12 Oktyabr 2020 11:21
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Kaspi Universitetinin tələbələri erməni təcavüzü ilə əlaqədar olaraq universitetin tərəfdaşlıq əlaqələrinə malik olduğu dünyanın 300 universitetinin tələbələrinə müraciət edib.

Teleqraf.com-un məlumatına görə, müraciətdə deyilir:

“30 ilə yaxındır ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu da daxil olmaqla təxminən 20 faiz ərazisini işğal altında saxlayır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. 1992-ci ildə Ermənistanın Xocalıda törətdiyi soyqırımı zamanı 63 uşaq və 106 qadın olmaqla, 613 dinc azərbaycanlı qətlə yetirilib.

Bizim Universitetdə də işğal olunmuş ərazilərimizdən olan xeyli sayda tələbə təhsil alır. Biz onların ağrı-acısına şahidlik etmişik. Onlar yalnız öz doğma yurd-yuvalarından qovulmayıblar, bir çoxu ailə üzvlərini itirib, yaxınları əlil olub. Aralarında elələri var ki, bütün ailəsini itirib.

Tarixən dünyəvi, multikultural dəyərlərə sahib olan Azərbaycanda bir çox dinlərin, millətlərin və etnik azlıqların nümayəndələri, o cümlədən ermənilərsülh vəəmin-amanlıq şəraitində yaşamışlar. Ermənistan isə həm öz ərazisindən, həm də işğal etdiyi Azərbaycan torpaqlarından bütün azərbaycanlıları zorla qovmuşdur.

Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təcavüzə əl atdı. Azərbaycan Ordusu mülki əhalinin təhlükəsizliyini qorumaq və ərazi bütövlüyümüzü bərpa etmək məqsədilə əks-cavab tədbirlərini başlamağa məcbur oldu.

Mülki əhalini hədəf alan təcavüzkarın artilleriya və raket hücumları nəticəsində, oktyabrın 11-nə olan məlumata görə, 41 mülki şəxs həlak olmuş, 205 mülki şəxs isə yaralanmışdır. Onların arasında uşaqlar da var. Evlərə və mülki obyektlərə böyük ziyan dəymişdir. Ermənistan məqsədli şəkildə mülki əhalini və obyektləri hədəfə alır.

Cəbhə bölgəsindən uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, böyük su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir də Ermənistanın raket hücumuna məruz qalır. Situasiyanın ironiyası ondan ibarətdir ki, Ermənistanın son təcavüzü nəticəsində yaralananlardan biri də Azərbaycanda (Gəncə şəhərində) azərbaycanlılara birlikdə sülh və dostluq içərisində yaşayan çoxsaylı erməni millətindən olan vətəndaşlarımızdan biri Karina Qriqoryandır.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə (822, 853, 874 , 884) qəbul etmişdir. Lakin artıq 30 ilə yaxındır ki, Ermənistan bu qətnamələrin icrasına məhəl qoymur. Az qala 30 ilə yaxın davam edən və Ermənistanın qeyri-konstruktiv və təxribatçı siyasətinə görə nəticə verməyən sülh danışıqları artıq Azərbaycan xalqını yorub. Biz həmin qətnamələrə uyğun olaraq Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdən çıxarılmasını və ərazi bütövlüyümüzün bərpa edilməsini istəyirik!

Biz Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün dünya birliyini Ermənistanın təcavüzkar siyasətinə qarşı qəti və prinsipial mövqe tutmağa çağırırıq. Bu kontekstdə, sizdən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləməyi xahiş edirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər