17 Aprel 2021 12:20
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda universitetlərin özlərinin öz tələbələrini seçməsi ilə bağlı sualı cavablandırıb.

Teleqraf.com-un məlumatına görə, o, feysbuk sosial şəbəkəsi üzərindən verdiyi cavabda bildirib ki, bu arqumenti gətirənlər ölkədə mərkəzləşmiş qəbul sisteminin tətbiqinin əsas səbəblərini unudurlar:

"Bu sistem tətbiq olunana qədər ali məktəblərə qəbul sistemində subyektivlik, o cümlədən qohumbazlıq, favoritizm və digər növ bariz korrupsiya hallarının tüğyan etməsi heç kimə sirr deyildi. Qeyd olunan neqativ hallarla yanaşı, sistemin mahiyyətindən irəli gələn vahid standart və meyarların olmaması da qeyri-obyektiv qiymətləndirməyə və nəticə etibarı ilə ədalətsizliklərə səbəb olurdu. Nəzərə alınmalıdır ki, istənilən cəmiyyətdə asan yolla öz istəklərinə nail olmaq istəyən insanlar sistemdəki boşluqları sürətlə müəyyən edir və ondan istifadə edirlər. Bu cür boşluqları olan sistemdə cəmi bir neçə pis niyyətli şəxsin olması kifayətdir ki, bütün akademik ictimaiyyətin etibarını şübhə altına qoysun və vətəndaşların dövlətə olan inamını zədələsin. İnsan faktorunun təsirini minimuma endirən, aydın standartlara əsaslanan avtomatlaşdırılmış şəffaf qiymətləndirmə və seçmə sistemi qeyd olunan neqativ halları demək olar ki, tamamilə ortadan qaldırdı".

M. Abbaszadə əlavə edib ki, yaxşı planlaşdırılmış mərkəzləşmiş sistemlərin tətbiqi yerlərdə korrupsiyanın qarşısını almaq və vahid xidmət standartlarının tətbiqi baxımından səmərəli yanaşmadır: “Buna ən uğurlu nümunələrdən biri kimi ASAN Xidməti göstərmək olar. İlk baxışdan bir-birindən tamamilə fərqli olan orqanların üst-üstə düşən funksiyalarının bir xidmət çərçivəsində birləşdirilməsi xidmət səviyyəsinin ciddi şəkildə yüksəlməsinə səbəb oldu. Burada həm ideyanın mükəmməlliyini həm də effektiv keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqini qeyd etmək lazımdır”.


Müəllif: Teleqraf.com