Qazaxıstanlı rejissorların 44 günlük Vətən müharibəsinə həsr olunan filmi CBC televiziya kanalı ilə yayımlanıb.
Teleqraf.com xəbər verir ki, “Qarabağ – geri dönən xoşbəxtliyim” filmi bu ölkədə Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk belə əhatəli sənədli filmdir.
Ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir. Filmdə Qarabağın azadlığının rəmzi olan “Xarı bülbül” haqda ətraflı məlumat verilib.
Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film qazaxıstanlı politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.
Qeyd edək ki, 10 nəfərlik nümayəndə heyətinin ölkəmizə səfəri Qazaxıstanın Almatı şəhərindəki Azərbaycan icmasının dəstəyi ilə Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunub. Bundan əvvəl filmin təqdimatı Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində keçirilib.