II Yazı
Əvvəli burada
Almaniyanın Azərbaycanı ələ keçirdiyi təqdirdə müstəqillik verməyəcəyini bildiyi üçün Hitlerin nazirləri ilə əməkdaşlıqdan imtina edən Məhəmmədəmin Rəsulzadə Almaniyada olduğu müddətdə azərbaycanlı əsirlərin ölümdən və əsarətdən xilas olmaları istiqamətində mühüm işlər görüb.
Aydın Balayev bu barədə yazıb: “Müharibənin əvvəlində almanlar sünnət olunmuş bir çox müsəlmanları, o cümlədən də azərbaycanlıları yəhudi hesab edərək güllələyirdilər. Rəsulzadə və mühacirətin digər nümayəndələrinin müdaxiləsindən sonra azərbaycanlı hərbi əsirlərin bu səbəbdən güllələnməsi faktiki olaraq dayandırıldı. Bu, bir çox yəhudinin də həyatını xilas etməyə imkan verdi. Belə ki, alman əsirliyində olan bəzi yəhudilər də özlərini müsəlman kimi təqdim etməyə başladılar”.
Rəsulzadənin bu dövrdə legionerlər qarşısında digər mühüm xidməti onları başqa xalqların azadlıq mübarizəsinə qarşı silah qaldırmamağa səsləməsidir.
1943-cü ildə legionerlər qarşısında etdiyi çıxışında onlara Almaniyanın Azərbaycana azadlıq verməyəcəyini də qeyd edib. Almaniyanın bütün təkliflərinə mənfi cavab verən Rəsulzadə bu dövrdə Buxaretsdə Türkiyə səfirliyinin himayəsində yaşasa da, Rusiya qoşunların Rumıniya sərhədlərinə yaxınlaşması səbəbindən Qərb müttəfiqlərinin nəzarətində olan Almaniyanın cənubuna gedib, əsirlərin SSRİ-yə qaytarılmasının qarşısını almaq məqsədilə Azərbaycan Demokrat Birliyinin (ADB) yaradılması təşəbbüsü ilə çıxış edib. Birlik 1946-cı ildə hərbi əsirlərə müraciət edərək onları Qərb ölkələrində qalmağa, milli təşkilatlar ətrafında birləşərək istiqlal davasına qoşulmağa çağırıb.
ADB-nin fəaliyyəti nəticəsində minə yaxın azərbaycanlı Avropa ölkələrində sığınacaq tapa bilib. Rəsulzadənin müraciətindən sonra Misir kralı Fərrux 600 azərbaycanlı əsirin ölkəsinə gətirilməsinə razılıq verib. 1947-ci ildə Rəsulzadə Münhendə “Azərbaycan tarixi” kitabını hazırlayır və kitab əsirlər arasında da yayılır.
Rəsulzadə prezident İsmət İnönünün 1947-ci il iyulun 8-də imzaladığı qərardan sonra Türkiyəyə qayıda bilib.
Rəsulzadənin təlimatı ilə qurulan ADB-nin başqanı legioner Məhəmməd Kəngərli idi. ADB-nin digər üzvləri bu şəxslərdir: Yusif Qəhrəman (başqan vəkili), Vahid Xasməmmədli (katib), Heydər Atak (mühasi), Dr.Fəyyaz Qasımoğlu (üzv), Dr.Əhməd Yaşat (üzv), Dr. İbrahim Badal (üzv). ADB-nin qurulmasında bir məqsəd də Müsavat partiyasının Almaniyada açıq fəaliyyət göstərə bilməməsidir. Kəngərli öz əl yazısı ilə “Azərbaycan mücahidlərinə çağırış” adlı bildiriş dərc edərək hərəkətə keçib.
Bildirişdə yazılıb:
“Əziz mücahidlər! Altı ildir davam edən ikinci cahan hərbi artıq sona yetdi: hərb, almanların məğlubiyyəti, qərb müttəfiqlərinin zəfəri ilə nəticələndi. Bizim mücadiləmiz isə davam edəcək, çünki, müqəddəs vətənimizi işğal altında tutan sovet kommunist rejimi müttəfıqlərin yanında yer almaq imkanına sahib oldu. Yurddaşlar! Müqəddəs vətənimizin bolşeviklər tərəfindən istilasından 21 il sonra ələ keçən bir fürsəti işin başlanğıcında bəzi səbəblərdən zühur edən xətalara rəğmən yaxşı qarşıladınız və əldə silah əbədi düşmənə qarşı döyüşlər verdiniz.
Vətən övladlarından şəhidlərimiz oldu, yerləri behişt olsun, hamısını hörmətlə yad edirik. Hərb qəhrəmanı gənclər! Siz tələsməyin, araqızışdıranların təbliğatlarına inanıb geri dönmək kimi tələsikliyi qəbul etməyin. Vətəndaşlar, məlumunuz olsun ki, sizlər “Ostministrliklərdə” işlədiniz, legionlar qurdunuz, cəbhələrdə silahlı cəng yapdınız, qəzet və jurnal buraxdınız, xalqımız üçün şərəfli xidmətlər göstərdiniz, qəhrəmanlıqlar etdiniz, dəvətə inanmayın, çünki, hamınız onlara görə vətən xaini və hərb günahkarı sayılacaqsınız. Bunun da cəzasını hamınız bilin. Vətən həsrətinə köks gərin. Olduğunuz ölkələrdən ayrılmayın, milli təşkilatlarımız ətrafında birləşin, bundan aldığınız güclə də mücadilənizi davam etdirin. Əski nəsil bu davanı 26 ildir belə yürüdür. Ana vətən Türkiyə də sizin arxanızdadır. Hər zamankı kimi sayıq olun. Özünüzə müvəqqəti yaşayacağınız bir ölkə seçin. Biz sizin Türkiyəyə hicrət etmənizə kömək edərik, fəqət Amerikaya da gedə bilərsiniz, orası da elə lap yaxşı ictimai sistemi olan məmləkətdir. Yurddaşlar, yurdumuza dönənə qədər yaşayacağınız ölkələrdə sizə bəxtiyar olmanızı diləyirik. Bu vəsiqə ilə qısa adı “ADB” olan “Azərbaycan Demokrat Birliyi” ətrafında birləşməyə çağırırıq”.
1947-ci ilin qışında Almaniyanın Mittenvald düşərgəsindəki 101 azərbaycanlının almanlar tərəfindən məcburi şəkildə Melrichstadtda SSRİ-yə təhvil verilməsinin qarşısını Kəngərli alıb. Amerika hərbçiləri ilə danışıqlar aparan Kəngərli onların Amerika işğal bölgəsində qalmasını təmin edib. Bu hadisə alman mətbuatında “101-lər edamdan döndü” başlığı ilə verilib. Kəngərlinin təşəbbüsü ilə 1948-ci il mayın 28-də Münhendə Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 30-cu ildönümü qeyd olunub. ADB 1951-ci ildə üzvlərinin Türkiyəyə gəlməsi səbəbindən fəaliyyətinə son verib.
Hərbi əsirlərin xilası ilə bağlı Azərbaycan Cümhuriyyəti xadimlərindən Abbas bəy Atamalıbəyovunda rolu olub. Abbas bəy xatirələrində yazıb:
“1942-ci ilin iyun ayınadək işğal olunmuş Parisdə qalaraq mən alman komandanlığı ilə heç bir əlaqədə olmadım. Məhz 1942-ci ilin iyun ayında, Baron Şulenberqin dəvəti ilə (mən onu hələ Qafqazdan tanıyırdım. O dövrdə Tiflisdə baş konsul işləyirdi, 1944-cü ildə Hitlerə sui-qəsd edənlərin içərisində aktiv olduğu üçün edam edildi) mən Berlinə getdim və orada Türkiyədən gələn və Almaniyada olan həmvətənlərimlə görüşdüm. Onların xahişi ilə mən haqqında söhbət gedən məsələ ilə məşğul olmağa başladım. 1941-cü ilin qışında əsir düşərgələrində olan azərbaycanlıların sayı 45 minə yaxın idi. Mən bir neçə dəfə Almaniyaya getdim.
Bir çox həbs düşərgələrini gəzə bildim, müxtəlif yerlərdə və əksər hallarda mən öz həmvətənlərimi tapa və onların həyatını xilas edə bildim. Beləliklə, mən Berlində 1945-ci ilin aprelinə qədər, Almaniyanın süqutuna qədər qaldım və qafqazlı həmkarlarım ilə (erməni, şimali qafqazlı, gürcü) həmvətənlilərimi təhlükəli zonalardan çıxarıb, nisbətən döyüşlər az gedən ərazilərə - Şimali İtaliya, Vürtemberq, Bavariya - keçirdim. O dövrün şəraitində bu çox çətin, qorxulu və təhlükəli bir iş idi; çünki, texniki çətinliklərdən savayı - nəqliyyat, ərzaq təchizatı, administrativ işlər və s. - bu iş bir tərəfdən fasiləsiz surətdə baş verən saysız-hesabsız bombardmanlar, o biri tərəfdən isə tutularaq həbs düşərgəsinə salınma (bu ən yaxşı hal idi), ya da ki gestaponun əlinə düşmə təhlükəsi altında görülürdü.
Bütün bu dövr ərzində mənim ailəm - arvadım və 23 yaşlı oğlum (1945-ci ilin martında orduya çağırılıb və bu sətirlər yazılanda hərbi xidmətini davam etdirirdi) Fransada qaldılar. Yalnız öz missiyamı başa vurduqdan sonra mən Almaniyanı 1945-ci ilin aprelində tərk etdim. Və Berlində olduğum dövrdə əlaqə saxladığım Qırmızı Xaç Cəmiyyətinin dəvəti ilə İsveçrəyə qayıtdım.
Hələ 1945-ci ilin yanvarında mən Cenevrəyə gələrək öz həmvətənlərim barədə məlumat vermiş və iki həftə sonra yenidən Almaniyaya qayıtmışdım. Lakin müharibənin qurtarması ilə işlər qurtarmadı. Doğrudur, həmvətənlərimin və digər qafqazlıların bir hissəsi vətənə qayıtdısa, digər bir hissəsi ya qayıtmadı, ya da ki bu və digər səbəbdən qayıtmaq istəmədi. Almaniyada, İtaliyada, İsveçrədə (burada onlar təxminən 400 nəfər idi) qalan azərbaycanlıların dəqiq sayı məlum deyil. Dəqiq statistika yox idi. Hər halda, onların sayı bir neçə min idi. Onların taleləri qaranlıq idi. Elə ölkə tapmaq lazım idi ki, bu yeni immiqrantları qəbul etməyə razılıq versin. Mən Beynəlxalq Qırmızı Xaç və ABŞ-ın humanitar təşkilatları ilə (məsələn, UMSA) danışıqlar aparırdım, hal-hazırda da məhz bununla məşğulam. Nəzərə alaraq ki, azərbaycanlılar müsəlmandır, mən onları müsəlman ölkələrinə göndərmək imkanını da nəzərdə tuturam. Məsələn, Türkiyə, ərəb ölkələri və s. Heç şübhəsiz ki, bu ölkələr razıdırsa və müsbət cavab təqdirində bilmək lazımdır ki, bu və digər ölkə neçə nəfər qəbul edə bilər. Və hansı ixtisas sahibləri onlara əl verir...”.
Ardı var...