Bu gün Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup qəhrəmanla və arxa cəbhədə fəallığı ilə seçilmiş jurnalistlərlə karantin rejiminin tələblərinə uyğun olaraq görüş keçirib.
Teleqraf.com xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini Adil Əliyev tariximizin Şanlı səhifəsi olan Vətən müharibəsindən söhbət açaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsinin hər bir azərbaycanlıda qürur hissi doğurduğunu diqqətə çatdırıb.
Bildirib ki, Ulu öndər Heydər Əliyevin dövründə başlanmış ordu quruculuğu, yüksək ixtisaslı hərbi qulluqçuların hazırlanması və hərbi sahəyə göstərilən diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi öz uğurlu nəticəsini verdi.
Vitse-spiker ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, idmanda kütləviliyin təmin edilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, müharibədə qazanılan böyük qələbədə hərbçilərimizin fiziki hazırlığının da mühüm rol oynadığını qeyd edib.
Adil Əliyev qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü yerinə yetirən Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Milli Məclis Sədrinin müavini Vətən müharibəsi zamanı dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın istər döyüş meydanında, istərsə də arxa cəbhədə fəal iştirakını, xüsusilə gənclərimizin həm cəbhədə, həm də informasiya müharibəsində fəallığını yüksək qiymətləndirib.
Adil Əliyev diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası, habelə şəhid ailələrinin və qazilərimizin qayğı ilə əhatə olunması qarşımızda dayanan əsas vəzifələrdəndir.
Görüş iştirakçıları səmimi görüşə görə təşəkkürlərini bildirərək, bundan sonra da fəaliyyət göstərdikləri sahələrdə ciddi səylə çalışacaqlarını, ölkəmizin daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıblar.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.