“Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təsis toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, toplantıda “Təhsil”, “Altun”, “Hədəf”, “Parlaq İmzalar”, “Alatoran”, “Qələm”, “Qədim Qala”, “Ağıllı bala”, “Çapar”, “XAN”, “Çinar”, “BookZone” nəşriyyatlarlarının rəhbərləri iştirak ediblər.
İdarə Heyətinin yekdil qərarı ilə iclasda “Hədəf” Qrupun baş direktoru Şəmil Sadiq ANİB-in sədri, “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariq isə sədrin müavini seçiliblər.
Birlik qarşıdakı üç ay üçün fəaliyyət planı hazırlayıb:
1. Birliyin sənədləri Ədliyyə Nazirliyinə təqdim ediləcək;
2. Mədəniyyət Nazirliyinə təqdim olunacaq təkliflər paketi hazırlanacaq;
3. Azərbaycanda fəaliyyət göstərən bütün nəşriyyatların birlik ətrafında birləşməsi məqsədilə müraciətlər hazırlanacaq;
4. Bu ilin mart ayında Türkiyədə keçiriləcək 6-cı İstanbul Beynəlxalq Nəşriyyatlar toplantısına (“2021 International Istanbul 6th Fellowship Program”) hazırlıq işləri görüləcək;
5. Periodik olaraq kitab sərgilərinin keçirilməsi üçün əlaqədar orqanlarla danışıqlar aparılacaq. Bu ilin sentyabrında Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisinə hazırlıq görüləcək.
Ş.Sadiq açıqlamasında qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən bir qrup nəşriyyat sahibi bir ildən müzakirələr aparıb və sonda "Azərbaycan Nəşriyyatları" İctimai Birliyinin yaradılması ilə bağlı təsis toplantısı keçirilib:
“Son illər ölkəmizdə bir çox sahələrlə yanaşı, nəşriyyat sektorunun da inkişafı göz önündədir. Yerli kitab bazarında canlanma artdıqca meydana çıxan problemlərin birgə həll olunmasına ehtiyac yaranmışdı. Nəşriyyatların birgə fəaliyyətini şərtləndirən problemlər bir deyil, iki deyil: daxili bazarda piratçılıqla mübarizə, müxtəlif informasiya platformalarında kitab təbliğinin, respublikanı əhatə edən vahid kitab satış şəbəkəsinin yoxluğu, bölgələrdə yaşayan oxucularla nəşriyyatlar arasında qopuqluq, müstəqil kitab mağazalarının azlığı, kitab sərgiləri, satış yarmarkalarının paytaxt və bölgələrdə vaxtlı-vaxtında təşkil olunmaması, yerli müəlliflərin dünya kitab bazarına çıxmasında yaşanan çətinliklər, tərcümə, redaktə, korrektə sahəsində birgə fəaliyyətin olmaması, eləcə də digərməsələlər nəşriyyatların birgə fəaliyyətini zəruri etməkdədir”.
Sədr vurğulayıb ki, Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq üçün yerli nəşriyyatların birlikdə fəaliyyət göstərməsinə ehtiyac yaradıb.