Ölkələrin inkişafı yeni quruluşa keçiddən, cəmiyyətlərin tərəqqisi isə yenilikləri mənimsəmə tempindən asılı olur. İnformasiya texnologiyalarına üstünlük verən, müasir idarəetmə sisteminə daha tez keçid edən ölkələr bu gün zamanın sınağından daha üzüağ çıxırlar. Müasir idarəetmə sisteminin ən vacib elementlərindən biri də dövlətin xidmətlərinin elektronlaşdırılması, vətəndaşların bu xidmətlərdən istfadəsinin asanlaşdırılmasıdır.
Azərbaycanda artıq bir neçə ildir ki, dövlət xidmətləri elektronlaşdırılıb. Azərbaycanda "Elektron hökumət" layihəsi Elektron Azərbaycan adlı dövlət proqramı çərçivəsində həyata keçirilir. "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Prezidentin Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılıb.
Elektron xidmətlər – Həyatımızın ayrılmaz hissəsi
Elektron dövlət xidmətlərindən istifadə artıq həyatımızın ayrılmaz hissəsinə çevirilib. Bir vaxtlar çoxları üçün utopik layihə kimi qəbul edilən bu xidmət bu gün çox vacib platformaya çevirilib. Qısa olaraq qeyd edək ki, "Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan respublikasının ərazisində yaşayan bütün vətəndaşlara - hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə xidmətlər göstərir.
Bu gün hər kəs elektron dövlət xidmətlərinin sayının artırılmasının vacibliyini vurğulayır. Vətəndaşların bu istəkləri başadüşüləndir. Bürokratik əngəllər, korrupsiya halları, nəqliyyat xərcləri, pandemiya əleyhinə qaydalar və s, faktorlar insanları dövlət qurumlarına üz tutmaq, məmur qapısını döymək “həvəsindən” salır. Bəs vətəndaşlar dövlətin elektron xidmətləri haqqında nə dərəcədə məlumatlıdırlar? Onlar bu xidmətlərdən istifadə bacarığına malikdirlərmi? Yaxud bu xidmətlərdən istifadə üçün intenrnetə çıxırşarı varmı, kompüter və ya “ağıllı telefonlar”a malikdirlərmi?
Elektron xidmətlərin təbliği
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində
keçirilən təlim zamanı əldə etdiyimiz məlumatlara əsasən elektron dövlət xidmətlərindən istifadə ilə bağlı Bakı və digər böyük şəhərlərlə müqayisədə bölgələrimiz arasında fərqlər var. Bəs bu fərqi aradan qaldırmaq və ya azaltmaq üçün hansı addımlar atılmalıdır?
Bu suala birbaşa cavab tapmazdan öncə bir neçə vacib məqamlara diqqət yetirək.
Bir daha “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində keçirilmiş təlimlər zamanı ekspertlərin verdikləri məlumatlara istinad edək.
Qeyd olunur ki, ektron xidmətlərin asanlaşdırılması və şəffaflığın təmin edilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Elektron xidmətlərlə bağlı iki dövlət portalı fəaliyyət göstərir. Bunlardan biri “e-gov.az” digəri isə “my.gov.az”dır.
Məlumata görə, “E-gov.az” portalında 1,2 milyondan çox istifadəçi vardır. Onlar dövlət qurumlarının 400-dən çox xidmətindən yararlanırlar. “My.gov.az” portalı isə daha çox rəqəmsal portfel funksiyasını daşıyır. Vətəndaşların sənədləri bu portalda cəmlənib. “My.gov.az” portalında 700-dən çox xidmətə çıxış var və 500 mindən çox istifadəçi var. Elektron Hökumətin İnkişaf Mərkəzi həm özü ayrılıqda, həm də digər dövlət qurumları ilə birlikdə müşətərək xidmətlər həyata keçirir. Məsələn, “e-agro.az”, “e-selis.az”, “e-satınalma.az”, “e-lisenziya” kimi 15-dən çox xidmətlər müştərək olaraq hazırlanaraq istifadəyə verilib. Bütün bu sistemlər vətəndaşların dövlət xidmətlərinə çıxışlarını daha da asanlaşdırır.
Bildirilir ki, ən çox “E-gov.az” portalına – vergiyə dair hesabatların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən müəyyən sənədlərin alınması üçün müraciət edilir. Xüsusilə də, pandemiya dövründə elektron xidmətlərin əhəmiyyəti açıq şəkildə özünü biruzə verir. Vətəndaşlar hansısa sənədi dövlət qurumlarının ofislərinə getmədən, onlayn şəkildə əldə edə bilirlər.
Pandemiyaya qədər “Asan-viza” çox populyar idi. 2 milyona yaxın əcnəbi “asan-viza ilə təmin edilmişdi. “Asan-ödəniş” də kifayət qədər populyar xidmərdəndir. Bu xidmətdən daha çox sürücülər istifadə edilər.
“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi də həm dövlətin elektron xidmətlərini təbliğ etmək, həm də vətəndaşları bu xidmətlərdən istifadəyə cəlb etmək üçün jurnalistlərin imkanlarından yararlanmaqdır.
Bölgələr elektron xidmətlərə doğru - PLANLAR
Vətəndaşların elektron xidmətlərdən istifadəsi üçün bir neçə faktor lazımdır. Bunu şərti olaraq aşağıdakı kimi təsnifatlaşdırmaq olar.
Kompüter və ya “ağıllı” telefona sahibolma
İnternetə çıxışın olması
Elektron dövlət xidmətlərilə bağlı məlumatlılıq
Elektron xidmətlərdən istifadə bacarığının formalaşması
Bakı şəhərində və bəzi bölgələrimizdə vətəndaşlar elektron xidmətlərdən istifadə edə bilirlər, amma ölkədə mövcud olan 4500 kəndin heç də hər birində bu imkanlar yoxdur. Pandemiyadan irəli gələrək tətbiq edilən distant təhsilə qoşulmaq üçün bəzi kəndlərdə şagirdlərin internetə çıxış imkanlarının olmaması bu gün ciddi müzakirə mövzusudur.
Bölgələrimizdə elektron xidmətlərin vəziyyətini öyrənmək üçün Elektron Hökumətin İnkişafı Mərkəzinə bir neçə sual ünvanladıq.
Verilən cavablardan aydın oldu ki, “E-gov.az” portalında qeydiyyatdan keçmiş şəxslərin portal xidmətlərindən istifadəsinin 65 faizi Abşeron, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir qeydiyyatlı şəxslərin, 35 faizi isə digər bölgələrin payına düşür. Bu iki kateqoriyaya aid şəxslərin xidmətlərdən istifadə tezliyində də fərq vardır. Belə ki, böyük şəhər qeydiyyatlı bir şəxs son 1 ildə portal xidmətlərindən ortalama olaraq 37 dəfə istifadə edibsə, digər bölgə qeydiyyatlı şəxslərdə bu rəqəm 25-dir.
Ümumilikdə elektron xidmətlərdən istifadədə paytaxt Bakı bölgələrə nisbətən daha irəlidədir. Bölgələrdə elektron xidmətlərlə bağlı keçirilən sorğudan belə qənaətə gəlmək olar ki, elektron xidmətlər sahəsində bölgədə yaşayan insanlar daha az məlumatlıdır. Bölgələrdə insanların maarifləndirilməsini artırmaq məqsədilə bir sıra tədbirlər görülür”.
Bölgələrdə hansı elektron xidmətlərin daha populyar olmasına gəlincə, qeyd edild edildi ki, digər bölgə qeydiyyatlı şəxslərin ən çox istifadə etdiyi 5 xidmət və istifadə payı aşağıdakı kimidir.
1. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi
2. Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi
3. İş yerinə dair arayış
4. Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi
5 .Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi
Bölgələrdə vətəndaşların elektron dövlət xidmətlərindən yararlanmasında hansı problemlər var? Bu problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır” sualına isə Elektron Hökumətin İnkişafı Mərkəzindən belə cavab verildi.
“Bölgələrdə yaşayan vətəndaşların elektron xidmətlərdən istifadə bacarıqlarının yetərli olmaması, rəqəmsal savadlılıqların aşağı olması, elektron xidmətlərlə bağlı az məlumatlı və ya heç məlumatlı olmaması onların elektron xidmətlərdən yararlanmasıyla bağlı əsas əngəllər hesab edilir. Bu problemlərin aradan qaldırılması üçün Elektron Hökumətin İnkişafı Mərkəzi növbəti illər üçün bölgələrdə təşviqat proqramına üstünlük verməyi planlaşdırır”.
Həmçinin qeyd olundu ki, vətəndaşlar arasında elektron savadlılığın artırılması məqsədilə Mərkəz tərəfindən “Rəqəmsal Hökumət” təşviqat proqramı həyata keçirilir: “2019-cu ildə bu proqramın 4 dalğası reallaşdırılıb. Proqrama “ASAN Könüllülük Məktəbi”nin könüllüləri cəlb edilir və onlara müəyyən bir müddət ərzində xüsusi təlimlər keçilir. Bundan sonra, onlar “ASAN xidmət” Mərkəzlərində növbədə gözləyən vətəndaşlarla elektron sorğular keçirirlər. Qeyd etmək gərəkdir ki, könüllülərə elektron xidmətlərin göstərildiyi portallar, qeydiyatdan keçmə və digər prosesləri əyani şəkildə nümayiş etdirə bilmək üçün xüsusi planşetlər də verilir. İndiyədək proqrama qoşulan 100-dən çox könüllü sayəsində 20.000-dən çox elektron sorğu həyata keçirilib. Proqramın gələcəkdə Azərbaycanın bölgələrində yerləşən “ASAN xidmət” Mərkəzlərində reallaşdırılması nəzərdə tutulub.
Bundan əlavə, bütün Azərbaycan vətəndaşları elektron xidmətlər, rəqəmsal həllər və İKT sahəsində baş verən yeniliklər haqqında mütəmadi maarifləndirilməsi məqsədilə hər həftənin çərşənbə günü ASAN Radioda “Rəqəmsal Azərbaycan” verilişi yayımlanır. EHİM-in təşkilati dəstəyi ilə da yayımlanan bu verilişdə e-xidmətlərin kütləviləşdirilməsi, xidmətlərin faydası və onlardan istifadə qaydaları, “myGov”, “ASAN Login”, “E-Təbib”, “E-Hərrac”, “İcazələrin Verilməsi və Monitorinqi Sistemi”, “E-Agro”, rəqəmsal ədliyyə, elektron etibarnamə, “ASAN İmza”nın verilməsi, EDV-nin geri alınması, startaplar və s. bu kimi mövzular müzakirə edilir.
Həmçinin, EHİM mütəmadi olaraq elektron layihələr və e-xidmətlərə aid təlimat xarakterli video materialların hazırlanmasını təşkil edir. Bu videolar YouTube, Facebook, Instagram kimi Mərkəzə məxsus sosial-media kanallarında, rəsmi veb səhifədə, eləcə də TV kanallarda yayımlanır. Facebook-da rəqəmsal məhsullarla bağlı paylaşımlar edilir və reklam edilir. Reklam üçün hədəf auditoriyası seçərkən bölgələrdə yaşayan əhali target olaraq qoyulur.
Elektron xidmətlərin Azərbaycanda təşviq edilməsi üçün atılan önəmli addımlardan birinə də elə “Rəqəmsal Jurnalistikaya doğru” proqramını misal göstərmək olar. Əsas məqsədi media nümayəndələri və cəmiyyəti maarifləndirməkdə maraqlı olan şəxsləri elektron dövlət quruculuğu, elektron xidmətlər və rəqəmsal həllərlə bağlı maarifləndirmək və bu vasitə ilə həm də cəmiyyətin rəqəmsal savadlılığını artırmaq olan proqram 2020-ci ildə iki dəfə - iyun və dekabr aylarında reallaşdırılıb. Qeyd etmək lazımdır ki, proqramın hər iki buraxılışına bölgələrdən olan media nümayəndərələri də qatılıb. Birinci hissəsi təlimlərdən ibarət olan proqramın ikinci hissəsində təlimləri uğurla bitirmiş iştirakçılar arasında müsabiqəsi keçirilir. Proqramın bu hissəsində aidiyatı mövzular üzrə real halların araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin oxucu dilinə çevrilməsi həyata keçirilir. Müsabiqə ərzində yazılan məqalələr isə vətəndaşların elektron xidmətlər haqqında məlumat əlçatanlılığının təmin edilməsi məqsədi daşıyır”.
Nəhayət, sonuncu sualımız işğaldan azad olunmuş ərazilərimizdə elektron dövlət xidmətlərinin tətbiqi ilə bağlı oldu.
Qeyd edildi ki, Elektron Hökumətin İnkişafı Mərkəzi bundan sonrakı hədəflərində işğaldan azad edilmiş torpaqlarda da elektron dövlət xidmətlərinin tətbiqinə geniş yer ayırıb. Bununla bağlı məlumat gələcək zamanlarda açıqlanacaq.
İnternet, kompüter yoxdursa...
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, dövlət qurumları bölgələrdə vətəndaşların elektron xidmətlərdən istifadə səviyyəsini müəyyən etməlidir: “Problem müəyyən edilməli və onun aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır. Hər bir şəxsdən elektron xidmətlərdən istifadə etməyi gözləmək düzgün olmazdı. Bəzən bir nəfər bir neçə şəxs üçün elektron xidmətlərə müraciət etməli olur. Məsələn, hər kəs vergi hesabatını verə bilmir və ya hər kəs 190 manatlıq yardım almaq üçün sistemə daxil ola bilmir. Əhalinin elekton dövlət xidmətlərindən istifadə səviyyəsini süksəltmək üçün kompleks tədbirlər həyata keçirilməlidir. Nəğdsiz ödənişlər təbliğ edilməlidir ki, vətəndaşlar poçta getmədən kommunal və digər ödənişləri həyata keçirə bilsinlər. Hər bir elektron dövlət xidmətləri barədə metodiki vəsaitlər hazırlanaraq KİV-lərdə, sosial şəbəkələrdə təbliğ olunmalıdır. Bu məsələdə siz jurnalistlərin üzərinə böyük yük düşür”.
O.Gündüzə görə, İnternetin, müvafiq cihazların olmadığı yerdə elektron xidmətlərdən danışmaq mümkün deyil: “Mən bu barədə daha öncədə bildirmişəm ki, texniki təchizat problemini həll etmədən elektron xidmətləri həyata keçirmək mümkün deyil. Məsələn, hazırda ən geniş yayılmış distant təhsilin tətbiqi proqramı bölgədəki şagird və müəllimlər üçün əlçatmaz olub. Onların texnoloji avadanlıqlarla təminatı yetərli deyil. Kompüter, printer, planşet, smartfon və s. qurğular heç də hər kəsdə yoxdur. Daha öncə təklif etmişdim ki, təhsil müəssisələrində indi işlənməyən avadanlıqlar müvəqqəti olaraq şagirdlərə verilsin. Yaxud dövlət və ya beynəlxalq fondların vasitəsi ilə şagirdlərə pulsuz kompüterlər verilsin, onların internetə çıxışı təmin edilsin. Müəllim və valideynlərə limitsiz paketlər verilməlidir. Hər evə fiber optik kabelin çəkilməsi nəzərdə tutulmuşdu. Sonradan bu layihə dayandırıldı.
Və sonda..
Yuxarıda qeyd etmişdik ki, informasiya texnologiyalarına üstünlük verən, müasir idarəetmə sisteminə daha tez keçid edən ölkələr bu gün zamanın sınağından daha üzüağ çıxırlar. Hətta döyüş meydanında belə son sözü müasir texnoloji təchizatlara malik olan ordu deyir.
Biz bunu 44 günlük Vətən Müharibəsində də gördük.
Həm müharibədən sonrakı dönəmdə, həm də postpandemiya dövründə rəqəmsallaşma qaçılmazdır. Təsadüfi deyil ki, müharibədən dərhal sonra Azərbaycan Prezidentinin Fərmanı ilə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradıldı.
Azərbaycanı daha da inkişaf etdirmək üçün islahatlar daha da dərinləşdirilməlidir. Məcburi köçkünlər öz yurdlarına qayıtdıqdan sonra, ilk illərdə onlar pulsuz və ya fərqli tarifli internet paketləri ilə təmin edilməlidirlər. Kompüter və mobil telefon təchizatı həll edilməlidir.
Turizm potensialı yüksək olan Qarabağda bu sahə üzrə elektron xidmətlər həyata keçirilə bilər. İşğaldan azad olunan torpaqlarda “ASAN xidmət” mərkəzlərinin açılması, rəqəmsal hökumət quruculuğunun davam etdirilməsi vacibdir. Hətta Qarabağın İnkişaf Fondunun yaradılması da arzuolunandır.
Ruslan Xəlilov