Əvvəli burada
... Müharibədə əsir düşənlərin faciəsi elə ilk gündən başlayırdı. Əsir düşərgələrinə aparılarkən zəif olanlar yerindəcə güllələnirdilər. Şimali Qafqazdan olan Musa Ramazan xatirələrində yazır:
“Yerimə gücünü itirənlərin sonu bəlli idi. Yıxıldığı yerdə qafasına bir qurşun vurulur, öldüyü yerdə buraxılırdı. Yol boyunca bu şəkildə öldürülmüş və öldürüldükləri yerdə buraxılmış neçəsini gördük”.
M.Ramazanın xatirələrinə görə, müharibə bitdikdən sonra Sovet agentləri düşərgələrdə əsirlər arasında geriyə qayıtmaları üçün broşuralar paylayıblar. Broşurada əsirlərə belə təkliflər edilib: “Hərb bitmişdir. Yoldaş Stalin hərbin qazanılması şərəfinə hansı səbəbdən olur-olsun kənarda qalmış, hətta məcburi olaraq alman ordusunda xidmət etmiş bütün Sovet vətəndaşlarına əfv elan etmişdir. Ana və atalarınız, yoldaş və yavrularınız sizləri gözləyirlər. Sizlərin rahat dönüşünüz, yurdlarınıza qovuşmanız üçün hər cür şərait yaradılıb”.
1945-ci ilin fevralın 4-dən 11-dək Sovet İttifaqında - Krımda – Yaltada ABŞ, Böyük Britaniya və SSRİ dövlətləri başçılarının konfransı keçirildi. Konfransda Almaniyanın gələcəyi problemi müzakirə olundu və keçmiş sovet əsgər və zabitlərinin, vətəndaşlarının sovet dövlətinə qaytarılması da razılaşdırıldı. Yalta konfransının ayrıca bir bölməsi “Müttəfıq dövlətlər arasında həmin ölkələrə aid olan hərbi əsirlər və vətəndaşların işi üzrə razılaşma” adlanırdı. Həmin bölmədə yazılmışdı: “Krım konfransında Britaniya, Amerika və Sovet nümayəndələrinin danışığında bu ölkələrin vətəndaşlarının və hərbi əsirlərin müdafiəsi və saxlanılmasına da toxunuldu.
Təbii ki, bu qərar legionerlər üçün faciəvi nəticə vəd edirdi. Stalinin hərbi əsirlərlə bağlı müharibə dövründə verdiyi qərarı nəzərə alsaq, geri verilən hərbçilərin ən yaxşı halda həbs ediləcəkləri gözlənilirdi. Buna görə də legionerlər təcili olaraq qərar almaq məcburiyyətində qaldılar.
Yalta konfransından sonra əsirlərin SSRİ-yə verilməsi prosesi başlandı. Avstriyada ingilislərin əsirləri ruslara təslim etməsi “Drau qətliamı” olaraq xatırlanır. Əsirlər konfrans və ya başqa ölkəyə göndərilmələri vədi ilə SSRİ-yə təhvil verilirdilər.
M.Ramazanın yazdığına görə, İtaliyadakı əsirləri “sizi Kanadaya aparacağıq” vədi ilə Odessa limanında SSRİ-yə təslim ediblər.
Nəsiman Yaqublu bu barədə yazıb: “1945-ci ilin fevralında Berlində “Azərbaycan Milli Birlik Məclisi” üzvlərinin bir dəstəsi müşavirə keçirdi. Müşavirədə azərbaycanlı legionerlərin ingilis-amerikan qoşunlarının nəzarət etdikləri Şimali İtaliyaya köçürülməsi qərara alındı. Eyni zamanda qeyd olundu ki, ingilis-amerikan qoşunlarının Sovet ordusu ilə savaşacağı təqdirdə SSRİ-yə qarşı mübarizələrini davam etdirsinlər. Böyük çətinliklə Türkiyəyə gedən Ə. Qazıyev isə buradakı İngiltərə və ABŞ səfirləri ilə görüşüb, legionerləri Sovet hökumətinə verməməklərini xahişə cəhd etsə də, bu, baş tutmadı. Türkiyə polisi Ə.Qazıyevi həbs edir və digər əsirlərlə birgə Sovet hökumətinə təhvil verir”.
Buna görə də Azərbaycan Cümhuriyyəti liderləri və onların ailələri istər müharibə dövründə, istərsə də müharibədən sonra əsirlərin xilasına çalışıblar. Cümhuriyyət zabitlərindən Cahangir bəy Kazımbəy və həyat yoldaşı Valiyə xanım, eləcə də Zahid xan Xoyski də hərbi əsirlərin xilasına çalışıblar.
Zahid xan xatirələrində yazıb:
“Sovet ordusu 1944-cü ildə Polşada Varşava şəhərində dayandığı zaman məcburi olaraq ailəmlə bərabər Almaniyaya sığınmalı olduq. Məndən əvvəl Cahangir bəy və ailəsi də Vyanada idi. 1945-ci ildə bütün ailəmiz Avstriyanın Tirol şəhərində idi. Müharibədən sonra İtaliyada yerləşdik. Cahangir bəy Romada öz evində Azərbaycan Yardım Komitəsi təşkil etdi. İngilislərin əlində bir neçə yüz legiondan qalan əsgərlər var idi. Bunların aqibəti çox pis idi. Yaltada bağlanan anlaşma üzərinə ingilislər zorla sabiq Sovet əsgərlərini geri, Stalinə “hədiyyə” olaraq göndərdi. Nəticədə, Avstriyada Linzdə bir böyük kütlə (bir neçə yüz) qazax, Şimali Qafqaz və azərbaycanlıları zorla süngü altında, tanklarla qova-qova Stalinə verdilər. Bu tarixdə görülməyən rəzaləti edən münəffər ingilislər oldular. Bu kütlə arasında bizim polkovnik İsrafil bəy Seyfəli[ni], rus imperatorluğu dövründən mühacir olan Şimali Qafqazlı general Sultan Gərayı, rus general məşhur Krasnovu və bir çox əvvəlki mühacirləri haqsız, qanunsuz olaraq Stalinə verən ingilislər oldular. 1945-ci ildə Stalin bunları Moskvada asdı...
Roma ətrafında ingilis düşərgəsində yüzdən çox Azərbaycan əsiri vardı. İngilislər bunları geri, Stalinə verməyə hazırlaşırdı, bu xəbəri alan bizim Komitə dərhal ingilis komandanı ilə əlaqə yaratdı və əsirlərin verilməsini təxirə saldı. Komitə türk, Ankara məqamına və müsəlman olan Misir kralı Fərruxa müraciət edərək bu kütləni öz vətənlərinə almalarını rica etdi. Eyni zamanda, Cahangir bəy öz arvadını (mənim bacım Valiyə xanımı) təyyarə ilə İstanbula göndərdi. İstanbulda edilən hər cür təşviqlərə baxmadan, təəssüf, türk hökuməti Sovetlərdən qorxaraq səs çıxarmadı. 1947-ci ilin noyabr ayında Misir kralı Fərruxdan teleqraf gəldi. Teleqrafda: “Şahzadə Əmir İbrahim gəmi ilə yola çıxdı” yazılmışdı. Bir neçə gün sonra Romaya bizim evə (Cahangir bəyin evinə) kralın əmisi oğlu olan şahzadə Əmir İbrahim təşrif buyurdu. Danışıqlar və məsləhətlər bir neçə gün çəkdikdən sonra şahzadə Əmir İbrahim şəxsən gedib ingilis komandanı ilə görüşdü... nəhayət, gizli olaraq ingilislər qatara qoyub Napoli limanına yolladılar. Şahzadə Əmir İbrahim məni şəxsən Misirə dəvət edib özü ilə apardı. Qahirədə şahzadə məni kralın sarayına apardı. Mən Azərbaycan Komitəsi adından və ümumiyyətlə, azəri-türklər adından krala təşəkkür etdim...”.
Ramiz Abutalıbovun yazdığına görə, Azərbaycanın siyasi mühacirlərindən Ceyhun bəy Hacıbəyli, Nuşu bəy Zülqədərov, Məmməd Məhərrəmov və başqaları düşərgələrə gəlib əsirlərə tibbi və ərzaq yardımı göstərmiş, ilk Azərbaycan Cümhuriyyəti və onun mühacirətdəki liderləri haqqında danışmışdılar. Onlar, habelə sünnət olunduqları üçün yəhudi hesab edilən bir çox azərbaycanlını güllələnməkdən xilas etmişdilər. Bu, Azərbaycanda doğulmuş, özlərini azərbaycanlı kimi təqdim edən bir çox yəhudini də xilas etmişdi.