Məktəbəqədər hazırlıq qruplarında bu il 120 minə qədər uşağın təhsil alacağı gözlənilir.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyində bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu il məktəbəqədər təhsil həftədə 2 dəfə olmaqla oktyabrın 1-dən təşkil olunacaq:
"Bu proses 2 noyabra qədər davam edəcək. Sözügedən tarixə qədər epidemioloji vəziyyət dəyişmədiyi halda, bu rejimdə işləyə bilsək, bu, təhsil müəssisələri üçün uğur hesab edilə bilər".
O qeyd edib ki, ibtidai siniflərdə isə həftə 2-3 dəfə olmaqla dərslər bərpa ediləcək: "İbtidai siniflərin həftə 3 dəfə gəlməsini, yoluxma sayı çoxalarsa, həftədə 2 dəfə gəlməsi tövsiyə olunur.
İbtidai təhsil sahəsində 600 min şagird təhsil alır ki, burada 250 min nəfər Bakı, Sumqayıt və Abşeronun payına düşür".