Uzun müddətdir oxuyub bitirməyi planlaşdırdığım və mütləq bir yazı həsr edəcəyimə dair özümə söz verdiyim kitabla göz-gözəyik. Tədqiqatın elmi çəkisi onu birnəfəsə oxunulacaq kitablar siyahısından çıxarır, ümumiyyətlə kitab oxumaq əmək, sevgi istəyən bir işdir, heç vaxt qısa zaman içərisində kitab bitirə bilməmişəm. Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” (Bakı: “Elm və Təhsil”, 2019) kitabı da oxuya-oxuya təhlil, beyin gimnastikası gərəkdirənlərdən oldu.
İnsan oxuduqca Nəsiminin dühasınamı, yoxsa tədqiqatçının o dühanın gerçək dəyərini verərək araşdırmasınamı heyran qalsın, bilmir, iki heyranlıq da atbaşı gedir. Ümumilikdə 761 istinadın verildiyi, Azərbaycan, ərəb, türk, rus, fars və İraq-türkman dillərində 220 qaynağa malik olan araşdırma tədqiqatçılara bu qədər mənbəni vahid şəkildə toplayaraq təqdim edir. Bu da onun dəyərinin necə böyük olduğunu aydınlaşdırır. Əsərin təhlilindən öncə, düşünürəm ki, alim haqqında bilgi vermək gərəkdir. Çünki tədqiqatla bağlı təəssürat alim zəhmətkeşliyinə münasibətin bərabərindədir.
Nəsimiyə həsr olunmuş ömür və ya nəsimişünaslığın vücud bulması
Səadət xanımı ilk dəfə 2018-ci ilin sentyabrında Nəsimi Festivalı çərçivəsində təşkil olunmuş mühazirələr vaxtı Bakı Kitab Mərkəzində görmüşdüm. Gerçək alim elə bir varlıqdır ki, zəhməti səsindən, nitqindən, mövzunu anlatdığı zaman hiss-həyəcanından bilinir. Həmin gün orada bu auranı tuta bilmişdim. Daha sonra dostlarımızdan biri Türkiyədəki konfranslardan birində alimlərin “Azərbaycan nəsimişünaslığı deyildiyində Səadət Şıxıyevanı tanıyırıq” deməkləri haqqında danışmışdı. Nəsimi Festivalı mühazirələrində Nəsiminin qardaşı Şah Xəndanla bağlı sual ünvanlamışdım, lakin vaxt bitdiyindən Səadət xanım bu mövzu ilə bağlı elmi məqalə yazdığını, ətraflı məlumatı oradan ala biləcəyimi demişdi. Bəli, ədəbiyyat tarixinə cəmi bir beyti ilə düşmüş Şah Xəndan. Səadət xanımın məqaləsi isə, təxminən 30 səhifə idi. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) alimi ziyarət edərək kitabından əldə etdim.
O gün bir dostumla YUĞ Dövlət Teatrında Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Mənəm, mən...” tamaşasını təkrarən izləməyə gedəcəkdim, amma alınmadı, sanki kainat həmin gün üçün Nəsimi ilə bağlı payını artıq mənə göndərmişdi. Tədqiqatı oxuyub bitirdiyimdə buna bir daha əmin oldum. Təsadüf deyil ki, əsərin “Ön söz əvəzi”ndə filologiya elmləri doktoru Esmira Fuadın yazdıqları da Səadət Şıxıyevanın Nəsimi aşiqi, nəsimişünaslığa adanmışlığını təsdiqləyir. O, Nəsiminin “Gözlərim nuru, iki aləmdə varım, qandasan?!” (haradasan?) misrasını və ümumilikdə bu qəzəlin elə şair tərəfindən simvolik olaraq Səadət xanıma həsr olunduğunu romantik bir şəkildə irəli sürür: “Kim bilir, bəlkə də öncəgörmə fəhmi ilə Səadət üçün!!!”. Bu hissədən aydın olur ki, tədqiqatçı öz dünyasını Nəsimiyə bağlamağa hələ məktəbli vaxtlarından başlayıb. 1985-ci ildə “Nəsiminin sənətkarlığı” adlı 50 səhifəlik diplom işi, 1991-də isə “Nəsiminin lirikası” adlı 200 səhifəlik namizədlik dissertasiyasını (indiki fəlsəfə doktoru dissertasiyası – N.A.) müdafiə edib. Amma işini bununla da bitmiş saymır, 1997-ci ildən bəri “Seyid İmadəddin Nəsiminin dövrü, həyatı və yaradıcılığı” mövzusunda elmlər doktoru dissertasiyası üzərində çalışır.
Hazırda AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində aparıcı elmi işçi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, həmçinin “Sivilizasiya” elmi jurnalının məsul katibidir.
Bir kitab, yoxsa üç kitab?
Qarşımdakı əsər üç bölmədən ibarətdir: 1. Nəsimi lirikasının tədqiqi tarixi; 2. Nəsimi lirikasının irfani məcaz və motivləri; 3. Nəsiminin söz sənətkarlığı. Bu bölümlər ayrı-ayrılıqda o qədər azad və hərtərəfli məlumatlar daşıyır ki, nəşri üç hissəyə bölərək üç kitab şəklində çapdan çıxarmaq da mümkündür. Ümumi şəkildə vahid araşdırma sahəsi Nəsimidir, amma filosof-şairin, gerçək düha olan Seyid İmadəddinin öz dəryayi-biliyi qədər bu əsər də hər bölümündə muxtar bir süjet xətti təşkil edir.
Birinci bölüm: tarix, ədəbiyyat və elm
Az öncə vurğuladığımız kimi, “Nəsimi lirikasının tədqiqi tarixi” adlı fəsil böyük mütəfəkkirlə bağlı bilgilərin yer aldığı, hələ orta əsrlərdən bəri mövcud olan müxtəlif təzkirələr, daha sonrasında alimlərin araşdırmaları, xarici tədqiqatlar və s.-in öz əksini tapdığı hissədir. “Orta əsrlər müəlliflərinin baxış bucağından Nəsiminin söz sənətkarlığı” adlı yarımbaşlıqda Əlişir Nəvai, Əmir Kəmaləddin Hüseyn Qazurqahi, Həsən bəy Rumlu, Dövlətşah Səmərqəndi, Şeyx Azəri, Kastamonulu Lətifi, Aşıq Çələbi, Həsən Çələbi, Gelibolulu Mustafa Ali, Muhyiddin Abdal, Pir Sultan Abdal, Əli Əmiri Əfəndi, Şəmsəddin Sami, Rzaquluxan Hidayət və digərlərinin təzkirə tipli əsərləri və qeydlərində Nəsimi ilə bağlı faktlar bir-bir ortaya qoyulur. Bunların hər birində böyük sənətkarla bağlı yeni, orijinal, bizə öyrədilən Nəsimidən uzaq və gerçək məlumatlar yer alır ki, adətən oxucu “axır ki Nəsiminin kim, necə bir alim olduğunu bildik” deyə bilir. Onun edam zamanı şeir söyləməsi əfsanəsindən tutmuş son sözlərinə, fərqli alimlər tərəfindən necə qəbul olunduğuna, kökəninin haradan gəldiyinə dair bilgilər burada ardıcıl şəkildə yer alıb.
Bölümün ikinci yarımbaşlığı olan “Nəsiminin Azərbaycan elmi mühitində dəyərləndirilməsi (sovet dövrü)”ndə Yusif Vəzir Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər”indən (1921) Zümrüd Quluzadənin araşdırmalarınadək (1970) böyük bir mühitdə Nəsimi işığını görə bilirik. Bu aralığa Salman Mümtaz, Firudin bəy Köçərli, İsmayıl Hikmət, Həmid Araslı, Orucəli Həsənov, Əliəjdər Səidzadə, Mirzağa Quluzadə, Məmməd Arif, Əkrəm Cəfər, Mirəli Seyidov, Cahangir Qəhrəmanov, Mirzə Abbaslı, Vəcihə Feyzullayeva, Azadə Rüstəmova, Əbdüləzəl Dəmirçizadə, Samət Əlizadə, Yusif Seyidov, Abdulla Məhəmmədi, Vaqif Aslanov, Elməddin Əlibəyzadə, Əlyar Səfərlinin tədqiqatları, əsərləri, məqalələri daxil olunub. Burada təkcə ədəbiyyat, nəsimişünaslıq yox, Nəsimiyə ümumi maraq, həmçinin onun dəryaya bərabər təfəkkürünün təsirinə məruz qalmış fərqli sahələr üzrə araşdırmalar da var. Məsələn, füzulişünaslıq, dilçilik və s. aspektlərdən Nəsimi.
Həmçinin bu bölmədə görürük ki, Nəsimi irsini nə qədər yönə çəkmək, müxtəlif bucaqlardan baxmaq mümkündür. Fəlsəfi fikir və şeiriyyətin dərin kodları ilə əhatələnmiş Nəsimi yaradıcılığını Orucəli Həsənov materialist ateizmə, Mirzağa Quluzadə qadının çadrasını açması – hətta bizə görə, feminist hərəkatın başlanğıcına, Əliəjdər Səidzadə Avropa nominalizminə bağlaya bilir, Mirəli Seyidov onun erməni ədəbiyyatı baxımından təhlilinə toxunur. Nəsimi yaradıcılığı tədqiqatçılara böyük bir arena təqdim edib, lakin onlar bunu fərqli ideologiyalara uyğun olaraq çox zaman yanlış dəyərləndiriblər. Sovetologiyanın tələblərinə sadiq şəkildə yürüdülmüş tədqiqatlardakı yanlışlıqlar S.Şıxıyeva tərəfindən bir-bir göstərilir və arqumentlərlə saf-çürük edilir. Burada Nəsimi şeirindən nümunələrlə yanlış şərh edilən və doğru izahı verilən bir çox məqamlar var. Məsələn, “Zərrə mənəm, Günəş mənəm, çar ilə pəncü şeş mənəm” misrasında çahar (dörd), pənc (beş) və şeş (altı) saylarının şərhi maraqlıdır. Şairin 1987-ci ildə nəşri həyata keçirilmiş “İraq divanı”nda verilən izaha görə, buradakı çahar və pənc müqəddəs kitabların sayını bildirir: Tövrat, İncil, Zəbur və Quran (çahar, yəni dörd) və daha sonra hürufilər üçün müqəddəs olan, Fəzlullah Nəiminin “Cavidannamə”si (“Cavidannameyi-kəbir”) də əlavə olununca say beşə tamamlanır. Halbuki bunun yanlış olduğunu Səadət xanımdan öyrənirik. Gerçək və məntiqli şərh bu şəkildədir: “çar” yaradılışın dörd ünsürünü (hava, od, su, torpaq), “pənc” beş duyğu üzvünü (görmə, eşitmə, iybilmə, dadbilmə və lamisə), “şeş” isə dünyanın altı cəhətini (ön, arxa, sağ, sol, aşağı, yuxarı) təmsil edir. Buradan bir daha Nəsimi elminin, Nəsimi fəlsəfəsinin dərinliyini görmək mümkündür.
Nəsimi elminin təzahürləri təkcə orta əsr Şərq və Sovet dövrü Azərbaycan mühitinin yanaşmaları ilə də bitmir. “Nəsimi xarici tədqiqatlarda: başlıca istiqamətlər (1920-1990-cı illər)” adlı yarımbaşlıqda Türkiyə, Avropa, İran və Ərəbistanın elm nümayəndələrinin Nəsimi marağına şahid oluruq. Türkiyə araşdırmalarında Mehmet Fuad Köprülü, Əbdülbaqi Gölpınarlı, İbrahim Olqun, Cahit Öztelli, Kamal Ədib Kürkçüoğlu, Hüseyn Ayanın, İran tədqiqatlarında Əli Mir Fetros, Tədvin Təqi Xumarlu, Ərəbistandan Əbdülfəttah Qələçinin, Avropadan isə Hammer Purqştall, Gibb, Ritter, Hüart, Frans Babinger, Eduard Braun, Alessio Bombaci, Katlin Buril və başqalarının Nəsimi yaradıcılığı üzərinə elmi araşdırmalar apardığı təsbit edilib və ayrı-ayrılıqda əsas xətləri ilə gözdən keçirilib. Əvvəlki yarımbaşlıqda İraq türkmanlarından Əbdüllətif Bəndəroğlunun da Nəsimi yaradıcılığına müraciət etməsi vurğulanıb.
İkinci bölüm: Nəsimi lirikasının sirləri
“Nəsimi lirikasının başlıca irfani məcaz və motivləri” adlı fəsildə Seyid İmadəddinin əşarında gizlənmiş, bir növ kodlaşdırılmış irfani poetika, dərin fəlsəfi məqamlar, onun dünyaya baxış tərzi, həyatı və qalaktikanı dəyərləndirmələri yer alıb. Tədqiqatçı alim bu bölmənin birinci yarımbaşlığında Nəsimi lirikasında şifahi xalq ədəbiyyatının təzahürlərinə toxunur. Bölümün bu qismlə başlaması təsadüf deyil. Heç bir şey keçmişi olmadan mövcud deyil, bu cür öyrənilməsi doğru olmaz. Məsələn, Mehmet Fuad Köprülüyə görə, ədəbiyyatı elm olaraq ortaya qoymaq dilçilik və tarix biliklərinin yoxluğu ilə mümkünsüzdür. İngilis Mədəni Tədqiqatları məktəbinin öncülərindən olan ədəbi tənqidçi Riçard Hoqqart 1966-cı ildə dilə gətirirdi ki, bir xalqın ədəbiyyatını bilmədən onun təbiətini öyrənmək olmaz. Bu baxımdan, bir xalqın kommunikasiya tarixi də onun ədəbiyyatından, o ədəbiyyat isə folklorundan başlanır.
Məsələn, M.F.Köprülü Türkiyə kommunikasiya elmində ilk tədqiqatçılardan biri sayılır (bax: Serdar Öztürk – Türkiye’de İletişim Düşüncesinin Kökenleri, Ankara: Gazi Üniversitesi İletişim Fakültesi, 2008). Onun kütləvi mədəniyyət sahəsindəki araşdırmaları mütləq şəkildə folklora əsaslanır. Həmçinin Türkiyənin tanınmış kommunikasiya-jurnalistika tədqiqatçısı, professor Oya Tokgöz kommunikasiya sferasındakı kütləvi mədəniyyət tədqiqatlarında folklorun (halkbilim) rolunu əsas tutmaq gərəkdiyini bildirib. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Səadət xanım da Nəsimi lirikasının başlanğıc istinadgahını folklorda – xalq yaradıcılığı ünsürlərində görür. Hətta deyə bilərik ki, bu anlamda Nəsimi yaradıcılığı Azərbaycan kommunikasiya, kütləvi mədəniyyət araşdırmalarında ayrıca yer tuta, işlənə bilər.
Bu hissədə:
Firqətin dərdi məni bixabü-giryan eylədi,
Düşmənin ömrü dükənsin, bəxti bidar olmasın.
yazan Nəsiminin xalq ədəbiyyatının qarğış janrını şeirində əks etdirməsi ələ alınıb.
Əlavə olaraq ismaililik, hürufilik, bəktaşilik və başqa təriqətlərin (kitabda həmçinin bu və digərlərinin tarixi, dəyərləndirilməsi, əsas məqamları, hətta adətləri də müəyyən çalarlarla yer alıb) Nəsiminin ədəbi-fəlsəfi irsində yer tutması, kodlaşdırılması və onların açılımı maraq doğuran nüanslardır. Bölümdə Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” və Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”sində yer alan “dövr” nəzəriyyəsinin Nəsimi əsərində təzahürü, bunun tənasüx (reinkarnasiya) ilə oxşar və fərqli cəhətlərinin üzə çıxarılması, Nəsimi şeirindəki ideyaların xristianlıq, həmçinin kosmopolitizm aspektlərindən təhlili, “iki cahan”, yoxsa “ikən cahan” mübahisəsinə birmənalı şəkildə elmi nöqtə qoyulması, bu ifadənin doğrusunun “iki cahan” olaraq müəyyənləşdirilməsi və buradakı ikiliyin nə cənnət-cəhənnəm, nə də dünya-axirət, makrokosm-qalaktika (afaq) və onun inikası mikrokosm-insan (ənfus) olması və digər məsələlər göstərilib. Burada Nəsimi fəlsəfəsinin dərinliyinə bir daha bələd oluruq.
Təsadüf deyil ki, Nəsimidən ilk söz açmış təzkirəçilərdən olan, böyük cığatay (özbək) şairi Əlişir Nəvai onu şairlər təzkirəsi “Məcalüsün-nəfais”ə deyil, sufilər təzkirəsi “Nəsayimül-məhəbbə”yə aid etmişdi. Bu baxımdan, “Ön söz əvəzi”ndə bəhs edilən bir hadisəni xatırlatmaq gərəkdir. “Nəsiminin lirikası” adlı fəlsəfə doktoru dissertasiyasının müdafiəsi zamanı işin ikinci rəsmi opponenti olmuş nizamişünas alim, professor Azadə Rüstəmova Səadət xanıma filologiya elmləri ilə yanaşı, fəlsəfə elmləri üzrə də dərəcə verilməsini məqsədəuyğun bilib. Həqiqətən də bu işdə müəllif təkcə filoloji yox, həm də fəlsəfi bir təhlil aparıb.
Üçüncü bölüm: Nəsimi və ədəbiyyat nəzəriyyəsi
Kitabın son fəsli “Nəsiminin söz sənətkarlığı”dır. Burada başlı-başına müstəqil bir araşdırma sahəsi var ki, bu da ədəbiyyat nəzəriyyəsidir. Səadət Şıxıyeva bu bölümdə, sanki Nəsimi sənətkarlığı üzərindən bir “Ədəbiyyat nəzəriyyəsi” kitabı yazıb. Nəsimi yaradıcılığında nəzəri cəhətdən dəyərləndiriləcək nöqtələr o qədər çoxdur ki, demək olar, bütün bədii təsvir və ifadə vasitələri öz yerini tutub və onlar haqqında mükəmməl izah verilib. Bu bölümdən orta və ali məktəblərin “Ədəbiyyat nəzəriyyəsi” dərslərində tam şəkildə istifadə etmək olar.
Tədqiqatçının Nəsiminin söz yaradıcılığı zamanı istifadə etmiş olduğu, poetik fiqurlar, bədii təsvir və ifadə vasitələrini konkret nümunələrlə göstərməsi işi praktik olaraq möhkəmlətməyə də zəmin yaradıb. Filosof-şairin müraciət etdiyi təsvir-ifadə vasitələrinin çoxluğuna nəzər saldıqda isə heyrətlənməmək əldə deyil: müraatün-nəzir, təşbehi-əks (təşbehi-məkus), təşbehi-təsviyə (təşbehi-müzdəvic), təşbehi-izmar, tənsiküs-sifat, təcahüli-arif, ləffü-nəşr (onun ləffü-nəşri-mürəttəb və ləffü-nəşri-qeyri mürəttəb formaları), təşbehi-kinayət (təşbehi-məkniyyə), cəmü-təfriq, təfriqi-cəm, təqsim, hüsnü-təlil, təsğir (litota, kiçiltmə), iğrak (mübaliğə, hiperbola, şişirtmə), eyham, təlmih, istiarə (metafora), onun növləri olan istiareyi-müsərrəha (açıq istiarə), istiareyi-məkniyyə (qapalı istiarə), təşxis (istiareyi-təmsiliyyə), təzad, təqabil (qarşılaşdırma), tərsi, iqtibas, iştiqaq, şibhi-iştiqaq, rəddül-əcz, rəddül-mətlə, alliterasiya, alleqoriya, müsəmmət və daha nə qədəri...
Hər bir bədii təsvir və ifadə vasitəsi ilə bağlı abzas başlandıqda müəllifin, əvvəlcə bu və ya digər təsvir-vasitə haqqında nəzəri məlumat verməsi, ona aid özəllikləri bildirməsi və daha sonra Nəsimi şeirindən gətirdiyi nümunə ilə praktik bərkitmələri diqqət çəkir. Burada Nəsimi ilə bağlı bir çox özünəməxsusluqlara, ilklərə toxunulub. Məsələn, ilk dəfə Nəsimi yaradıcılığında bir bənzəyənin müqabilində səkkiz bənzədilənin olması faktına rast gəlirik. O vaxta kimi Ərəb poeziyasında bir bənzəyən qarşısında Əbu Nüvas dörd, Əl-Vava isə beş metaforik bənzətmə işlətmişdir ki, onun da dördü Əbu Nüvasdan götürülüb.
Amma Nəsimidə bu say səkkizə, hətta 14-ə çatır. Həmçinin bəzi nəzəri məqamlarda adların xarici dillərdə qarşılıqlarını, yaxud fərqli ad versiyalarını göstərməsi də teorik bazanı gücləndirir. Məsələn, tiqab (təzad, kontrast, antiteza), təşxis (istiareyi-təmsiliyyə, personification, prosopopeia), tərsi (pantorifma, paralelizm), iştiqaq (iqtisab, polyptoton, paragmenon, andnominatio) və s. kimi nümunələrlə belə qənaətə gəlirik ki, tədqiqatçı həm ədəbiyyat nəzəriyyəsinin ərəb və yunan kəsimləri ilə tanışdır, həm də bunu Nəsimi yaradıcılığında göstərərək onun nə qədər ümumbəşəri elmə sahib olduğunu göstərməyə qadirdir.
Fərqli nəzəriyyəçilərə istinadən bir sıra bədii təsvir və ifadə vasitələrinin hind-yunan versiyalarına müraciət edilir və Nəsimidəki ünsürlərlə onların qarşılıqlı təhlili verilir, oxşar və fərqli cəhətləri üzə çıxarılır. Məsələn, ləffü-nəşr hind ədəbiyyatındakı yathasankha, tiqab yunan antitezası və sanskrit vyatirekası, eyham hind şleşaları və yunan antanaklasası ilə payronosiyası əlaqələri üzərinə nəzəri təhlillər verilib.
Heç bilmədiyimiz yeni Nəsimi
Tədqiqatı dəyərli edən əsas məqamlardan biri də Nəsimi haqqında mifləri yıxaraq gerçəkliklərə arxalanması, axır ki qarşımıza İsa Muğannanın “Nəsimi”sindən fərqli, roman yox, elmi cəhətdən bir Nəsimi çıxmasıdır. Burada onun ədəbiyyat aləminə Səadət xanım tərəfindən xəbər verilən fərqli əsərlərinin adları təqdim edilir: “Müqəddimətül-həqayiq” adlı nəsrlə yazılmış fəlsəfi traktat (bəli, burada öyrənirik ki, Nəsimi təkcə şair yox, həm də yazıçı olub), “İnsan” risaləsi, “Mənzumə fi məsləki-hürufiyyə”, əlyazması şəklində məcmuələrdən ibarət “Məcmueyi-bəyaz”da yer almış “Afaq və ənfus” adlı farsca mənsur risalə (afaq və ənfus ideyalarını daha öncə də şərhlərdə görürük) nəsimişünaslıqda yeniliklərdir. Kitabın üz qabığı da fərqlidir. Bəlkə də ilk dəfə burada Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayevin ifa etdiyi və hər kəsin gerçək Nəsimi siması olaraq qəbul etdiyi şəxsi yox, bambaşqa Nəsimini görürük.
Son və ya sonun başlanğıcı
Uzun zamandır, hətta deyə bilərəm ilk dəfədir ki, Azərbaycan elmi mühitindən hər hansı bir işi bu qədər maraq və həvəslə oxudum. Vətənimiz Azərbaycanın 2020-ci ilin 27 sentyabrından etibarən verdiyi Qarabağ haqq mücadiləsi ərəfəsində Azərbaycan elmi adına bu formada mükəmməl bir əsər insana mənəvi bir rahatlıq verir. Təki bütün Azərbaycan elmini bir gün belə yeni, orijinal görək və sözümüzü alimlik zirvəsində də yüksəklərə qaldıraq.
Niyə “sonun başlanğıcı”, çünki əsər bu çərçivədə qalmamalı, təkrar nəşri diqqətdə saxlanılmalı, elmə və alimə dəyər verənlər tərəfindən dəstəklənməli, professor Yaşar Qarayevin dediyi kimi, ingilis və rus dillərinə tərcümə edilərək beynəlxalq arenaya çıxarılmalıdır. Bu gün Nizamiyə, Şah İsmayıla olduğu kimi Nəsiminin də kimə aid olması ilə bağlı iddialar çoxdur. Çünki böyük dühalara sahib çıxmaq istəyənlərin sayı hər zaman çox olur.
Lakin biz bunları elmi yanaşmanın gücü ilə həll etməli, İraq türkmanlarından olan araşdırmaçı Əbdüllətif Bəndəroğlunun “bütün insanlığın şairi” deyə adlandırdığı, bütün bəşəriyyətin fəlsəfi fikir xəzinəsi olan Nəsiminin kökünün bizdə olduğu və bizdə qaldığını, mirasa varis olmağı bacardığımızı sübut etməliyik.
Nurlan AĞA, Ərzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutunun doktorantı