Rezident olmaq üçün 20-dən artıq investisiya təklifi gəlib
Üç il əvvəl İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılan Sumqayıt Kimya Sənaye Parkının ərazisi 166,6 hektardan 295,5 hektara kimi genişləndirilib. Sənaye Parkının Baş Planına əsasən, ərazidə nəzərdə tutulan geniş infrastruktur şəbəkəsi, o cümlədən SKSP-nin ərazisinə fiberoptik kabelin çəkilişi tamamlanıb və elektron avtomat telefon stansiyasına qoşulma işləri aparılır.
Parkın sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın və Peşə Tədris Mərkəzinin tikintisinə yaxın zamanlarda start veriləcəyi bildirilir. Ümumilikdə, bütün sahələr üzrə inşaat işləri qrafikə uyğun aparılır. Sənaye Parkının 1-ci fazasının infrastrukturunun tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Parkın fəaliyyətinin təşkili istiqamətində layihə-tikinti işləri ilə paralel olaraq təbliğat-təşviqat işləri aparılır, investorların cəlb olunması, xarici sənaye parkları ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır.
Artıq Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən 20-dən artıq investisiya təklifi daxil olub və onlar Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq niyyətini bildiriblər. Layihələr əsasən qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən polimerlərin istehsalını nəzərdə tutur.
Bununla yanaşı SKSP-də yeni sənaye müəssisələrinin yaradılması məqsədilə Fransa, Yaponiya, Çin, İtaliya, Almaniya və Avstriyanın müxtəlif təşkilatları, şirkətləri və diplomatik nümayəndəlikləri ilə bir sıra görüşlər keçirilib.
Eyni zamanda aparıcı ölkələrin təcrübəsinə əsasən Sumqayıt Kimya Sənaye Parkının ərazisində biznes inkubatorların fəaliyyətinin təşkili ilə əlaqədar inkişaf konsepsiyasının layihəsi hazırlanıb. Aparılan danışıqların nəticəsi kimi, bu ilin mayın 12-də sənaye qazlarının istehsalı üzrə tanınan Fransanın “Air Liquied” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında sənaye qazlarının istehsal imkanlarının araşdırılması, potensial alıcıların və yerlərin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sumqayıt Kimya Sənaye Parkının investorlar üçün cəlbediciliyinin daha da artırılması məqsədilə burada qeydiyyatın “bir pəncərə” sistemi ilə aparılması məqsədilə zəruri təşkilati işlərə start verilib. Dövlət Gömrük Komitəsi ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında elektron sistemin inteqrasiya prosesi başa çatdırılıb. Vergilər Nazirliyi ilə də analoji proses üzrə işlər davam etdirilir.
Sumqayıt Kimya Sənaye Parkı regionda fəaliyyət göstərən sənaye parkları arasında ən cəlbedici imtiyazlar portfelini təklif edir. Rezidentlər qeydiyyata alındığı andan 7 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən, habelə SKSP-yə istehsal məqsədi ilə idxal etdikləri avadanlığa görə ƏDV-dən azad olunurlar. İnvestorlara mənfəətin repatriasiyası imkanına təminat verilir.
Naibə QURBANOVA