonra ən fəzilətli oruc Aşura günü tutulan orucdur. Ümid olunur ki, Allah bununla ötən bir ilin günahlarını bağışlasın”.
Dosent qeyd edib ki, 680-ci ildə Məhəmməd peyğəmbərin nəvəsi Həzrət Hüseynin Kərbəla çölündə şəhid edilməsindən sonra müsəlmanlar onun xatirəsini əbədiləşdirmək üçün hər il bu ay yaxınlaşanda, həmin tarix təkrarlananda müəyyən mərasimlər keçiriblər:
“Bu mərasimlərin də ümumi adı Məhərrəmlik adlanır. Bir çox ayin və rituallarda olduğu kimi Məhərrəmlik ayinlərinə, mərasimlərinə də müəyyən xurafat, möhvümat elementləri qarışıb. İfrat formada ağlamaq, bədənə fiziki xəsarət yetirmək bunlar vəfat etmiş şəxslərə, şəhidlərə İslamın əmr etmədiyi tövsiyələrdir. Bu ayda Həzrəti Hüseynin həyat tərzini ümumilikdə mənimsəmək daha düzgün olardı. Onun əxlaqı, Allah insanı olmağı, fədakarlığı və təşəbbüskarlığı təkcə bir ay müddətində deyil ümumiyyətlə il boyu ayrılmaz keyfiyyətlərimizə çevrilməlidir. Həzrəti Hüseyn öz canını ona görə fəda etməmişdir ki, biz ilin digər vaxtlarında istədiyimiz kimi yaşayaq amma məhz Məhərrəmlik ayı gəldikdə formal mərasimlərlə yaxınlıq göstərək”.
Elvüsal Məmmədov əlavə edib ki, pandemiya dövründə Məhərrəmlik ayının qeyd edilməsi məsələsi onun qadağan edilməsi anlamına gəlməməlidir:
“Sadəcə olaraq müəyyən şəraitə görə, mərasimlərin, kütləvi tədbirlərin məhudlaşdırılması insanların sağlamlığını təmin etmək məqsədilə edilir. Burada hər hansı başqa bir səbəb axtarmağa ehtiyac yoxdur. Pandemiyadan sonrakı illərdə insanlar öz dini mərasimlərini ənənəvi qaydada keçirməyə davam edəcəklər. Ona görə də, qətiyyən bundan hansısa bir provakasiya, dini hisləri büruzə vermək üçün istifadə etmək olmaz. Bu günlərdə biz Hüseynin həyatını mütaliə edib, onun qədər ibadətlərimizə diqqət edək. Mümkündür ki, ibadətləri fərdi formada da icra edə bilək. Kiməsə, nəyisə göstərmək əsas deyil. Əsas dində ixlasdır, səmimiyyətdir. Bunlara daxilimizdə fərdi edə biliriksə, bu Allah qatında məqbul olan bir haldır”.