27 May 2021 14:10
340
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki ilə yaxındır ki, məscidlər pandemiya səbəbindən bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə iyunun 10-dan etibarən dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa ediləcək. Bu qərar bütün dindarları sevindirdi”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay deyib.

Hacı Surxay bildirib ki, say məhdudiyyəti ilə namazların qılınması normal qəbul edilir:

“Bu, o demək deyil ki, 50 nəfərin hamısı bir yerdə namaz qılacaq. İnsanlar növbəli və mərhələli şəkildə maska taxaraq, sosial məsafə qaydalarına riayət edərək namazlarını qıla biləcəklər. Ümid edirəm ki, gələcəkdə yumşalma tədbirlərinin fəaliyyəti genişləndikcə ibadət üçün gələnlərin say məhdudiyyəti artacaq. Yəni, Cümə namazları növbəli qılınacaq. Digər məsələlər isə proses zamanı tənzimlənəcək”.

QMİ rəsmisi hesab edir ki, bu gün üçün ibadət edilməsi üçün 50 nəfər say tələbi qənaətbəxşdir:

“Axundu olduğum İçərişəhərdə məscidində insanların giriş-çıxışına nəzarət üçün müvafiq göstərişlər verilib. Hətta ibadətə gələnlərin hərarətinin ölçülməsi üçün cihaz da alınıb. Cümə namazları zamanı adətən sıxlıq müşahidə olunur. Bu səbəbdən həmin gün insanların növbəli şəkildə içəri girməsi təmin ediləcək. Hesab edirik ki, hər bir inanclı insan bizim tövsiyələrimizə əməl ediləcək”.

“Ötən gündən başlayaraq QMİ sədrinin tövsiyələrinə uyğun olaraq ölkədə fəaliyyət göstərən məscidlərdə lazımi işlərə başlanılıb. Onsuz da məscidlər təmiz olur, amma yenə də təkrar olaraq təmizlənir. Məscidlərə ibadətə gələn şəxslər maskadan istifadə edəcək, sosial məsafə qorunacaq, tibbi spirtlərdən istifadə təşkil ediləcək. Həmçinin dindarlar pak və dəstəmaz alaraq məscidə gəlir”, - din xadimi fikirlərinə əlavə edib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər