Beynəlxalq Türk Akademiyası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi 880: Dünya irsinə töhfəsi” adlı veb-konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, "Nizami və onun irsi", "Nizami və dünya 2021-ci ildə"adlı iki paneldə keçirilən konfransda Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri – Latviyanın keçmiş prezidenti Vaira Vike-Freiberga və Dünya Bankının keçmiş vitse-prezidenti, Misirin İsgəndəriyyə Kitabxanasının qurucu direktoru İsmayıl Serageldin, İslam Əməkdaşlıq Təşkilatının keçmiş Baş katibi Ekmeleddin İhsanoğlu, ISESCO-nun keçmiş Baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, Mavriki Respublikasının keçmiş prezidenti Amina Gurib-Fakim, Ekvador Respublikasının keçmiş prezidenti Rosalia Arteaga Serrano, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qırğızıstanın keçmiş Baş naziri Joomart Otorbayev, Türkiyəninkeçmiş xarici işlər naziri Hikmət Çətin, ABŞ-ın Wisconsin-MadisonUniversitetinin professoru Uli Şamiloğlu, habelə, Kanada, Hindistan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən nüfuzlu alim tədqiqatçılar, nizamişünaslar geniş məruzə ilə çıxış ediblər.
"Nizami və onun irsi" panelinə moderatorluq edən ISESCO-nun keçmiş Baş direktoru Əbdüləziz Osman əl-Tüveycri bildirib ki, Nizami Gəncəvi dünya ədəbi irsinin ən böyük nümayəndələrindən biridir. Onun misilsiz poetik yeniliklər və ümumbəşəri mövzular daşıyan əsərləri Azərbaycanın hüdudlarından kənara çıxıb və bir çox ölkələrin ədəbiyyatına təsir göstərib. 2021-ci ilin Azərbaycan Prezidenti tərəfindən "Nizami Gəncəvi ili" elan edilməsi çox vacib bir addımdır.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli isə bildirib ki, Azərbaycan Prezidentinin qərarını dəstəkləyərək, Türk Akademiyası 2021-ci ili bütün Türk dünyasında “Nizami İli” elan edib və bununla bağlı yubiley tədbirlərini təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil edib. Onun sözlərinə görə, Nizami Gəncəvi insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk-İslam dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib. Nizami bütün Şərqdə yeni bir ədəbi məktəbin əsasını qoyub. Ondan sonra Nəsimi, Füzuli, Əlişir Nəvayi başda olmaqla yüzlərlə şair və yazıçı böyük mütəfəkkirin yaradıcılığından təsirlənərək nəhəng əsərlər yaradıb, onun mütərəqqi fikirlərini inkişaf etdiriblər.
ƏTRAFLI
Endirim Saatları
Latviyanın keçmiş prezidenti Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının qurucu direktoru İsmayıl Serageldin və digərləri qeyd ediblər ki, Nizaminin əsərləri yaşadığı dövrdə olduğu kimi indi də öz aktuallığını qoruyub saxlayır. Şairin “Xəmsə”sinə daxil olan və hər misrasından müdriklik, hikmət, nəsihət hasil olan əsərlərin hər biri bu günümüzlə səsləşir. Çünki şair əsərlərində haqq, hüquq, humanizm, ədalətli cəmiyyət və adil dövlət ideyalarını təbliğ edir. Ədalət olmayan yerdə insanlığın məhv olacağını söyləyir. Buna görə də onun yaradıcılığının tədqiqi və dünya miqyasında təbliği prioritet olmalıdır.
Çıxışlarda vurğulanıb ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliği baxımından “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platforması formalaşdıra, böyük mütəfəkkirin irsinin daha ətraflı tədqiqinə önəmli töhfə verə bilər. Bununla yanaşı, Nizami irsini dünyada daha yaxşı təbliğ etmək üçün elmi məqalələr və araşdırmalarla yanaşı, qısametrajlı sənədli filmlərin çəkilməsinə də ehtiyac olduğu qeyd olunub.
Konfransda məruzələrlə yanaşı, Nizami irsinin təbliği istiqamətində müzakirələr və aktiv diskussiyalar aparılıb.