Gənc azərbaycanlı ixtiraçı, dünyada şöhrət qazanan Reynerci (Rainergy) startapının təsisçilərindən biri olan Reyhan Camalova Amerikada qeydiyyatdan keçdiyi və qəbul cavabı aldığı universitetlərin siyahısını paylaşıb.
Teleqraf.com ixtiraçının paylaşımını təqdim edir:
“Bu gün Amerika universitetlərindən qeydiyyatdan keçdiyim son universitetin - Stanford Universitetinin - nəticəsi açıqlandığı üçün artıq qəbul aldığım universitetlərin siyahısını paylaşaraq sizinlə öz sevincimi bölüşmək istəyirəm.
1. Stanford Universiteti
2. Pennsylvania Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul almışam.
3. Duke Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə) - Martın ortasında erkən qəbul (likely letter) aldım.
4. Brown Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə)
5. Amherst Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri oldum.
6. Toronto Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences)
7. Toronto Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA)
“İnanıram ki, bu universitetlər arasında seçəcəyim təhsil ocağında qazanacağım biliklər, təcrübələr və əlaqələr ilə özümü cəmiyyətə faydalı, vətənimə və dünyaya xeyirli qlobal bir lider kimi yetişdirəcəyəm”- deyə Reyhan Camalova əlavə edib.
Məlumat üçün bildirək ki, Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edən ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Tramp (Ivanka Trump) azərbaycanlı 15 yaşlı ixtiraçı Reyhan Camalovanın ixtira etdiyi “Rainergy” qurğusunun bütün cəmiyyətə böyük xeyir gətirəcəyini deyib.
Bundan başqa, azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova ABŞ-ın məşhur “Forbes” jurnalının istehsal və enerji sənayesi sahəsində 30 yaşınadək olan 30 ən perspektivli iş adamı və ixtiraçıları reytinqinə daxil edilib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva R.Camalovanı qəbul edərək uğurlarına görə onu təbrik etmişdi.