12 Oktyabr 2014 21:28
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun Siciliyanın paytaxtı Palermo şəhərində mer Leoluka Orlando ilə görüşü zamanı bu şəhərlə ölkəmizin bölgələri arasında əlaqələrin inkişafına dair müzakirələr aparılıb.

Teleqraf.com-un məlumatına görə, söhbət zamanı mer L.Orlando Palermonun Azərbaycanın bölgələri ilə əlaqələri genişləndirmək niyyətində olduğunu söyləyib. O deyib ki, Palermodan olan iş adamlarının Azərbaycana səfər etmələri iqtisadi əlaqələrimizin konkret istiqamətlərini müəyyənləşdirmək üçün yaxşı imkan yarada bilər. Mer Palermonun Azərbaycanın bölgələri ilə xüsusilə iqtisadiyyat və mədəniyyət sahələrində birgə layihələr həyata keçirməsinin önəmli olduğunu vurğulayıb.

Görüşdə səfir V.Sadıqov Azərbaycan-İtaliya əlaqələrinin hazırkı vəziyyəti barədə danışıb, cari ilin iyulunda Prezident İlham Əliyevin bu ölkəyə səfərinin münasibətlərimizin daha da inkişafına töhfə verdiyini deyib. V.Sadıqov səfər çərçivəsində qəbul olunmuş Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əməkdaşlığımızın genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
“İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır”, - deyən səfir siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olmasının iqtisadi əməkdaşlığın da dinamik inkişafına müsbət təsir etdiyini vurğulayıb.

O, deyib ki, Azərbaycanda xeyli sayda İtaliya şirkətləri fəaliyyət göstərir. Ölkəmiz İtaliyanın ikinci ən böyük neft təminatçısıdır. Azərbaycanın iqtisadi siyasətində İtaliyanın regionları ilə əlaqələrin genişləndirilməsi də xüsusi yer tutur.


Müəllif:

Oxşar xəbərlər