İşğaldan azad olunmuş ərazilərə nəzarət Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətindədir. DİN qadağan olunmuş ərazilərə insanların daxil olmasının qarşısını almağa maksimum cəhd edir. Xeyli belə halların qarşısı alınıb. Paralel olaraq minadan təmizləmə prosesi Fövqəladə Hallar Nazirliyi, ANAMA və türk qardaşlarımızın dəstəyi ilə tərəfindən həyata keçirilir. Ölkə başçısının göstərişinə uyğun olaraq müvafiq texnologiya Azərbaycana alınıb gətirilib.
Bunu Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, erməni faşistlər Azərbaycan ərazisini tam olaraq minalayıblar və minalanmış ərazilərin xəritəsini vermirlər: "Bu isə humanitar hüquq normalarına ziddir. Nədənsə beynəlxalq təşkilatlar bu məsələyə susurlar, hesabatlarda bununla bağlı hər hansı məlumata rast gəlmirik. Hesab edirəm ki, bu, beynəlxalq təşkilatların ikili standartlarının növbəti nümunələrindən biridir.
Digər tərəfdən, təəssüf ki, rus sülhməramlıları da bu məsələdə susqunluq nümayiş etdirirlər. Rusiya tərəfi, hesab edirəm ki, 10 noyabr sazişini yerinə yetirməli olduğu öhdəliklər arasında bu istiqamətdə də çalışmalıdır. Biz bilmirik, daha nələr baş verəcək. "İsgəndər" raketlərinin Şuşada tapılmasının şahidi olduq. Hansı ölkənin istehsal etdiyi minalar varsa, parametrləri verilsə, ona əsasən tədbirlər görülə bilər".
Əliməmməd Nuriyev vətəndaşlara müraciət edərək, minalanmış ərazilərə getməyin təhlükəli olduğunu bildirib: "Azərbaycan rəsmi strukturları vətəndaşlara xəbərdarlıq ediblər ki, həmin ərazilərə gəlməsinlər. Prezidentin tapşırığına əsasən böyük işlər görülür. İşğaldan azad olunmuş ərazilərin təmizlənməsi, əhalinin orada məskunlaşması ilə bağlı iş aparılır. Xeyli nəticələr var.
Çox təəssüf ki, bəzi insanlar tələskənlik nümayiş etdirir. Başa düşürəm, uzun müddətdən sonra doğma torpaqlar geri qayıdıb. Lakin bu addımlar onlar üçün təhlükə yarada bilər. İndiyə qədər erməni faşistlərin basdırıdığı minalar səbəbilə 100-dən artıq şəxs həlak olub. Bu da onların faşist siyasətinin nümunəsidir".
Ekspert hesab edir ki, minalanmış ərazilərə səfərlərin təhlükəli olması haqqında maarifləndirmə işləri aparılmalıdır: "Qadağan olunmuş ərazilərə daxil olmaq qaydaların pozulmasıdır. Bu, ağır nəticələrə gətirib çıxara bilər. O ərazilərə daxil olmaqla insanların həyatı təhlükə altına atılır. Qanunvericilikdə sərt tədbirlər nəzərdə tutulmalı, dəyişikliklər edilməlidir.
Eyni zamanda mütəmadi olaraq məlumatlandırılma aparılmalıdır. Xəbərdaredici, informativ işlər davam etdirilməlidir. Təklif edirəm ki, bunun üçün ayrıca sayt açılsın, minalanmış ərazilər qeyd edilsin, vətəndaşlar bu ərazilərə daxil olmağın onlar üçün təhlükəli olduğunu oradan öyrənsinlər".